Professor Tamar Kerdzaia “Sabahın xeyir, Gürcüstan!” verilişində alimentin ödənməsi şərtləri haqqında danışıb və ananın kimdən aliment ödəməyi tələb edə biləcəyini ətraflı izah edib:
– Uşağın layiqli şəkildə tərbiyəsinin qayğısına qalmaq hər iki valideynin öhdəliyidir. Layiqli tərbiyə dedikdə çox şey nəzərdə tutulur – yemək, geyim, təhsil, eləcə də onun istirahəti və digər ehtiyacları. Təhsil, ola bilsin, öz dəyəri ilə çox fərqlənsin. İctimai məktəblərdə təhsil pulsuzdur, özəl məktəblər də var. Orada təhsil haqqı 20 min dollar da ola bilər. Aliment haqqında danışanda iki faktoru nəzərə almaq mühümdür: aliment ödəyənin maddi vəziyyəti, onun gəliri, əməkhaqqı və aliment alanın maddi vəziyyəti. Həmçinin aliment ödəyən şəxsin öhdəliyində olan şəxslərin sayı da nəzərə alınmalıdır. Ola bilsin, onun başqa övladları, əmək qabiliyyəti olmayan valideynləri var və bu da vacibdir, proporsional olaraq hesablanır. Digər valideynə gəldikdə, bir halda ki, uşağı təmin etmək hər iki valideynin öhdəliyidir, aliment hesablanan zaman ananın əməkhaqqı da hesablanır. Məsələn, əgər valideynlərin əməkhaqqı bərabər – 2000-2000 laridirsə və ana məhkəmədə hər ay uşağa 800 lari lazım olduğunu deyirsə, o zaman məhkəmə digər valideynin əməkhaqqını da hesablayacaq, ataya 800 lari deyil, 400 lari öhdəlik təyin edəcək. Amma əgər ana işləmirsə, bu zaman bütün yük ataya düşür. Yaxud ananın əməkhaqqı atadan azdırsa məbləğ müvafiq proporsionallığa uyğun bölünür.
İstirahət və digər xərclər aliment tələbində qeyd olunmalıdır. Bu, sonra aylıq aliment formasında bölünür. Aliment yolu ilə özəl məktəb, dayə, istirahət və ya başqa tip xərclər tələb etmək olar. Ancaq qeyd etdiyim kimi, iki faktor – atanın, eləcə də ananın maddi vəziyyəti nəzərə alınmalıdır.
– Ananın illər əvvəl atadan tələb etdiyi aliment uşağa kifayət etmirsə?
– Təhsil haqqından başlayaraq istirahət, qida qiymətlərinə qədər hər şey dəyişir. Çox valideynlər hesab edirlər ki, təyin edilmiş aliment 18 yaşa qədər dəyişməz qalır. Bu belə deyil. İki faktoru nəzərə almaqla alimentin miqdarının dəyişməsini tələb edə bilərik: birinci, uşağın ehtiyaclarıdır. Eləcə də aliment ödəyənin maddi vəziyyəti də dəyişə bilər. Məsələn, aliment tələb edən dövrdə digər valideynin gəliri yox idi, yaxud da əməkhaqqı az idi. Təəssüf ki, hərdən elə olur, insanlar öz gəlirlərini gizlədirlər ki, aliment az təyin edilsin. Əgər aliment ödəyənin gəliri artarsa, məbləğin artırılması tələbi də mümkündür. Əgər maddi vəziyyəti pisləşərsə, məntiqli şəkildə, aliment ödəyən tələb olunmuş məbləğin azaldılmasını tələb edə bilər. Ancaq minimum mövcud hədd müəyyən edilib, aliment ödəyən bu məbləğdən aşağı enə bilməz. Məbləğin azaldılması üçün aliment ödəyənin çox ciddi arqumentləri olmalıdır ki, məhkəmə onu nəzərə alsın.
– Əgər aliment ödəyən Gürcüstanda deyilsə, belə halda kim məsuliyyət daşıyır?
– İlk və ən mühüm olan odur ki, əgər şəxs aliment ödəmək öhdəliyi daşıyırsa, üzərindən 15 il də ötmüş olsa, icra etmək həmişə mümkündür. Hətta uşaq yetkinlik yaşına çatmış olsa belə mümkündür. Şərti olaraq, əgər ata, ümumiyyətlə, “yoxa çıxıbsa”, ödəmədən çəkinibsə, Gürcüstanda olmayıbsa, illər ötüb və qayıdıbsa, yaxud hansı ölkədə olduğunu öyrəniriksə, həmin ölkənin məhkəməsinə müraciət edə bilərik. Belə halda keçmiş zaman ərzində, ona aliment öhdəliyi qoyulduğu və ödəmədiyi halda, istədiyimiz zaman tam məbləği tələb edə bilərik. Buna görə də məhkəməyə müraciət etməyin həmişə mənası var.
– Bəs nənə və babadan aliment tələb etmək mümkündürmü?
– Bunu çox adam bilmir – bəli, nənə və babaya aliment öhdəliyi vermək mümkündür. Bunun üçün iki vəziyyət olmalıdır: valideynin müvafiq vəsaiti olmadığı, yaxud əmək qabiliyyətini itirdiyi və övladına maddi yardım göstərə bilmədiyi halda; digər tərəfdən, əgər nənə və babanın müvafiq vəsaiti varsa, bu, mümkündür. Belə hallarda onlardan aliment tələb etmək olar.
– Analıq və atalıq olan hallarda aliment məsələsi necə olur?
– Yetkinlik yaşına çatmamış şəxs konkret olaraq qeyd olunan evdə yaşayırsa, atalıq və analığın ögey övladla bağlı öhdəlikləri yaranır. Əgər valideynin uşağını təmin etmək üçün müvafiq vəsaiti yoxdursa, ola bilsin, aliment analıq və atalıqdan tələb olunsun.
Mənbə: mshoblebi.ge
Gürcü dilindən tərcümə: A.Əliyeva