– Özünüzü oxuculara tanıdın.

 

– Mən Qurbanova Afaq Fərisxan qızı 1991-ci il aprelin 23-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşam. 2 nömrəli orta məktəbdə təhsil almışam. Məktəbi bitirdikdən sonra təəssüf ki, səhhətimdə problemlər yarandı, ali təhsil ala bilmədim. Bir müddət Bakı şəhərində yaşadıq. Orada da mualicə alsam da, xeyiri olmadı. 1-ci qrup əliləm.

 

– Oxucularınız sizi Afaq Azər kimi tanıyır. Mən bunun hüznlü hekayəsinin olduğunu bilirəm. Bəlkə yenə danışasınız?

 

– Bəli, Azər qardaşımın adıdır. 2022-ci ildə onu itirdik. O mənim təkcə qardaşım yox, həm də yaxın dostum idi. Mənim kitabımın olmağı ikimizin də xəyalımız idi. Təəssüf ki, görmək ona nəsib olmadı. Mən hər zaman qardaşımın adını öz adımın yanında qürurla daşıyacağam və mənə bunu etməyimi məsləhət görən dəyərli İradə Aytel xanıma minnətdar olacağam.

 

– Bəs yazarlığa necə başladınız?

 

– Bakı şəhərində yaşadığımız müddətdə rəfiqəm bir gün sosial şəbəkələrdən birində paylaşılan əsərləri göstərdi. Çox maraqlı gəldi. Gündəlik paylaşılırdı, biz də boş vaxtlarımızda oxuyurduq. Bir neçə il oxudum, sonra nəhayət mən də həvəsləndim, yazdım. Çox sevildi, həqiqətən çox bəyənildi. O qədər mesajlar, rəylər, bəyənmələr gəlirdi ki, inana bilmirdim. Hər dəfə daha çox həvəslə yazırdım. Elə olanda da ortaya çox maraqlı əsərlər çıxırdı.

 

– Hansı mövzuda yazmağı sevirsiniz?

 

– Ailə‐məişət mövzularında. Mütləqdir ki, sevgi də olur.

 

– Kitabınız necə ərsəyə gəldi?

 

– Atam mənim yazılarım haqqında qohumumuz, hörmətli insan Kamal Qurbanovla danışıb. O isə “bu istedadı işıqlandırmaq lazımdır” deyərək mənimlə əlaqə saxladı. Əvvəl Bakı şəhərində nəşr olunan “Yurd sevgisi” qəzetində bir neçə romanımı dərc etdirdi. Daha sonra kitab üçün çalışırdı ki, pandemiya oldu, biz Gürcüstana qayıtdıq, sonra da qardaşım dünyasını dəyişdi. Bu səbəblərə görə uzun çəkdi. Nəhayət, 2024-cü ildə ilk kitabım işıq üzü gördü.

 

– Neçə əsəriniz dərc olunub və özünüzün ən sevdiyiniz hansıdır?

 

– Üç romanım dərc olunub. “Mənimsən” yazdığım ilk əsərimdi, qəlbimdə yeri tamam fərqlidir. Necə deyərlər, ilk göz ağrımdır. “Mənim tənha gözəlim” və “Sükutun səsi” romanlarımı təkrar oxuyanda ilk gündə olduğu kimi həyəcanlanıram, kövrəlirəm. Həmçinin sosial şəbəkələrdə paylaşdığım əsərlər də var. Heç birini digərindən ayıra bilmirəm.

 

– Nədən ilham alırsınız?

 

– Yazılan xoş sözlərdən, rəylərdən. Hər kəs yaxşı bilir ki, Faxralı kəndində şeir yazanlar çoxdur, amma ilk nəsr yazarı mənəm. Bunu keçən il kitab təqdimatımda kəndin ziyalıları deyəndə özümlə qurur duydum. Daha sonra gənc bir qız məni özünə nümunə götürdüyünü yazdı, dünyalar mənim oldu. Birilərinə motivasiya oluramsa nə xoş mənə.

 

– Yazmağı çox sevirsinizmi?

 

– Çox sevirəm. Əlim klaviaturaya dəyəndə tamam başqa biri oluram. Orada güclü oluram, orada istədiyimi edirəm. Özümü yaratdığım obrazın yerinə qoyuram və çalışıram, obraz nə qədər çətinliklə üz-üzə qalsa da, o çətinlikdən daha güclü çıxsın. Bəzən yazdıqlarımı oxuyanda “bunları doğrudan mənmi yazmışam” deyə təəccüblənirəm. Ətrafımdan soruşurlar ki, gülərüz və heç kimə nifrət bəsləməyən biri olaraq bir obrazın nifrətini, qəzəbini necə yazırsan? Doğrusu, cavabı mən də bilmirəm. Onda başa düşürəm ki, yazdığım hər obrazı hiss edərək yazıram.

 

– Qadınlar çox zərif və hətta zəif olurlar, siz çox güclü, iradəli xanımsınız. Bunu necə bacarırsınız?

 

– Bu fikirlə heç razı deyiləm. Biz qadınlar elə bir gücə, iradəyə sahibik ki, bəzən öz bacardığımıza özümüz də məəttəl qalırıq. Mən də onlardan biri. Fiziki məhdudiyyətli olmağım yazmağıma mane olmadı və mən ortaya maraqlı işlər çıxartdım.

 

– Sonda nə demək istəyirsiniz?

 

– Mənə belə bir fürsət verdikləri üçün “Yeni yol” qəzetinə təşəkkür edirəm. Mənim üçün çox xoş oldu. İşlərinizdə uğurlar!

 

Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.