Aleksandre ORBELİANİ
O müqəddəs beşlik bu ah-vayda olarkən kiçik bir fars dəstəsinin onlara tərəf gəldiyini gördülər. İndiyədək haldan düşənlər farsların onlara yaxınlaşdığını görəndə dərhal ürəklərini sakit tutdular, farslar çatanda sarsılmaz ürəklə onları qarşıladılar və Anna qorxmadan onlara dedi:
– Gəlin, zalimlər. Hər halda tiflislilər kimi bizə də aman verməyəcəksiniz.
Aralarında bir yaşlı ağ saqqal kişi vardı. Çox nəcib sifəti olan bu adam onların minbaşısı idi. O, atdan düşdü, başqaları da ona baxıb atdan endilər. Həmin minbaşının əmri var idi ki, Tiflisin həndəvərlərini dolaşmalı, əgər bir kimsəni görsələr öldürməli idilər. Buna görə də ona Tiflisdə böyüyüb boya-başa çatan, gürcü dilini yaxşı bilən farsı həvalə etmişdilər. Annanın sözündən sonra minbaşı həmin farsdan soruşdu ki, o qara geyimli qadın nə deyir? Ona tərcümə etdi, minbaşı təbəssümlə dedi:
– Tiflislilərə qədər, hələ siz ən ağır cəza ilə öləcəksiniz.
– Bizə verəcəyiniz heç bir cəzadan qorxmuruq.
Anna qorxmadan bu sözü dedi və bu zaman yoldaşları da inadla onun yanında dayandılar. Minbaşı onların qorxmazlığını görüb mərhəmətli bir ürəklə onlara dedi:
– Guya nə etməliyik? – Aha, bu ölkəyə baxın. Bizim əsgərlərlə necə doldular? “Sənin orada nə işin var?” – Əmr Şah Abbas tərəfindəndir. Bəzilərinin boynu vurulmalıdır, qalanları əsir götürülüb aparmalıdır.
– De görüm, gürcülərin farslar qarşısında nə günahı var?
– Şah Abbasa arxa çevirdiniz.
Anna cavab vermək istədi, amma minbaşı daha macal vermədi və ona dedi:
– Gözəl qadın, səninlə çox danışmağa ixtiyarımız yoxdur. Bunun üçün sizə qısaca deyəcəyəm; Çoxları mənim məsləhətimdən xoşbəxt oldular, siz də məsləhətlərimə inansanız xoşbəxt olacaqsınız.
Anna hirsli və qəzəbli avazla ona cavab verdi:
– Di, de, nə məsləhətin var?
– Bizim dinimizi qəbul edin – tərəddüd etmədən minbaşı ona dedi. Düşündü ki, onun xoşuna gələcək.
– Məncə, buna görə gürcüləri qırıb-batırırsınız, çünki biz xristianıq, siz də güclənmiş müsəlmansınız, niyə bizə yalan uydururdunuz? – “Arxa çevirdiniz?” Kim sizin qabağınıza durdu? Amma yox. Biz xristian olduğumuza görə siz yalan səbəb tapıbsınız və haqsız olaraq gürcüləri qırıb-batırırsınız, daha çox da silahsızları. Mən qadınam, sizin yerinizə mən utanıram.
Doğrudan da, orada olan bütün farslar o qədər utanırdılar ki, daha Annaya baxa bilmirdilər.
Özündən çıxan bir fars önə gəldi, yüzbaşının köməkçisi idi və hirslə dedi:
– Əgər tatarlaşsan, bəli, yaxşı, əgər yoxsa, elə indicə sizi məhv etməliyik. Artıq çox danışmağa ehtiyac yoxdur.
Anna arxayın salmaq üçün çəkinərək dedi:
– Bizi ölümlə hədələməyin, fəqət o qədər vaxt verin ki, dinimizin qaydalarına əməl edək və ondan sonra öz istəyinizi yerinə yetirin.
Halbuki farslar razılaşdılar, lakin onların qorxmazlığına təəccüblənmişdilər. Onlar razılaşdıqdan sonra David Qareceli kilsəsinə daxil oldular və xeyli vaxt orada oldular. Orada keşiş dualar oxudu. Sonra sevinc göz yaşları ilə müqəddəs sirri qəbul etdilər və ayrıldılar. Gördülər: Bu dörd gözəl qadının başları açılmışdı; Onların uzun, parıldayan qara saçları başlarının üstündə, alınlarından yuxarı dolanaraq bir yerə bənd edilmişdi, ağ boğazları çiyinlərinə kimi tamamilə açıq qalmışdı. Bu onun əlaməti idi: “Bizim başımızı daha asan vuracaqlar”. Beləcə bu formada onların üzlərinə daha da gözəlliklər sərgilənmişdi, bir-birlərinə daha da yaraşıq verirdi, sanki üzərlərinə səmavi bir nur düşmüşdü.
Onların önü ilə hündürboylu, əli xaçlı keşiş yandırılmış müqəddəs şamla gedirdi. Onun sifətindən məğrurluq yağırdı, saçları çox qara idi, beşi də üzlərində rahatlıq möhkəm addımlarla gəlirdilər.
Onlar gəldilər, keşiş xaçı yaşıllıq olan bir yerə qoydu, qarşısında müqəddəs şam yandırdı. Sonra beşi də onun qarşısında diz çökdülər və bir ağızdan, ən gözəl səslə kilsə nəğməsini oxumağa başladılar.
O yaşlı minbaşı, bu zaman onların yaxınlığında bir məzar daşının üstündə oturmuşdu, onların halına o qədər acıdı, nəğmələri elə rezonans doğurdu ki, rəhmindən ağladı, səbirsizcə yerindən sıçradı və əllərini göyə qaldıraraq Allahı çağırdı:
– Aman, Allah! Bu yazıqların nə günahı var?
Bu sözə görə qəzəblənmiş köməkçi səsləndi:
– Belə olmadı, o da xristianlaşdı!
Qılınclarını sıyırdılar, altısını da, o müqəddəsləri birlikdə başlarını vurdular və çiçək qarışığı o yaşıl yer onların qanı ilə qırmızıya çaldı.
Beləliklə, beş can iman üçün, altıncısı isə mərhəmət üçün öldü.
Farslar bizim ölkədən əsirləri dəstə-dəstə əli bağlı, əyni çılpaq, ayaqları yalın, paltarı cırıq-cırıq aparırdı. Kimisi ana-atasına, kimisi qardaşına, kimisi bacısına, kimisi də övladına ağlayır, bu kədərli dərdlə Vətənlə əbədi vidalaşır, lakin onlar böyüklərinə adi səbirlə yanaşır və səslərini çıxartmırdılar. O diyakonlar daha heç nə demədi. Onları o bədbəxtlik başlarına gələnə kimi, hadisədən bir neçə gün əvvəl kəndlərə ərzaq yığmağa göndərmişdilər. Onlar Saşaburoya gedəndə kahin Barbarenin elə orada ərə gedən bacısı ilə görüşdülər. Diyakonları yaxşı qəbul edən bu qadın zərif, daha incə idi, yeni dul qalmışdı, heç uşağı da yox idi.
Ertəsi gün səhər o da diyakonlara qoşuldu – yeddi süvarinin müşaiyəti ilə, çox yaxşı yol azuqəsi ilə. O, dedi:
– Bacımı çoxdandır görmürəm, gedib bir az onunla olum.
Tiflisdən bir az aralıda, Vera dərəsinə çatanda orada bir neçə kişi və qadın uşaqları ilə qaçaraq qışqırırdılar: “Etməyin, özünüzə çarə qılın! Şəhərlilər qızılbaş qoşunu ilə mühasirəyə alınıb, şəhərliləri qırmağa başladılar və bura da gələcəklər. Yuxarı, bizim tərəfə çıxana kimi dəlicəsinə aradan çıxdıq və calaya doğru qaçdıq”.
Onlar təəccüblə sual verdilər:
– Nə söyləyirsiniz, necə yəni, qızılbaşlar?
Bu sözdən sonra ah çəkib cavab verdilər:
– Birdən üstümüzü aldırdılar, yoxsa bilsəydik, aqibətlərini görərdilər.
Bunu dedikdən sonra onlar dərhal Vera vadisinin sıx calasına girdilər və kiçik meşədə gizləndilər. Təəccüblənmiş onlar da calaya girdilər və bu danışıqla rahat-rahat dərəyə doğru yol aldılar:
Diyakon Tevdore dedi:
– İlahi, çar Luarsabı hifz eylə, bu səhər mən onu əcdadlarının qəbiristanlığının yerləşdiyi Mtsxeta kilsəsində öz oğlunu dəfn edərkən gördüm; Bu lənətlənmiş qızılbaşlar da ora getsələr, çar Luarsab və əmələsi əsir düşər. Çar oğlunun ölümündən o qədər pərişan olub ki, bu səbəbdən ağlını itirib, bu qızılbaşların gəlişindən tamamilə xəbərsizdir və qorxuram ki, əsir götürməsinlər.
Petre cavab verdi:
– Onu kimi yaxşı çarı Allah hifz etsin və ümid edirəm ki, qızılbaşlar ora daha gedə bilməzlər.
– İnşallah, Allahın izni ilə, – Tevdore cavab verdi.
Halbuki dul qadın onların söhbətini eşidirdi, lakin qızılbaşların qəfil hücuma keçməsinə həddindən artıq kədərlənmişdi.
Mtsxeta dağından Tiflisə baxanda şəhərin od-alova büründüyünü gördülər, qüssələndilər və yazıq dul qadın da kədərdən saçını yolurdu.
Farsların artıq girə bilmədiyi yerə bu dəhşətli səs hər halda tez gedib çatdı. Belə ki, oradan sakinlər evdən bayıra çıxdılar və təcili meşəli dağlara üz tutdular. Var-dövlətlərini evlərində qoyub qaçdılar.
Farsların qayıtmasından sonra kahinlər iki gün idi məhv edilmişdilər ki, onlar gəldilər, kahinlərin və başqalarının meyitlərini görəndə acı-acı ağladılar, xüsusən də Barbarenin bacısı. Onların ürəkləri ağlamaqdan parçalandı, kilsənin yaxınlığında qəbir qazdılar və beşini də birlikdə dəfn etdilər. Onlar da o qoca farsın ölümündən xəbər tutdular, necə ki, baş verdi. Onu da onların yanında dəfn etdilər. Bu ərəfədə qaş da qaraldı.
Həmin gecə o diyakonlar və o qadın məzarların yanında əllərini qoynunda çarpazlayaraq oturdular. Bəzən hönkürtü ilə ağlayırdılar və dul qadın acı göz yaşları tökürdü. Bu qəm-qüssə içində o diyakonlar rahib olmaq üçün hərəkətə keçdilər və ertəsi gün onlar qorxudan düşmənin daha girə bilmədiyi yerə, nə ora, nə də Mtsxetaya, Şio Mğviminin səhrasına getmək niyyətində oldular (Şio Mğvimeli 6-cı əsrdə Abibos Nekreseli, David Qareceli ilə və başqa müqəddəs keşişlərlə birlikdə Assuriyadan Gürcüstana gələn müqəddəslərdən biridir – Tərcüməçi).
Həmin diyakonlar Şio Mğviminin müqəddəslərinin yanına gəldilər və orada – yaramazlıqların daha olmadığı yerdə rahib oldular. Artıq qardaşlıq (Dini şəxslərin birliyi – Tərcüməçi) saflıq, xeyirxahlıq var idi.
Nəhayət, o dul qadın haqqında dedilər: “Üç ay əvvəl qəm-qüssədən öldü”.
(son)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU