Nə vaxtsa ağı qaradan seçməyin vaxtı gələcək
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Qəbul edilən qaydaya və bərqərar olunan ənənəyə uyğun olaraq yuxarıda müzakirə olunan bu giriş bu mədh-tərifdən sonra başa çatdırılmalı idi. Lakin, göründüyü kimi, sonralar qadın simalarının tipologiyası əlavə olundu ki, bu da girişin kompozisiya çərçivəsini pozur. Mənim fikrimcə, mövcud qaydanın pozulmasına səbəb o olmalıdır ki, Dədə Qorqud rəvayətlərində diqqətəlayiq yerlərdən birini tutan elə qadınların öz mövzusudur. Deyərdim ki, Oğuz xalqının həyat və əxlaq məcəlləsinin əhatə olunduğu giriş də bu məcəllənin əsas komponentlərindən olan qadın problemi əks olunmalı idi. Buna görə də girişin müəllifi, istərsə də həmmüəllifi bu mövzuya xələl yetirmiş və mövcud ədəbi qanunu heçə saymamaqla girişi ona bağlamış və bununla bu rəvayəti bir daha başa çatdırmışdır. Halbuki, bir mühüm fakt da diqqətəlayiqdir: Bu son hissəni –qadınların tipologiyasını Dədə Qorqud nəinki bizə təqdim edir, eləcə də öz xanına filan ozan qadınların müsbət, istərsə də mənfi növlərini xarakterizə edir. O da diqqətəlayiqdir ki, qəhrəmanlıq eposunda təsvir olunan qadın simaları filan ozanın tipologiyasına uyğun gəlir ki, bu da, eləcə də ondan xəbər verir ki, girişin sonunda son hissə sonradan əlavə olunub. İstər elə olsun, istər belə, bu naməlum ozanın qadınların xarakterizə etməsi müəyyən mənada bu məsələyə qarşı türk xalqının bir növ münasibətində öz əksini tapmalıdır. Bu epiloqa toxunmağımı məqsədyönlü hesab edirəm. Bir sözlə, ozanın baxışı ilə qarılar dörd dürlüdür:
“Birisi solduran sopdur.
Birisi dolduran topdur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən, bayağıdır” (K.D.Q., səh. 32, D.K.K., səh. 2;O.D.D.K.K. səh. 31):
Sonra bu soydan olan qadınların xasiyyətmanəsi verilib: “Evin dayağı” oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır.
İkinci soydan olan “ol kim, solduran sopdur, sabadanca yerindən uru durar, əlin-yüzin yumadan doquz bazlammac ilən bir küvlək yoğurd gəvəzlər, doyunca tıqa-basa yer, əlin bögrinə urar, aydır: “Bu evi xarab olası! Ərə varalıdan bərü daxı qarnım doymadı, yüzüm gülmədi, ayağım başmaq, yüzüm yaşmaq görmədi”, -deyər”. “Nolaydı, bu öləydi, birinə dəxi varaydım, umarımdan yaxşı-uyar olaydı”, - deyər... Ocağına buncılayın övrət gəlməsün.
Üçüncü, “ol kim, dolduran topdur, dəpidincə yerindən uru durdı, əlin-yüzin yumadan obanın ol ucından bu ucına, bu ucından ol uca çarpışdırdı, quv quvaladı, din dinlədi, öylədəncə gəzdi, öylədən sonra evinə gəldi, gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış, tavuq komasına, sığır damına dönmiş, qonşularına çağırar ki, Yetər! Zəlihə! Zübeydəl Ürüveydə-can, qız-can! Paşa! Ayna Mələk! Qutlu Mələk! Ölməgə-yitməgə getməmişdim, yatacaq yerim genə bu xarab olasıydı, nolaydı bənim evimə bir ləhzə baqaydınız “Qonşu haqqı-Tafirı haqqı” deyü söylər. Bunun kibinin, xanım, bəbəkləri yetməsün. Ocağına bunun kibi övrət gəlməsün.
Nəhayət, ol kim, “necə söylərsən, bayağidir: ötə yazıdan-yabandan bir udlu qonuq gəlsə, ər adam evdə olsa, ana disə ki, dur ətmək gətir, yiyəlim, bu da yisün, disə bişmiş ətməgin bəqası olmaz, yimək gərəkdir, övrət aydar: “Neyləyəyim, bu yıqılacaq evdə un yoq, ələk yoq, dəvə dəgirməndən gəlmədi” - deyər”. “Nə gəlürsə, bənim sağrıma gəlsün”, - deyü əlin götinə urur, yönin anaru, sağrısın ərinə döndürür. Bin söylərsin, birisini quymaz, ərin söziri qulağıma qoymaz. Ol, Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi sizi, xanım, Allah saqlasun! Ocağınıza buncılayın övrət gəlməsün”.
Bu qadınlarım tipologiyası barədə nəyi demək mümkündür? Hər şeydən öncə, nəyisə artıq qeyd etdim, o, türk xalqının Orta əsrlərin gerçəkliyində mövcud olan görüş dairəsini əks etdirir. İkinci də, bu, bədii olaraq canlandırılmış müxtəlif xüsusiyyətlərə malik qadının obrazıdır və olduqca çox elastik şəkildə onların təbiəti verilmişdir. Lakin, elə buradaca qeyd etməliyəm ki, bu cür soydan olan qadınlar erkən vaxtlardan bəri mövcud idilər və bu gün də mövcuddurlar. Halbuki, unutmamalıyıq ki, qadın dəyərləndirilib, hər şeydən öncə, onunla ki, necə ailəcanlıdır, necə evdardır, öz ərini necə sevir və ən başlıcası, necə qonaqpərvərdir. Göründüyü kimi, oğuzlar bu sonuncu xüsusiyyətə böyük diqqət yetirirdilər.
Sonda, yuxarıda qeyd etdiyim kimi, “Dədə Qorqud”un girişində əla elastiklik və “kəsə demək” prinsipi ilə islamın əsas doktrinasının məğzi, oğuzların ən qədim həyat tərzləri, onların etik-estetik görüş dairələri, onların döyüşə aid baxışları barədə, düşmən və dost barədə, onların ana-ovlad və ümumiyyətlə, quşların, istərsə də heyvanların (maral, vəhşi eşşək, dəvə, tülkü, torağay, at, qatır və sair.) insanların xüsusiyyət və qabiliyyəti barədə baxışları verilib. Başlıcası odur ki, təhkiyə, istərsə də mahnılar əla sadəliyi ilə və eyni zamanda emosiya təzyiqinin gücü ilə xarakterizə olunur ki, bunu da oncə müqayisələr və təşbehlər, ahəngdar dinamika, söz başlanğıclarının, istərsə də sətrin sonunun afikslərinin, sözlərinin, cümlələrinin təkrarı şərtləndirir. Bu barədə də aşağıda daha geniş söhbət etməli olacağıq və burada bir daha dayanmıram.
İndi isə “Dədə Qorqud”un özünün kompozisiya quruluşuna toxunaq. Bu da ki, artıq qeyd etdiyimiz kimi, 12 boydan ibarətdir və onların motivasiyasını və etik-estetik moduslarını gözdən keçirək. Oxucunun sezdiyi kimi, yuxarıda mən etik-estetik kateqoriyanı həmişə xatırlayıram ki, bu da Orta əsrlərin xalq, istərsə də klassik bədii ədəbiyyatında etik və estetik kateqoriyalar bir qavrayışın düzənliyində üzərə çıxır və həmin vaxtlar o, etik olduğu kimi, eləcə də estetikdir. Qısası, əxlaqi estetik heyranlığı əhatə edirdi, estetik təməldəcə mənəvini nəzərdə tuturdu. Qısası, qeyri-əxlaqi estetik düzənliyin məkanından qovulmuşdu. Və əgər hər halda qeyri-əxlaqi özünü büruzə verirdisə, o yalnız kontrast fonunu, qara rəngini yaradırdı, bu rəngin fonunda aydınlığın gözəlliyini daha açıq şəkildə qavrayırıq və yaxud həqiqi gözəlliyi, onun yenilməzliyini hiss edirik.
“Dirsə xan oğlu Buğac xan boyu” başlıqlı birinci hekayətin əsas mövzusu oğlanın anadan olması və ata-oğul, ana-oğulun mənəvi və qan qohumluğu əlaqələridir. Lakin xeyirxah əlaqələrdə xainlik özünü büruzə verən kimi, yaxud aydınlığa qaranlıq kölgə salan kimi labüd şəkildə bədbəxtlik baş verir. Məhz elə bu aydınlıq və qaranlıq fonunda süjetin və semantik strukturun sınığı bu cürdür:
Xanlar xanı xan Bayındır ildə bir kərə toy edib, Oğuz bəylərini qonaqlayardı. Və onlara qonaqlıq vermək üçün üç çadır: ağ, qırmızı, qara çadır qurdurardı və buyurardı: “Kimin ki, oğlı-qızı yoq, qara otağa qondurun, qara keçə altına döşən, qara qoyun yaxnısından öninə gətürün, yer isə, yesün, yeməzsə, dursun, getsün” - demişdi. “Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun, oğlı-qızı olmayanı Allah-taala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün” - demiş idi”.
Nə oğlu, nə də qızı olmayan Dirsə xan qara çadıra girməyi əndir etmədi və öz igidləri ilə birlikdə hirslənərək geri qayıtdı. “Qalqubanı, yigitlərim, yerünizdən uru durun, bu qərayib bana ya bəndəndir, ya xatundandır”, - dedi.
Dirsə xana xatunu izah edir: Bu nə mənim günahımdır, nə də sənin. Buna görə də məsləhət görür ki, ala çadır qurdursun, Oğuz bəylərini çağırtdırsın, onlara süfrə açsın, acları görsə doyursun, əyni yalın görsə ona əyin-baş alsın, borcluyu borcundan qurtarsın, Tanrıya yalvarsın, Tanrı həvəsə gəlmiş halda bizi yalvarışları duysun, bizə bir oğul verər, - dedi.
Dirsə xan xatununun dediklərinə əməl etdi və Tanrı da onlara oğul verdi ki, bu da tezliklə boya-başa çatdı. Elə bir pəhləvan oldu ki, qara nəhəng buğanı dizə çökdürdü, üstələdi, başını kəsdi. Bu faktı görən Oğuz bəyləri ona ad qoymaq istədilər və Dədə Qorqudu çağırdılar, o da adını Buğac qoydu, taxt da verilməsini buyurdu.
Qəlbi paxıllıqlarla dolu qırx igid: bu nədir, Dirsə xan bizə daha diqqət yetirmir,- dedi. Ona izah etdilər, təlqin etdilər ki, oğlu pislikləri, yaramazlıqları törədən idi və ataya onu uzaqlaşdırmaq qərarını qəbul etdirdilər. Dirsə xan oğlunu ova apardı və oğlu da atasına xoş gəlmək üçün özünü pəhləvan kimi apardı. Həmin qırx igid Dirsə xana təlqin edirdi ki, o səni öldürənə kimi sən onu öldür. Ata da oğluna qıydı və yay oxu ilə onu vurdu... Bu, süjetin əsas kərgahıdır.
Bundan sonra ananın az əskik olmayan maraqlı siması gəlir ki, bu da öz oğlu gözünə dəyməyəndə qəlbi qüsur güman etdi və öz xanına üz tutdu: “İki vardın bir gəlirsən, yavrum qanı? Qara bulduğum oğul qanı?” Dirsə xan cavab vermədi. Yalnız xain igidlər ananı sakitləşdirdilər. Sənin oğlun yaxşıdır, tezliklə gələcək dedilər.
Lakin ananın ürəyi rahatlıq tapmır. Qırx incə belli qızı yanına alıb oğlunu axtarmağa gedir. Yaralı halda onu tapır da, müqəddəs Xızırın sayəsində oğlunu xilas edir...
Gətirilən rəvayətin epizodu, hər şeydən öncə, onunla maraqlıdır ki, uşağın və ələlxüsus oğulun doğulması barədə oğuzların ənənəyə, istərsə də qaydaya çevrilən görüş dairəsini bizə təqdim edir ki, buna da uyğun olaraq nə oğlu, nə də qızı olmayan Tanrı tərəfindən qarğış edilmişdir və oğlu və qızı olmayanları Oğuz bəyləri lənətlənmiş hesab edirlər. Burada gen və cinsin yayılması primatı özünü göstərir, lakin eyni zamanda oğuzlar igidliyin və qəhrəmanlığın davamçısı olaraq oğula üstünlük verirlər. Müvafiq olaraq oğul doyüşdə və güləşdə özünü göstərərsə onda igidə çevrilir. Burada yenə də bir təqdirəlayiq ənənəvi görüş dairəsi özünü büruzə verir: oğuzlar oğul əgər qəhrəmanlıq göstərərsə, düşmənin başını vurarsa və ya da qorxunc yabanı heyvanı məğlub edəndə, yalnız bu zaman ona ad verirlər və igid kimi tanıyırlar. Verilən konkret halda Dirsə xanın, meydanda uşaqlarla oynayan tamamilə yeniyetmə olan oğlu başqa uşaqlar kimi qəzəblənmiş qara buğadan ehtiyat etmir və böyük çəkişmədən sonra möhkəm yumruqla güclü zərbə endirərək onu yerə yıxır və boynunu qırır. Yalnız bundan sonra ona ad verirlər ki, bu da öz-özlüyündə onun igidliyinin tanınmasına bərabər idi. Qısası, qəhrəmanlıq göstərən oğul atanın fəxri idi, ləyaqətsiz, qorxaq isə yalnız atasını utandırırdı.
“Dədə Qorqud”un bədii boyalar qamması da müəyyən rəmzi fikri kəsb edir. Qara rəng bədbəxtliyin və ləyaqətsizliyin əksetdiricisidir. Buna görə, Bayındır xan oğlu-qızı olmayanı qara çadırda qara keçə altına döşətdirir, qara qoyun yaxnısını təklif edir. Müəyyən olunduğu kimi, Oğuz bəyləri üçün bu, bir növ təhqiredici idi... Ağ rəng necə bir ilahi parlaqlıq, bəyəniləsidir. Buna görə, oğlu olan kəsə ağ çadırda, qızı olana qırmızı çadırda süfrə açırlar. Qırmızı rəngin konkret olaraq nə demək olduğu çətin izah olunasıdır. Eləcə də bizə “qırmızı rəngli dəvə” tez-tez rast gəlir ki, bu da onun fərqliliyini qeyd edir. Əgər qızı olan valideynin qırmızı çadırda qonaq edilməsini ümumiləşdirsək, şüuraltı fikrə görə, qadının, uşağı doğanın və valideynin, gərək ki, əlahiddə funksiyası deməkdir ki, bu da, eləcə də cinsin, genin qorunub saxlanılmasının əsaslarından biridir. Ümumiyyətlə, köçəri tayfalarda nikah zamanı çox hallarda qırmızı rəngə ayıbsızlığın göstərici-xəbərvericisi kimi böyük əhəmiyyət verirlər.
Bundan başqa bu rəvatyətdə ata-oğul, ana-oğul münasibətləri də ön plana çəkilib.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU