Yetim Gürcü inamla və səylə Rustavelinin yüksək adını əziz tutur və şəhər xalq şeirinin bərəkətini Sayat-Nova qəlibinə yerləşdirir. Keçmiş poeziyanın virtuozlu hiyləgərliyini o, sözlərdən məharətlə istifadə olunmasında ifadə etmişdir. O, özünün poetik dözümlülüyünə əmindir və alnıaçıq bəyan edir:

“Mənim şeirim bitib-tükənməz,

Kimin nəsə xahiş etməsinə həmişə hazıram,

Diri ikən hələ dəyərim yox,

Ölsəm, heç kim mənə yas tutmasın;

 

Yetim Gürcü inciyər,

Əgər getsə, bir daha gəlməz,

Rustavelinin oğulluğu

Və ikinci Sayat-Nova”.

Biz müəllifin təvazökarlığını bilməsək, onda bu sonuncu sözləri müasir şairlərin ümumi qüsuru kimi yazardıq: Özü barədə böyük təsəvvür və sonsuz iddialar! Lakin Yetim Gürcünün Rustaveliyə belə asan meyli  dahi şairin gürcü xalq şairlərinə də hədsiz təsirindən irəli gəlir. Bu belə olmasa, onda elə həmin Yetim Gürcünün sözlərini deməyimiz lazım gələrdi:

“Hardadır Şotanın qəbri,

Gedim şikayət üçün!”

Lakin şairin bilavasitə və asanlıqla danışdığı yer cazibədardır:

“Mən yeni dərd aldım,

Suda dururam, od düşüb mənə”.

Yetim fars poeziyasının ciyərparəsidir. Monteskyö söyləyir: “Şərqdə daha çox ozan vardır, qızmar günəş  onların ehtirasını daha da kəskinləşdirir”. Fars həssaslığı Yetimin zərif fantaziyasında bolluca ilmələnib. Əfsanə var: İranda bir müğənni var imiş, elə yanıqlı oxuyurmuş ki, halbuki, boğazına kimi suda imiş, hər halda yanıb.

“Bir de görüm, kimin sözü ilə məndən getdin,

Mənim ol, niyə başqasının oldun?”

Həddindən artıq diqqətə layiqdir ki, fars poeziyasının təsirinə baxmayaraq Yetim Gürcü müxəmməs formasına müraciət edir. Onun şeirləri daha çox on altı hecalılıq üsulunda qurulub, halbuki, bu, ona şeirin sonunda, köhnə aşıqlar kimi, öz adını da ritmə salmaqda mane olmur. Məsələn:

                     1.

“Mən də qələmimlə keşik çəkirəm,

Möhkəm dururam, necə bir qala bürcü,

Yaşasın, Gürcüstan, onun dərdini,

Qadasını alsın Yetim Gürcü”.

                     2.

“Gözlərin səmadan da göydür,

Sənin saçların-qızıl fırça,

Xeyir-duanı versin Yetim Gürcü”.

                    3.

“Əcdadların beşiyini yandıranı,

Övlad kimi qəbul edə bilmərəm,

Öz atasının məzarını belləyən

Rəncbərə ayıb olsun.

Viranə qalsın o gözəl bağ,

Bülbül ki, qarğalaşa,

Onda ölsün Yetim Gürcü,

Nə vaxt şeirin tükəndisə”.

Yetim Gürcünün kağıza köçürülmüş bəzi şeiri öz həyatını və orjinallığını itirir. Bu cür şeirlərin ətri onun ifadə etmə şivəsi və mahnıların havasıdır. Sətirlərin təsir etməsi arasında bütövlük yoxdur. Orada-burada sezura pozulur, ritm çox vaxt sadədir və təkrardır. Əvəzində sətri oynatmağı yaxşı bilir və bu oynadılan qamçının dəydiyi vay adamın halına:

“Ağacın ürəyi var, daşın ciyəri,

Və kərpicin isə beyni var”.

Yetimin poetik məcazı qətiyyətli və parlaqdır. Yetim Gürcü, əgər belə demək mümkündürsə, qaraçoxeli imajinistdir (İmajinizm-İngiltərədə və Rusiyada ədəbiyyat sahəsində formalist-dekadentik cərəyanlarından biri-M.M.).

“Yetim Gürcü, nəzər yetir, yaxşı olar ağıla gələsən,

Tükü qurutmaq üçün küləkli dağa çıxardıbsan”.

Və ya

“Suda durub su atıram,

Əllərimdə xəlvir tutmuşam”.

Və ya yenə

“Elə özümün günahımdır,

Nədən ötrü ürəyimdə kirayəşinsən?

İsa peyğəmbərin anlayışı ilə niyə gəlmişəm,

Məhəmmədin qapısına xidmət etmək üçün?

 

Daş duz ilə enli örtük tikirəm,

Öz evimi örtmək üçün.

Neyləyirdim, quru daş üstə

Durub balıqçı oldum?”

Şəhərin melodiyalarından hissə-hissə toplanmış formanın sadəliyinin və kəsərliliyinin olduğu, zərif instinktin ustalıqla büruzə verdiyi bu şeirlər öz-özlüyündə yaxşıdır, çevikdir, oynaqdır. Lakin şeirin bünyəsi başdan-ayağa bir duyğu ilə hopulmamışdır, şeirin bütövlüyündə əskiklik var. Manera, ziddiyyət yoxdur ki, bunlarsız da şeir ədəbi xəzinə olaraq poeziya xəzinəsində ağalıq edə bilməz.

Yetim Gürcünün bir şeiri vardır ki, bunun da məğzi məşhur xalq mahnısını bizə xatırladır (“Gümüş piyaləyə çevirdi məni”). Orada da və burada da bu hər iki əsər məhəbbət fonunda sərgilənib və poetik müqayisələrlə cilalanıb. Lakin xalq şeiri nə qədər ki, bilavasitə bizə zəngin və heyrətedici simalar verir, bir o qədər də Yetim Gürcünün bu şeiri zövqsüz təqlidçilik çalarını büruzə verir.

Yetim Gürcü:

“Kaş ki, təsbehə çevriləydim,

Büllur barmaqlarınla dənələyəydin,

Və yaxud süpürgə olaydım,

Sənin ayağının tozunu süpürəydim!

Kaş ki, elə olsun, mənim özüm

Sənin barmağının üzüyü olum,

Sənin barmağına elə yapışım ki,

Bir kimsə çıxara bilməsin!

Və ya yataq taxtı olum,

Üstümdə yat və xorulda,

Və ya milçək olaydım,

Sənin üzündə uçaydım!

Xoşbəxt olardım

Mən ki, qaşığa çevrilsəydim

Və sənin gözəl barmaqlarına

Nahar vaxtı toxunsaydım!

Və ya olum nəsə əşya,

Sən olaydın məni aparası,

Sənin cibində olaydım kirayəşin,

Sənin evini açmaq üçün!”

Xalq:

“Gümüş piyaləyə çevirdin ki,

Şərabla dolaydım,

Qırmızıya örtüldüm mən,

İçəydin, halalın olaydı!

Ya  məni üsküyə çevriləydim,

Əlinə toxunmaq üçün,

Sənin orağına zəmi olaydım,

Ki, ayağımdan doğrayaydın!

Sənin ləçəyinin tükü olaydım,

İynənə saplanaydım;

Ya sənin kirpiyinin külü olaydım,

Kirpiyinə töküləydim!

Ya da olaydım qızılgül, çiçək,

Ağız-burnuna töküləydim,

Ya olaydım ipək köynək,

Ürəyinin başında əriyəydim!

Ya sənin istədiyin olaydım,

Acığa qəlbinə soxulaydım,

Ya da qardaşın olaydım müştərək –

Sağ ikən səndən ayrılmayaydım!

Yetim Gürcünün bu şeiri bu orjinal və dahi xalq əsəri ilə müqayisədə ucuz imitasiya xarakterini daşıyır. Xalq şairinin xalq şeirinin güllərini öz bağında calaq etməsi nəyə lazımdır? Məhəbbət körüyünü ifadə etmək üçün Yetim Gürcünün özünün ondan əskik olmayan zəngin lüğətinin olduğu xalq şeirinin “yetimləşdirilməsi” nəyə lazım idi?

Yetimin mahnıları şəhərin danışıq dilinə yaxınlaşdı. Çox hallarda Yetim mahnı üçün melodiyaları özü yaradır: Müəllif hansısa xalq havasını götürür və şeirin məğzinə uyğunlaşdırır. Lakin bu hava şairlər tərəfindən çox hallarda elə hala düşmüşdür və Tiflisin məqamı elə gözəl nəzərə çarpır ki, onun ilk mənbəyi axtarılmalı olur və mahnı şəhərin fərdi simasını daşıyır.

Çox hallarda Yetimin şeirləri iki, dörd və ya altı sətirdən ibarətdir ki, bunları da müvafiq olaraq bəzən  samikitnolarda (Şərab dükanlarında-M.M.) “boğazını isladan zaman” söyləyir. Yetim şeirləri bitirmir və ya daha yaxşı desək, bitirə bilmir. Şairin qələmin sayəsində öz şəyirdləri arasında yaydığı bir az böyüdülmüş şeir isə “itotu, bağayarpağıdır” və onda artıq uzunçuluq görünür. Belə şeirlərdə duyğunun paralel xətləri yoxdur. Sonu da estetik küçəbəndində özünü büruzə verir:

“Yazmaqdan, mahnı oxumaqdan yoruldum,

Təkcə sənin üçün vaxtım var,

Sənin üçün qələmi qırdım,

Və mürəkkəbi boşaltmışam”.

Mürəkkəb tökülmüş şeir zəifdir və solğundur. Şifahi olaraq deyilmiş şeir isə davamlıdır, zərifdir.

Mən hər halda Yetim Gürcünün istedadına xüsusi diqqətlə yanaşıram. Onun bohemik xarakteri və söhbət zənginliyi məni valeh edir. O, mizrabının da hələ yenə qırılmadığı şəhər ədəbiyyatının sonuncu nümayəndəsidir.

“Hamı nəsə bir şey sevir,

Mənsə mənimkilərin uzun ömür sürməklərini,

Başqasınınkı mənimkindən gözəldir,

Bunu heç kim inandırmasın mənə,

Mən xalq ozanıyam

Tiflis şəhərinin-Gürcüstanın.”

Neyləyək ki, bu qısa şeirlər Ömər Xəyyamın rubailərinə bənzəmir! Neyləyək ki, onun poeziyasının nüansları torunda çabalayırıq. Əvəzində bilirik ki, həqiqi şair səmimidir və öz hisslərinin sadəqəlbli aləmini uşaq qüsursuzluğu ilə cızır.

“Dərdli-dərdli başladım oxumağa,

Diriyəm, mən isə inanmıram,

Yetim Gürcü, bu da tale yazısıdır!”

Yetim Gürcünün aşiqanə şeirləri də vardır:

Çoxu deyər, məhəbbət barədə

Şeir yazmaq bilmirsən,

Siz ki, deyirsiniz, haqlısınız.

Məndən ki, soruşsanız, inanmıram”.

Lakin onun məhəbbəti başqa cürdür:

“Məhəbbətin nəğməkarıyam,

Gözəlləşdirirəm ana dilini,

Mahnıların yaradanı var,

Məclislərdə səpələyirəm şənliyi;

Millətlərarası vasitəçiyəm,

Hər yerdə qızılgül sərgiləməyə cəhd edirəm,

Mən təkcə onun düşməniyəm,

Məhəbbətə iynə batırmağa cəhd edənin.”

Yetim Gürcü şeirlərində, şəksiz, güclü duyğuya, şəhər temperametinə, poetik ekstaza malikdir. Yetim Gürcünün xalq şeirləri şərabla dolu piyalədir ki, bu da əldən-ələ gəzir və hər halda calanmır.

Yetim Gürcü tiflislidir və bütün tiflislilər kimi qorxaq dostu sevmir, “bilənlərin” (Müəllif “bilənlər” sözünü işlədib, ariflər mənasında-M.M.) qadasını alır:

“Qələmlə gəzib dolaşacağam bu aləmi

Anlayan camaatı siyahıya almaq üçün;

Maqnit torunu atıram,

İgidləri tutmaq üçün,

“Bilənlər” yan ötməyəcək,

Onları dəftərimə yazmaq üçün,

Sevirəm öz Gürcüstanımı,

Haray salıram, hamını inandırmaq üçün”.

Yetim Gürcü üçün siyasi meydan da yad deyildir. O, 1905-ci ildə öz auditoriyasını belə dəvət edirdi:

“Aç qulaqlarını,

Ağıla gəlmək vaxtıdır,

Çürük körpü dağıldı,

Yeni yol salırıq!

 

Mən səni haraylayıram, qardaşlığım,

Sən də başqasına ötür,

Nə qədər çox olarıqsa,

Tezliklə çəkərik yolu.

 

Dinlə, qulaq ver

Yetim Gürcünün dediyinə,

Əgər sən də istəyirsən layiq olasan

Yeni həyatın yoluna”.

Bax, bu “yeni həyat”ın şairi fəhlə barəsində nə deyir:

“Sevirəm bütün gözəllərin

Fəhlə tərinin tökülməsini,

Əlinin dərisi cadarlaşmış ağac kimi,

Və üzərində köbələk əmələ gəlmiş.

Yetin Gürcünün sevgisinə

Fəhlə deyirlər, haqlı sayıram,

Diriyəm, ona nəğmə oxuyuram,

Ölsəm, fəhlənin qadasın alım!”

Bu şeiri Yetim Gürcü Bakı şəhərində, 1905-ci ildə fəhlələrin iclasında oxumuşdur. O, həmin vaxtlar neft sənayesində işləyirdi (Bax: “Muşa” (“Fəhlə”), 1924-cü il, № 634).

Elə bu vaxtlarda, 1905-ci il oktyabrın 17-də fəhlələrin mitinqlərinin birində Yetim Gürcü öz bayrağı ilə çıxmışdır ki, onun da üzərində yazılmışdır:

“Sevinirəm, amma inanmıram!”

Reaksiyanın qələbəsindən sonra Yetim Gürcünü başqa fəhlələrlə birlikdə tutdular və inzibati qayda ilə Volin quberniyasının Dubno həbsxanasına saldılar. Burada o, dörd il qaldı. Sonra Kremensk şəhərinə məhbusların islah-əmək koloniyasına aparıldı. 1912-ci ildə demək olar ki, azad etdilər, lakin vətəndə yaşamaq hüququnu hər halda ona vermədilər... Onun işgəncəsinə inqilab məlhəm qoydu. O, azadlıq odu ilə qəlbi yanan, daimi azad və heyran qalmış halda vətənə qayıdır və Tiflisi görməklə sevinənin içindən bu duyğulu şeir gəldi:

Salam, mənim Tiflis şəhərim,

Sənin itkin düşmüş oğlun qayıtdı.

Ey, Gürcüstanın torpağı, daşı, yeri,

On iki ilin əzabkeşi qayıtdı.

 

Müqəddəs dağ, Keşiş Davidin,

Sən keşikçisi Tiflis şəhərinin,

Müqəddəs torpağı, ölməz yazıçıların,

Onların qəbirlərini ziyarətə gəldim.

 

Böyük Qala, Qədim Narınqala,

Gürcüstanın qədim sakin qüvvəsi,

Polşa həbsxanası sənin oğlunu gizlətdi,

Qanım qurumuş, şikayətə gəlmişəm.

 

Böyük zəng, bizim Sioni,

Sənin şanlı səsinin arzusundayam,

Bizim Kür, Rioninin qardaşı,

Əzablarımı yumağa gəlmişəm.

 

Mənim qardaşlarım Hayos-Kartlos,

Mən əzabkeşi çoxdan tanıyırsınız!

İkiüzlü dostun satdığını –

Salam!  Mən, Yetim Gürcü  gəldim!”

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU