NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Dördüncü silsilədə Uruz tədricən artıq vaxtı yetişməmiş halda öz əsir götürəninə hücuma keçir, dağda-daşda onun atasının çox qaçdığını və qız-gəlinini qabağında oynatdığını, çox fırlandığını, atla Qarun elinə çapıb, çatdığını Ağ hasarın qalasının bürcünü yıxdığını və ağ gümüş gətirəndə “heçdir, puçdur” söylədiyini, qızıl-altun gətirəndə adicə “misdir” dediyini, ala gözlü qız-gəlini gətirəndə aldanmadığını, kilsəsini yıxıb orada məscid tikdirdiyini xatırladır. Və nəhayət, bu silsilənin şeirlərinin leytmotivini yenə də təkrarlayır. Onda da özünü öyməmiş, çünki kişiyə yaraşmayan hal kimi hesab etmişdir və indi də onun öz əslinə, öz kökünə xain çıxmaqdansa ölümü qarşılamağı üstün tutur.

 

Bu şeirin əsas ritm ünsürü olaraq mənsubiyyət affiksləri və xəbərin əmr, istərsə də inkar forması, ritmik struktur bizə bu cür mənzərəni verir: ababab, sonra gəlir: bbbbbbbb, son dörd sətir bu cürdür: dd/qq. Bu şeirin ritmik strukturuna gəldikdə isə o diqqət çəkir və bu cür təqdim olunur: ilk dörd sətrin xitabı belədir: 1) 2+2+4=4/4; 2) 2+2+2+2=4/4; 3) 4+4=4/4; 4) 2+2+3=4/3. Növbəti iki sətir on iki hecalıdır: 2+2+4+1+3=(4/4/4=12), 3+2+3+2+2=(5+5+2=12); Növbəti iki sətir isə on bir hecalıdır: 1+2+4+2+2=(3/4/4=11), 1+2+4+2+2=(3/4/4=11). Sonra ikisi 13 və 17 hecalıdırlar, ritmik sxemdən çıxan sətirdən sonra, on hecalı xitab:  4+2+2+2 (4+4+2=10) və 3+3+4=10. Sətirlər arasında ritmik sistemin pozulması halı baş verir (12/8/15/4/12/6). Bu şeirin ritmik strukturu üzərinə ona görə diqqət yetirdim ki, o, yuxarıda müzakirə olunanlardan fərqli olaraq daha requlyar, sistematik xarakter daşıyır və onu da bizə deyir ki, inkişafın bu mərhələsində şeirin qitə növünün yaranması ənənəsi özünü göstərir. Bu da sonra xalq poeziyasında inkişaf edir.

 

Beşinci silsilədə Qazan özünü sanki ağ sazın aslanından kökü olduğunu, ala qaz tək otlamağa düzlərində bir at qoymadığını, qorxu bilməz qurd balası erkəyindən kökü olduğunu, qorxusundan çobanların qoyunları otara bilmədiyini, ağ sunqur quşunun erkəyi tək bir kökü olduğunu, qorxusundan ala ördək, qara qazın suya qonmadığını göstərir. Qazanın əsil-nəcabəti haqqında danışmışam və bir daha təkrar etməyəcəyəm.

 

Halbuki konkret halda diqqətəlayiqdir ki, düşmənlərə öz oğlu Uruzu və qardaşı Qaragünəni xatırladır. Xəbər tutub qolundakı şahinini sağ qoymayacaqlarını bildirir. Halbuki bu şeirin son akkordu bütün müzakirə olunan şeirlər kimi onunla bitir ki, Qazan öz əslinə, öz kökünə xain çıxmaqdansa ölümü qarşılamağı üstün tutur. Bu şeirin ritmik sxemi belədir: ritm vahidinin sözlər qrupu: (erkəgində) bir köküm var. Bu da ki, semantik olaraq gələcək sətirdə baş verəcək hadisəni şərtləndirir. Qısası, sxem belə görünür: abababab. Sonra onu altı sətir ss/qq/ff əvəz edir. Bu şeirin ritmik sxemi tənzim olunmamışdır və hecaların sayına uyğun olaraq bu cür mənzərəni bizə təqdim edir: 1) 16, 2) 15, 3) 11, 4) 10, 5) 14, 6) 13, 7) 14, 8) 12 və sair.

 

Son silsilədə Qazan artıq lənətləməkdən-qarğamaqdan çəkinmir: “İt kimi mırıldayan cərkəz donuzlusan sən, kiçik donuz şülənin, torba saman döşəyin, yarım kərpic yasdığın, yonma ağac tanrındır”. Bir neçə əlamət ilə diqqəti cəlb edən bu silsilə bu təhqirlərlə sona yetir. Bu, hər şeydən öncə psixoloji baxımdan maraqlıdır. Qazanın dialoqu nisbətən sakit avazla başlayır, səbir kasası daşanda təhdid öz yerini alır. Nəhayət, səbir kasasını aşan təhdid-lənətləməklə başlayır. İkincisi də, bu təhqir konkret tayfaya, ələlxüsus, Qazanı əsir götürən və ya da ümumilikdə sayıq düşmən hesab olunan çərkəzlərə yönəldilib. Müəyyən olunduğu kimi, o dövrlər çərkəzlər müsəlman deyildilər və bizə xristian olaraq təqdim olunurlar ki, bu da Qafqaz xalqlarının dininin öyrənilməsində çöx diqqətəlayiqdir.

 

İndi qısaca ritm barədə. Beş sətir bir ritm ilə qurulub: aaaaa, son iki sətrin ritmi  m-əni/s-əni-dir, belə ki: ss. Ritmik çertyoja gəldikdə, bu cürdür: 1) 1+2+2+2+2+2 (3+4+4-11), 2) 3+2+3/8, 3) 1+2+2+3=8, 4) 2+2+3=7, 5) 2+2+3=7, 6) 3+2=5. Sonrakı sətir isə bu cür hecalar münasibətini verir: 3+4+2+3+1//7/6. Bu şeirin sonunda yuxarıda müzakirə olunan şeiri bir semantik çevrəyə çevirən leytmotivi və mövzunu başa çatdırır. Başqa cür olaraq o, bu silsilə sisteminin əsaslar əsasıdır.

 

Qazanın bu geniş monoloqunun təhlilindən sonra, nəhayət, bir nəticə çıxara bilərik: birincisi, türk şeiri inkişafın qitə sisteminin səviyyəsinə hələ nail olmamışdır; ikincisi, müvafiq olaraq silsilə növümüz vardır ki, bu da bir semantik mövzuya, istərsə də ümumi motivə əsaslanır və sətirlərin sayını və qarşılıqlı münasibətlərini nəzərə almır. Və ən başlıcası, sətirlərin ritmik münasibəti ilə və yaxud hecaların bərabərliyinin əlaməti ilə kanon səviyyəsində tənzim olunmamışdır ki, bu da bizə bunları düşündürür: şeirin struktur əsasını iki sətirlik – beyt, dörd sətirli bənd – və sair deyil, sətir yaradır, bu da türk xalq poeziyasında sonralar formalaşmışdır. Halbuki qətiyyətlə demək mümkündür ki, silsilə struktur formalaşmasının əsasını qrammatika, istərsə xəbər, istərsə də isim, əvəzlik və sair ritm yaradır, müxtəlif forma ilə təqdim olunur. Odövrkü şeirin kodlaşdırılmış sisteminin yaradılması, artıq qeyd etdiyim kimi, fonemik səviyyənin zənginliyinə imkan verir ki, bu da başlanğıc, aralıq, istərsə də axır mövqedə şaquli və üfüqi məhvərdə identik səslərin, hecaların, sözlərin, kəlmələrin təkrarı ilə yaranır. Bunu yuxarıda müzakirə olunan şeirlər də təsdiqləyir. Bu fonemik layı gözdən keçirsək buna əmin ola bilərik, məsələn: ilk silsilədə, artıq qeyd etdiyim kimi, orta mövqedə yağı gördümisə kəlməsi doqquz dəfə şaquli məhvərdə təkrarlanır. Və ya da elə həmin şeirin “Kəndü əslim, kəndü köküm sımağım yoq!” sətri.

 

İkinci silsilədə başlanğıc mövqedə üfüqi olaraq yüksək yüksək və ya da şaquli olaraq Qaba ökcəm, qaba ökcəmlə, qaba-qaba bəglər, qamçı salub və sətrin başlanğıc mövqeyində varkuc kır və ya da başlanğıc mövqedə q səsinin yeddi dəfə təkrarlanması, eləcə də sarp, sağ, altun, altı və sair. Düşünürəm ki, gətirilən  material bizim baxış dairəmizin etibarlılığı üçün doğrudan da kifayətdir və bu barədə söhbəti uzatmağı məqsədyönlü hesab etmirəm.

 

İndi “Dədə Qoqqud”un, bu qəhrəmanlıq eposunun əxlaqi-estetik inamı və mənəvi-etik aləmini tamamilə biruzə verən təcəssümlüyə toxunmalıyıq.

 

Yuxarıda artıq eposun  giriş hissəsində geniş şəkildə söhbət etdim ki, “Dədə Qorqud” oğuz xalqının əxlaq və etik-estetik inamı məcəlləsinə məxsusdur və faktiki olaraq onu təmsil edir. Buna görə bunun üzərində bir daha dayanmayacağam.

 

Bu təhlil olunan eposun ümumi olaraq bədii xüsusiyyətliliyi, onu yaradan ruh, hər şeydən öncə onun təbiiliyində, daha uyğun gələn şəkildə o real təbiətin mühitində özünə yer tapır: yüksək, nəhəng dağları ilə (Ala dağ, Qazılıq (Qafqaz dağı)), şırıltılı, coşqun çayları, maral və ceyranların cövlan etdiyi geniş düzənliklər, qorxu yaradan pələnglər, şirlər və sair. Qısası, köçəri Oğuz tayfalarının köçəri olduğu, yaşamalı olduğu toxunulmaz hökmran təbiət. Məhz elə bu günahsız təbiətin ağuşunda öz həyat tərzlərini həyata keçirirdilər: müxtəlif rəngli, istərsə də qızıl başlı çadırlarını qururdular, ziyafətlər və kef məclisləri verirdilər, daim ov ovlayırdılar və ən başlıcası, başqa xalqları işğal etmək üçün hücuma keçirdilər və ya onların hücumlarının qarşısını alırdılar. Məhz elə bu hücumlar zamanı oğuz, istər bəy olsun, istərsə də çoban, öz igidliyini, mübarizə qabiliyyətini və həvəsini göstərirdi. Eləcə də uşağın olmasına, istərsə də övladsızlığa böyük diqqət yetirirdilər, lakin oğlanın doğulmasına böyük üstünlük verirdilər. Eyni zamanda, oğlanın adının qoyulması və evləndirilməsi möhkəm ənənəvi qayda ilə keçirilirdi. Həmçinin ana-oğul və ata-oğul münasibətləri də formalaşmış əxlaq məcəlləsinə və sair əsaslanırdı. Nəhayət, bütün bunlara islam mürəbbiləri ilə və dini ayinləri ilə cəmləşdirilmiş və gözəlləşdirilmiş fasad əlavə olunur. Və ən başlıcası, bunu təbii, sadə oğuz dili obrazlı söz canlandırır və bədii geyimə bürüyür. Yaradıcısı, hər halda, oğuz xalqının yaradıcılıq istedadının olduğu böyük bədii kətan yaranır.

 

Müxtəlif boyalarla sərgilənən bu eposun bədii kətanı ümumən belədir, lakin bir semantik və estetik arealda onu birləşdirən və bu gün də dinləyicini, istərsə də oxucunu heyran edən bir aspektdə istiqaməti dəyşdirilib.

 

Doğrudur, eposda fəaliyyətdə olan qadınların xarakteri və təbiəti barədə əvvəl artıq bir neçə dəfə müzakirə etdim, lakin oğuz xalqının qadınlara qarşı etik-estetik münasibətinə daha geniş toxunmağa borcluyam.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU