Ayın 26-da Qardabani Mədəniyyət Evində Gürcüstanda yeganə azərbaycandilli uşaq teatrı olan “Beez” Uşaq Teatrı növbəti dəfə sosial əhəmiyyətli bir mövzunu səhnəyə gətirməklə diqqətləri öz üzərinə topladı. Gənc şair və yazıçı, həmçinin “Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlunun eyniadlı pyesi əsasında hazırlanan “Keçmişdən gələn oğlan” tamaşasının rejissoru Binəli İslamoğludur.


Tamaşa ilk baxışdan sadə uşaq əsəri təsiri bağışlasa da, əslində həm uşaqların, həm də böyüklərin gündəlik həyatında ciddi narahatlıq doğuran bir problemi – texnologiya asılılığı və uşaqların sosial-əxlaqi inkişafındakı boşluqları bədii və təfəkkür yönümlü şəkildə səhnələşdirirdi.


Tamaşada hadisələr teatra gecikərək bilet almağa çalışan pionerin keçmişdən günümüzə gəlməsi ilə başlayır. O, bilet üçün kassaya yaxınlaşanda şüşəyə bərk-bərk vurur və kassir qız əvvəlcə milis çağırmaq istəyir, lakin tezliklə pionerin məqsədinin sadəcə bilet almaq olduğunu başa düşür.


Daha sonra kassir qızın monoloqu tamaşanın sosial mesajını açıq göstərir: onun teatr mədəniyyətinə marağın zəifləməsi ilə bağlı ironik giley-güzarı, tamaşaçıların gecikməsi, yerinə oturmaması, səssizliyin təmin olunmasının çətinliyi və s. Əslində onun monoloqunda əks edilən səhnələri biz tamaşa başlamazdan ən azı yarım saat əvvəl tamaşaçıların nümayiş etdirdiyi “səhnədə” izləmişdik və bu “Keçmişdən gələn oğlan” tamaşasının həm real həyatı əks etdirdiyini, həm də problemə diqqət çəkdiyini nümayiş etdirən ilk sosial mesaj idi. Kassirin “Tamaşalar 5-də başlayır yazılsa da, biz 6-da yığışırıq” sözləri həm yumor, həm də ironiya ilə dolu digər bir kritik mesaj idi və doğrudan da o gün yaşanmışdı.


Tamaşanın mərkəzində yuxarıda qeyd etdiyim keçmişdən gələn, həyatın təbii ritmində böyüyən məktəbli pioner dayanır. O, müasir dövrdə uşaqların mobil telefon və kompüter oyunlarına həddindən artıq bağlı olmalarını, açıq havada oynamaqdan uzaq düşmələrini, hətta ayaqla futbol belə oynaya bilməmələrini, kitab oxumaqdan uzaqlaşmalarını və teatr kimi ənənəvi sənət növlərinə maraqlarını itirmələrini gözləri ilə görür.


Süjetin gedişatında pioner digər uşaqlarla qarşılaşır. Bir oğlan onu pleysteyş oyununa aparır, lakin oyun onu məmnun etmir və tez bezir. O, digər uşaqlara yaxınlaşır, onların telefona tam konsentrasiya olmaları pionerin diqqətini çəkir və səssizliyi ilə fərqlənən bir sosial görüntü ortaya qoyur. Bu səhnədə pionerin heyrəti  “Bura haradır? Siz niyə susursunuz?” – deyə kədərli tonla səsləndirdiyi sualları sadəcə dramaturji detal deyil, tamaşanın əsas mesajını daşıyan simvolik monoloq idi.


Daha sonra pioner kitab oxuyan qızla qarşılaşır və onun əlindəki “Balaca şahzadə” kitabını görür. Kitabı oxumaq üçün icazə istəyir və qıza kitabı qaytaracağına, onu yazmayacağına və cırmayacağına söz verir. Bu hadisə həm müasir uşaqlığın texnologiya ilə dolu dünyasını, həm də klassik ədəbiyyatın daşıdığı dəyərləri qarşı-qarşıya qoyur və tamaşanın vurğuladığı əsas ideyanı kitab sevgisinin və mədəni dəyərlərin hələ də yaşadıla biləcəyini simvolizə edirdi.


Sonra qız pioneri nənəsinin yanına aparır, çünki onun geyimi və davranışları nənəsinin keçmiş dövr xatirələrini xatırladır və pionerin qarşılaşdığı vəziyyətlərdə ona kömək edə biləcəyini düşünür. Nənə obrazından başa düşmək olar ki, qızın həmyaşıdlarından fərqlənməsində və klassik dəyərlərə yaxın olmasında nənəsinin rolu böyükdür. Lakin valideynləri ilə nənənin yaşadığı dövr arasında yenə də konflikt mövcuddur.


Əsərin sonlarında qızın nənəsi pionerə kömək edir, ona öz zamanına qayıtmaq üçün yol göstərir. Ona biletini qapının altından keçirərək öz zamanına qayıda biləcəyini deyir, amma qəhrəmanımız biletini itirib. Bileti axtarmaq üçün getmək istəyəndə qız kitabını ona hədiyyə edir və pionerimiz ona təşəkkürünü bildirərək biletini axtarmağa gedir. Burada o ilk tanış olduğu oğlanla qarşılaşır, hansı ki, bileti o tapıb...


Dostu bileti ona verir, onlar vidalaşırlar, qapı açılır və keçmişdən gələn oğlan öz zamanına qayıda bilir. Amma onun kitabı – “Balaca şahzadə” burada qalır. Pleysteyşn oynayan oğlan kitabı götürüb adını hərfləyərək oxuyur və heyifsilənərək deyir: “Bilirsiniz, mən anamdan kitab almağını istəmişdim, amma anam almamışdı”. Bu da uşaqların kitabdan uzaqlaşmasında valideynlərinin necə rol oynadığının açıq sübutudur. Sonda dost obrazını canlandıran qəhrəmanımız səhnədə görünür və monoloqu ilə və telefonu tullayaraq səhnədən çıxır. Bununla simvolik olaraq texnologiya asılılığını rədd edir və sadə, təbii həyatın üstünlüyünü vurğulayır.


Tamaşa yalnız uşaqlar üçün deyil, həm də valideynlər üçündür. Tamaşada övladlarla daha çox vaxt keçirmək, kitab oxumaq vərdişinə həvəsləndirmək, real ünsiyyət və sosial bacarıqları gücləndirmək, uşaqları virtual deyil, real oyunlara cəlb etmək açıq mesajlar olaraq təqdim edilir. Bunları bir tamaşaçı kimi izlədikdə bəzi valideynlərin uşaqların telefona konsentrasiya olduqları səhnələrdə uşaqlarını məzəmmət etdiklərinin şahidi oldum. Məncə, mesajlar adresatlarına çatmışdı, geridə qalan bunlara nə qədər əməl edəcəkləridir.
 

Çiyalə OSMANOVA