Dünyada yaşayan milyardlarla insanın hərəsinin özünə görə bir dərdi, bir problemi, bir xəstəliyi var. Ancaq bu milyardların içindən bir nəfərin bir xəstəliyi yarandı ki, sanki bu minlərlə insanın eyni anda çəkdiyi xəstəliyə çevrildi. Bəli, söhbət Knyazdan gedir, Knyaz Əliyevdən, o Knyazdan ki, bizlərə kimliyimizi xatırlatdı, bizlərə sinəmizdə daş deyil, ürək gəzdirdiyimizi yad etdirdi.

 

Düzü, o zamanlar mən bu gənci heç tanımırdım da. 3 il əvvəl hələ o xəstəliyə tutulanda onun haqqında dayım oğlunun sosial şəbəkədə şəklini paylaşıb, altından da Allah şəfa versin yazısını gördüm. Tez zəng edib məsələni öyrəndim. O zaman bildim ki, bu gəncə ürək köçürülməli və bunun üçün də külli miqdarda məbləğ tələb olunmaqdadır. Tez iş otağıma gəlib, həmin şəkli endirib, üzərinə camaatın yardım etməsini təşviq edən bir mətnlə Knyazın adına açılmış bank hesab nömrəsini əlavə edərək tanıdığım, bildiyim hər kəsə göndərdim. Bu paylaşım qısa müddətdə böyük bir kütləyə yayıldı və hər tərəfdə səs-sədaya səbəb oldu. Təbii ki, bu onun üçün başladılan aksiyaların kiçik bir hissəsini təşkil edirdi .

 

Uzun illərdir özümün övlad həsrəti ilə yandığımdan və bir ananın da övlad həsrəti çəkməsini istəmədiyimdən idi yəqin ki, bu çabam. Çox qısa zaman sonra Allahın məni və ailəmi övlad sevinci ilə sevindirməsi də bu yaxşılığımın qarşılığı və ya bir ananın duasının nəticəsi idi bəlkə də.

 

Knyaz bizə birliyimizi, gücümüzü, bağlılığımızı öyrətdi. O zamanlar marneulili birinin Laqodexidə, qaballı birinin Bolnisidə Knyaz üçün yardım topladığının şahidi olduq. Dünyanın müxtəlif yerlərindən gələn zənglər, yardımlar bizim birliyimizi daha da möhkəmləndirdi. Bu yardımın toplanması üçün yeddidən yetmişə, əkinçisindən deputatına kimi hər kəs birlik oldu. Tövləsindəki danasını satan yetmiş yaşındakı dayı da, dondurma alması üçün 1 lari verilən körpə uşaq da əlindəki pulunu Knyazın sağalması üçün bağışladı.

 

Zaman keçdi gərəkən məbləğ toplandı və əməliyyat uğurla həyata keçirildi. Bu əməliyyatdakı ürək sanki Knyaza deyil minlərlə insana köçürüldü. Hər kəs rahat
nəfəs aldı.

 

Aradan 3 il ötdü, bu dəfə yayılan ağır və sarsıdıcı xəbər hər kəsi yasa boğdu. Çünki Knyazın vəfat xəbəri idi bu.

 

Knyaz bizim birliyimizin bir simvoluna çevrildi. Onun xatirəsi Qarayazı, Borçalı və Başkeçid xalqı üçün həmişə əziz olacaq. Çünki Knyaz bizə bir yol açdı. Onun arxasından neçə insanın sağlamlığı üçün dəstək yığıldı.

 

Əziz qardaşım, yerinin cənnət , ruhunun şad olmasını diləyirəm. Allah sənə rəhmət eləsin!

Hacı BƏKİROĞLU