NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Yuxarıda artıq qeyd etdim, “Dədə Qorqud”un bütün bədii mənzərəsi iki rənglə – ağ və qara ilə çəkilmişdir ki, bu da kontrast yaradır. Aydındır ki, bu rənglər metafor fikrin ötürücüsüdür: ağ mərhəmətliliyin, zərifliyin, mənəviyyatın ifadəsidir və müvafiq olaraq bu rəng əxlaqi-estetik səviyyədə hökmranlıq edir. Qara isə ağın antikontrastı olaraq pisliyin, yamanlığın əmələ gətiricisidir. Aydındır ki, bu kontrast ağlığın estetikliyini və əxlaqlılığını kəskin şəkildə büruzə verir. Müvafiq olaraq atlı, istərsə də onun libası ayrılır, insanın mənəvi əhval-ruhiyyəsi – xoşbəxtlik, bədbəxtlik, ev heyvanları, çöl heyvanları... Bu qarşılıqlı ziddiyyət gündəlik məişətdə də özünü göstərir. Matəm zamanı oğuzlar ağı soyunub qara geyinirlər. İllah da ki, “Ağ çadırdan çıxıb qara çadıra girirlər”. Qara rəngə uyğun olaraq qara dəvə və qara buğa müdhiş heyvan kimi bizə təqdim olunur. Qara geymiş dərviş isə dərdə qərq olunmanın rəmzidir. Qara dağ və sıra qara dağlar bədbəxtlikdən xəbər verir. Qara çadır, qara qoyunun keçəsi, qara qoyunun qovurması təhqir etməyin və məhəl qoymamağın əksetdiricisidir. Qara çay nə zaman xeyir gətirən olub? Qaraya bürünmüş döyüşçü bir qayda olaraq yolunu azan kafir düşməndir. Qara yuxu şərin göstəricisidir və sair. Bunun əksinə olaraq ağlıq, qeyd etdiyim kimi, mərhəmətliliyin göstəricisidir: ağ qaz gözəl qadın və gəlinin rəmzidir. Eləcə də ağ başlı çadır fərqlidir. Çal saçlı, ağsaqqallı ata və ağ süd əmizdirən ağbirçəkli ana böyük hörmətə layiqdir. Qeyd etmək lazımdır ki, “ağ süd əmizdirən” “ağbirçəkli ana” eposda fövqəladə şəkildə vurğulanmışdır. Sanki bu faktda qeyri-adi bir şey yoxdur, südün ağ olması hamı üçün məlumdur. Lakin ağlığın vurğulanması məni düşündürür ki, ağ rəng müəyyən fikrin xəbərvericisidir. Hər şeydən öncə, ağbirçəkli ana təkcə yaşın göstəricisi deyildir, eləcə də onun mərhəmətli xarakterinin göstəricisidir. Südün ağlığının vurğulanması bizə südün rəngini deyil, bu, tamamilə təbiidir, onun mərhəmət və əxlaqın rəmzi fikri ilə yüklənməsini təqdim edir. Eləcə də düşmən əlinə düşən oğuzların boğazının və əllərinin ağlığı dəfələrlə qeyd edilmişdir. Bu halda da ağ rəng onların mənəvi və igidlik üstünlüyü ilə bizi tanış edir.
Həmçinin qısa epizodda Dirsə xanın dustaq edilməsi zamanı üç dəfə təkrarlanır: “Ağ əllərin ardına bağladılar, qıl sicim ağ boynına taqdılar” (Elə orada, səh. 46). Ağ rəngə diqqət yetirmək təsadüfi olmamalıdır və Dirsə xanın bədəninin saflığına işarə edir. Və ya oğlan Bayandır xanın “ağ meydanında” cəng etmişdir. Bu halda da meydanın ağ göstərilməsi ondan xəbər verir ki, cəng nəinki adidir, eləcə də bu döyüşün ələlxüsus olması deməkdir. Oğuz qızının gözəlliyinə gəldikdə, bir neçə sözlə belə verilib: “Ağ üzlü, ala gözlü gəlin” (Elə orada, səh. 47). Ümumiyyətlə, ağsaqqal atanın, ağ saçlı qocaların xatırlanması onlara qarşı böyük pərəstişkarlığı göstərir, bu da oğuz etikası ilə möhkəmləndirilmişdir ki, yaşı və yaxud ixtiyarlılığı, eləcə də əldə olunan təcrübəni və müdrikliyi qəbul edir. Və ən başlıcası, qədim ənənələrin və qəhrəmanlıq tarixinin keçmişin rəmzləri kimi dərk olunması şəksizdir – istənilən xalqın mənəvi gümrahlığının qorunub saxlanılması və xilas olunması üçün. Buna görə də istisna etmirəm ki, ağ rəmzin əmələ gəlmə köklərini məhz elə bu cür baxış dairəsində də axtarmalıyıq. Zülmət və işığın kontrast olaraq qarşıdurması demək olar ki, bütün bəşəriyyətin tarixi, istər din, fəlsəfə olsun, istərsə də bədii yaradıcılıq boyunca keçir və təbiidir ki, təhlil olunan eposda da özünü aydınca büruzə verir. Başqa daha heç nə deməsək, gündüz və gecənin bir-birilə qarşıdurması da, necə ki, gündəlik həyatda da labüddür, düşüncənin məkanında bu kontrast həll olunur, banal dərketmə ilə nəql edilir. Budur, elə götürək, Dədə Qorqudun qoşmalarının birində səhərin açılması necə əks olunmuşdur: “Ağlı-qaralı seçilən çağda, köksi gözəl qaya dağlara gün dəgəndə” (Elə orada, səh. 35-36). Dan yerinin sökülməsinin və yaxud ağı qaradan seçmək vaxtı həddindən artıq füsunkardır ki, bu da öz sadəliyi və zərifliyi ilə bu gün də oxucuda təəssürat oyadır. Və ya ananın nalə çəkəndə ürək ağrısını, fəğanını xatırlayaq: “Qaranlıq gecədə bulduğum oğlum hani” (Elə orada, səh. 42). Bu halda da “qaranlıq gecə” kontrast funksiyasını daşıyır və bizə nəql edir ki, ana qaranlıq gecədə çətin doğulmasına və böyük xoşbəxtlik verməsinə baxmayaraq oğlunu daha görə bilmir.
Elə burada vurğulamalıyam ki, təhlil olunan epos rənglərin çoxluğu ilə fərqlənmir. Qara və ağdan başqa həyatın müjdəçisi olaraq al qan və fərqli cinsin göstəricisi kimi qızıl dəvəyə tez-tez rast gəlirik. Eləcə də xatırlanıb: qırmızı xələt, qırmızı köynək, məmələrin qırmızı ucları, alma kimi qırmızı yanaq və sair. Bütün bunlar bizi düşündürməyə vadar edir ki, qədim oğuzlarda qırmızı rəng müsbət emosiya oyadıcısı və ən başlıcası, xeyirxahlığın, əxlaqın, gözəlliyin və fərqliliyin spekrtində yayılıb. Elə burada bizə tez-tez rast gəlir: alagözlü bəylər, ala dağ və yaxud rənglərin alalığı ilə fərqlənən, ala çadır, ala ceyran, ala qaz, ala ördək, ala sağsağan və sair. Bu da ki, əksər hallarda təbiiliyin və yaxud genetik əlamət xüsusiyyətinin göztəricisi, bir qayda olaraq müsbət konteksdə işlədilir. Bir dəfə xatırlanır: artıq qanuniləşmiş, geniş yayılmış obraz olan boz atlı, yaşıl donlu Xızır. Və bizə bir dəfə rast gəlir: “Oldur, sarı donlu Selcan xatun köşkdən baqar, kimə baqsa, eşqiylə oda yaqar!”(Elə orada, səh. 137).
Ümumiyyətlə, rənglərin ağlığı folkloru xarakterizə edir. Bu baxımdan türkdilli folklor da istisna deyildir. Bundan başqa, onu da unutmamalıyıq ki, orta əsrlərin dərviş, istərsə də klassik literlərdə rənglərin simvolikası metafor səviyyədə qanuniləşmiş və müəyyən edilmişdir, bu da onların müəyyən sxematikliyini şərtləndirir. Təhlil olunan qəhrəmanlıq eposu da bu sxematik çərçivəyə daxil olur ki, burada təsvir olunan aləm oğuz həyatının xüsusiyyətinin göstəricisi olmasına baxmayaraq, folklora və ümumiyyətlə, orta əsrlərin klassik ədəbiyyatında işlənib hazırlanan estetik prinsiplərə ixtiyari, istərsə də qeyri-ixtiyari tabe olur.
İndi bu eposa bağlanan idiomatik ifadələri, kəlmələri, aforizmləri, idiomları, atalar sözlərini və məsəlləri, istərsə də oğuz xalqının müdrik müşahidələrini xatırlasam artıq olmaz:
Həddindən artıq tez-tez təkrar olunur:
1) “At ayağı külüg, ozan dili çevik olur” (Elə orada, səh. 38). Ozanın natiqliyini, danışıq qabiliyyətini oxucuya xatırladan bir növ nəqaratdır;
2) “Aqar turı sulardan xəbər keçə, arqurı yatan Ala tağdan xəbər aşa, xanlar xanı Bayandır xana xəbər vara” (Elə orada, səh. 39-40). Bu cür kontekst tez-tez təktar olunur ki, bu da bizə stereotip mənzərə verir və fəaliyyətdə olan qəhrəmanı ehtiyatlı olmağa çağırır;
3) Eləcə də müraciət edilən zaman kəlmə təkrar olunur: “Ünüm ünlə, sözün dinlə”. Bunu da ki, səyyar kəlmə kimi hesab edə bilərik.
İndi oğuz təlqinlərindən ki, bunları da ənənələrin və etikanın bəhrəsi kimi hesab edə bilərik, bir neçəsini gətirməklə kifayətlənəcəyəm:
a) “Oğlan anasının sözin sımadı” (Elə orada, səh. 46);
b) Eləcə də oğul atasının sözündən çıxmırdı. O dövrlər oğul ataya zor göstərmirdi, özünə bir daha söz dedizdirmirdi. Əgər dedizdirirdisə, belə oğula oğul deyilmirdi (Elə ordada, səh. 104);
c) O dövrlər belə bir qayda var idi: oğlan kiminsə başını kəsməmiş, qan tökməmiş ona ad qoymurdular (Elə orada, səh.70);
ç) Qazan deyir: “Ona görə yağı deyirlər ki, biz onlara yetsək, öldürərik, onlar bizi ələ keçirsələr öldürərlər” (Elə orada, səh. 182);
d) Oğuzların dövründə belə bir qayda var idi: evlənən hər igid ox atardı, oxu düşən yerdə gəlin otağı qurardı (Elə orada, səh. 80);
e) Bunu deyəndə qırx igid böyük çalmasını çıxardır, yerə çırpır, acı-acı nalə çəkir (Elə orada, səh. 84);
ə) Oğuz igidi üçün bir qaydaya çevrilmişdir: yoldaşlarını (dustaqlıqdan, çətinlikdən) xilas etməyincə muradına yetməzdi. İllah da ki, oğlanı gəlin otağına salanda, qızla yorğan-döşəyə girəndə oğlan qılıncını araya qoyur. Qız “qılıcı geydur, igid, murad ver, murad al, sarılalım” deyəndə oğlan ona deyir: “Mərə qavat qızı, mən qılıcıma doğranayım, oxuma sancılayım! Oğlun doğmasun, doğarsa, on yaşına varmasun, ağamın yüzin görməyincə, ölmüş isə, qanın almayınca bu gərdəyə girərsəm” (Elə orada, səh. 180). Bu gətirilən yer qardaşların məhəbbətinin, möhkəm və sarsılmaz qardaşlıq sədaqətinin nə dərəcədə güclü olduğunu təsdiqləyir ki, buna da igidin andı möhür vurur.
Oğuzların ənənəvi qayda və etik prinsipləri haqqında nümunələr bitmir. Bunun barəsində geniş söhbər açdım. Bu dəfə isə ora-bura yapışdırılmış və sanki əhəmiyyətsiz hesab olunan bəzi baxış dairəsini xatırlama üzərində dayanacağam. Lakin axırda, hər halda, bəzi idiom, aforizm, atalar sözü, istərsə də xalq müdrikliyinin ifadəçisi olan təlqinləri gətirmək istəyirəm:
a) Bu “boş dünya başına dar oldu və gözünə qaranlıq çökdürdü” (Elə orada, səh. 150);
b) “Aslanın ənigi yenə aslandır” (Elə orada, səh. 170);
c) “Göy iraq, yer qatı”(Elə orada, səh. 171);
ç) “İklü ulalur, qabırğalı böyür” (Elə orada, səh. 178);
d) “Əski donun biti, öksüz oğlanın dili acı olur” (Elə orada, səh. 137);
e) Zirehli geyim vurulan qılıncdan, at kişnərtisindən bilinər (Elə orada, səh. 142);
ə) “Vallahi, billahi, Tanrım doğru yolu görürkən, əyri yoldan gəlməyəlim (Elə orada, səh. 189);
f) “Yalnız yigid alp olmaz, yovşan kibi bərk olmaz” (Elə orada, səh. 173).
Bu sadalama siyahısını yenə də davam etdirərdim, lakin buna zərurəti görə bilmirəm: birincisi, ona görə ki, bu barədə təhlil olunan eposun bu xalq müdrikliyinin Dədə Qorqudun dünyagörüşünün baxışının birgə toplandığı və təqdim olunduğu (aforizmlər, atalar sözləri, ənənəvi təlqinlər və sair) müqəddiməsinin müzakirəsi zamanı daha geniş söhbət açdım ki, bu da eposun demək olar ki, bütün boylarında süjet inkişafının və semantik məhvərinin icraçısıdır, buna da bu əsərin təhlili zamanı əməlli-başlı yer ayırdın. İkincisi də, yuxarıda gətirilən kiçik material, düşünürəm ki, bu eposun yazı manerası və üsulu barədə oxucuda müəyyən fikir və ümumiyyətlə, təsəvvür yaratmaq üçün kifayətdir.
Sonunda qeyd etmək istəyirəm ki, “Kitabi Dədə Qoqud” təqdirəlayiq qəhrəmanlıq eposlarından biridir ki, bu da təkcə türkdilli aləmi deyil, eləcə də Yaxın Şərqin vahid mədəni məkanının bədii və əxlaqi arenasını zənginləşdirir. Bəli, bu Oğuz xalqalarının tarixini, onların həyat tərzini və ən başlıcası etik məcəllənin və estetik inancın bu təbiətlə qaynayıb qarışan, ruhən sərbəst tayfa işləyib hazırlayan, kədər və sevinclə dolu ürəklə qopuzda səsləndirilən qəhrəmanlıq eposudur. Bu müxtəlif illərdə yaranmış eposlar toplusu xalq tərəfindən ümumiləşdirilmiş müdrik və peyğəmbər sima Dədə Qorqudun adına yazılır. Buna görə də Dədə Qorqud əxlaqi-estetik mərkəzdir ki, ondan da bütün bəşəri fikir, fəaliyyətin dinamik axını axıb gəlir və ona doğru da bu əsərin fəaliyyətinin dinamik axını üz tutur, müvafiq olaraq bu eposun bütün aspektini – istər fəlsəfi-dini, istərsə də bədii-estetik olsun – əsas kompozisiya məhvərini təşkil edir. Və bir də, oxucunu heyran etmiş və edən “Dədə Qorqud”un şəffaf estetik arenasıdır – hər cür bədii karaqmalar ilə yüklənmiş və sadəliklə doldurulmuş arena. Qısası, möhtəşəm mənzərələri ilə təkcə bizi təəccübləndirmir, eləcə də həmin sadəlik meyarları ilə, sadə xalq üçün naxışları ilə yekunlaşdırılmış bu bədii abidə gözəlləşdirir və ona füsunkarlıq verir.
(son)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU