Gürcüstan siyasətçilərinin əmlakı ictimaiyyətdə həmişə böyük marağa səbəb olub. Həmin siyasətçi prezidentirsə maraq daha da artır.

 

Ölkənin birinci şəxsləri hansı əmlaka sahibdirlər və hansı prezident öz əməkhaqqını xeyriyyəçiliyə xərcləyir, “Biznespressnews” bu suallara maksimum dərəcədə cavab verməyə cəhd edib (Məqalədə prezidentlərin vəzifə müddəti başa çatan il doldurduqları əmlak bəyannamələrindən istifadə olunub):

 

Eduard Şevardnadze – Gürcüstanın 2-ci prezidenti, vəzifə müddəti 1995-ci il 6 may – 2003-cü il 23 noyabr.

 

2003-cü ildə doldurulmuş bəyannaməyə görə, Gürcüstan prezidentinin yaşadığı ev dövlətə məxsusdur. “Dövlətə məxsus olan evdə yaşayıram”, – deyə sənəddə qeyd edilib.

 

Həmin dövrün məlumatına əsasən, “Gürcüstan Bankı”nda Eduard Şevardnadzenin adına bağlanma tarixi 2 dekabr 2002-ci il olan 20273 ABŞ dolları məbləğində əmanət qeydə alınıb.

 

E.Şevardnadzenin bəyannaməsində qeyd olunub ki, 888 dollar dəyərində məqsədli xərclər dövlət və ya dəvət olunmuş şəxs tərəfindən maliyyələşdirilir.

 

Mixeil Saakaşvili – Gürcüstanın 3-cü prezidentinin vəzifə müddəti (ikinci müddətlə) – 2008-ci il 20 yanvar – 2013-cü il 17 noyabr.

 

Mixeil Saakaşvilinin adına Ğvarelidə torpaq sahələri qeydə alınıb. Onların ümumi sahəsi 19103 kv.m-dir. Eləcə də Ğvareli şəhərində 97 kv.m sahəsi olan yaşayış evi, Kazbeqidə 500 kv.m torpaq sahəsi var.

 

Ümumilikdə Saakaşvili torpaq sahələrinə 104 920 lari ödəyib.

 

M.Saakaşvilinin bəyannaməsi 2013-cü ildə doldurulub.

 

Giorgi Marqvelaşvili – Gürcüstanın 4-cü prezidentinin vəzifə müddəti – 2013-cü il 17 noyabr – 2018-ci il 16 dekabr.

 

Bəyannaməyə görə, Marqvelaşvilinin adına Duşetidə, Saakadze küçəsində 4 462 kv.m torpaq sahəsi qeydə alınıb. Prezident 2004-cü ildə həmin torpaq sahəsi üçün 11000 dollar ödəyib.

 

2004-cü ildə Duşetidə, Saakadze küçəsində 200 kv.m ərazisi olan yaşayış evini 2500 dollara alıb.

 

2009-cu ildə 3000 dollara 120 kv.m sahəsi olan mənzil alıb. Mənzil Tbilisidə, Paolo İaşvili küçəsində yerləşir.

 

2016-cı ildə isə Duşetidə, Saakadze küçəsində 40 kv.m sahəsi olan evi 10000 dollara alıb.

 

G.Marqvelaşvilinin bəyannaməsi 2019-cu ildə doldurulub.

 

Salome Zurabişvili – Gürcüstanın 5-ci prezidenti hazırkı vəzifəni 2018-ci ilin 16 dekabrından tutur.

 

Salome Zurabişvilinin əmlak bəyannaməsinə görə, o, 1989-cu ildə 150000 avroya Parisdə 60 kv.m sahəsi olan mənzil alıb.

 

2006-cı ildə Tbilisidə, Keptin küçəsində 235 kv.m torpaq sahəsini 160000 dollara alıb.

 

S.Zurabişvilinin adına “Gürcüstan Bankı”nda 30000 dollar dəyərində əmanət qeydə alınır.

 

Gürcüstanın hazırkı prezidentinin yığım pensiyasının miqdarı 34 093 avro təşkil edir.

 

Qeyd edək ki, S.Zurabişvili əməkhaqqını tam olaraq xeyriyyə fonduna köçürür ki, bunun da ümumi dəyəri 40000 laridir. Müxtəlif növ xeyriyyə işlərinə Salome Zurabişvili 17130 lari bağışlayıb.

 

Salome Zurabişvilinin bəyannaməsi 2023-cü ilin 26 yanvarında doldurulub.

 

Gürcüstanın 1-ci prezidenti Zviad Qamsaxurdiyaya gəlincə isə, onun haqqında elə də çox məlumat tapılmır. Vəsiyyətnaməsi var ki, orada özünün daşınmaz əmlakını – Tbilisidə, Qali küçəsində yerləşən evini və Qaqra rayonunun Lidzava kəndində yerləşən bağ evini iki övladı – Tsotne və Giorgi Qamsaxurdiyalara verib.

 

 

Mənbə: bpn.ge