Tarix təkrar olur. Tarix həm də yaxşı, pozitiv hadisələrlə təkrar olsa da, bu ifadə çox vaxt pis, neqativ hadisələrin təkrarı zamanı yada düşür, işlədilir – qınaq kimi. Tarixin pis təkrarının başa qaxılması daha çox baş yiyələrinin – başbilənlərin qarınlarını düşündükləri – qarınları ilə düşündükləri zamanlarda baş verir. Axı bizdə başbilənsiz iş aşmaz. Qarınqulu isə yeməkdə qoçaq olar, köməkdə naçaq.
Bəli, tarix təkrar olur. Təkrar biliyin anasıdır. Biz nə təkrarlardan dərs çıxarırıq, nə təkrarlarla biliyimizi artırırıq. Axı “tarixdə baş verənlərdən dərs götürmək tarix dərslərindən daha önəmlidir” (Oldos Haksli). Bizdə təkrar biliyin anasını ağlar qoyur. Bizim biliyimiz yetimdir. Eyni hadisəni, eyni səhvi, eyni faciəni, eyni axmaqlığı o qədər təkrar-təkrar yaşayırıq ki, bizdə bu hadisələrə, səhvlərə, faciələrə, axmaqlıqlara qarşı immunitet yaranır. Səhvlərimizi düəltmək əvəzinə tarixə imkan veririk ki, səhvlərimizi təkrar üzümüzə vursun, başımıza çırpsın. Və bizim bu üzüqara tarix təkrarlana-təkrarlana nəsildən-nəslə ötürülür, gələcək nəsillərin başında çatlayır, üzündə şillə olur.
Təkrar biliyin anası olsa da bilik bizimçün ən sonda yer alır. Yaddaşımız elə təkrardan-təkrara təzələnir. Çünki bizi bu latergiya vəziyyətindən silkələyib ayıldacaq başıuca başbilənlərimiz yoxdur, acgöz, qarnıtox başbilənlik edənlərimiz var. Tarixin təkrar olması başımıza təyin olunmuş bu qondarma başbilənlərin heç eyninə də deyil. Onları yalnız daha çox var-dövlət yığmaq, vəzifədə daha çox qalmaq düşündürür. Onlarçün tarix yalnız vəzifəyə təyin olunmaqla, saxta yolla “seçilməklə”, doğum günü qeyd etməklə, toy günü təyin etməklə, istirahətə çıxmaqla, bayramlar qeyd etməklə, əməkhaqqı almaqla bağlı ili, ayı, günü bildirən təqvim rəqəmlərindən ibarətdir.
Təkrarı biliyin anası etməyənləri, tarixdən dərs çıxarmayanları isə tarix cəzalandırır: partiyadan-partiyaya əqidə dəyişən savadsız, yalnız öz mənafeyini düşünənləri karusel kimi yenidən onlara başbilən, başçı təyin edir. Tarix hər şeyə boyun əyən, qul kimi itaət edən, sorğu-sualsız tabe olan mütiləri sevmir. “Ağa deyir, sür dərəyə, sür dərəyə” ifadəsini tarix boyu müti kölələr təkrar ediblər. Və o ağalar bu kor kölələri minib köndələn çapıblar həmişə.
Tarix alimlərinə, yazıçılarına, sənətkarlarına, qəhrəmanlarına dəyər verməyənlərə dəyər vermir. Tarix seçkilərin saxtalaşdırılmasında iştirak edənləri elə onların öz əlləri ilə taxta mindirdikləri (“başlarına mindirdikləri”) hökmdarların, ağaların, tiranların qapazı, şilləsi ilə cəzalandırır və bu üzüqara tarixdən dərs çıxarmayana qədər, səhvləri düzəltməyənə qədər, tövbə edib haqqın, ədalətin, doğrunun, işığın yanına keçməyənə qədər tarix təkrarlanmaqla bu cəzanı uzadır.
Tarixi həm də gələcək haqqında elm adlandırıblar. Tarixini, keçmişini bilməyənlər gələcəklərini qura bilmirlər, həmişə eyni səhvləri edirlər, eyni bataqlıqda çabalayırlar. Bu, həmişə belə olub, olacaq da. Çünki “tarixini bilməyənlər onu təkrar yaşamağa məhkumdurlar” (Edmund Börk). Babaların etdiyi səhvləri atalar edib, ataların etdiyi səhvləri oğullar təkrarlayıb və tarix öyrənilməyənə qədər, səhvlər düzəldilməyənə qədər, təkrar biliyin anası olmayana qədər, milli kimlik yerlibazlıqdan, tayfabazlıqdan üstün olmayana qədər, birlik partiyalara bölünməkdən üstün olmayana qədər, alimlərimizə, yazıçılarımıza, sənətkarlarımıza, qəhrəmanlarımıza içinin otu-suyu olmayan pullularımızdan, vəzifəlilərimizdən çox hörmət qoyulmayana qədər tarix təkrar olacaq.
Azər MUSAOĞLU