“Hökumətlə hökumətlik eləmə” və ya “Hökumətlə hökumətlikmi edəcəksən?” – bu ifadə hamıya tanış olsa da, daha çox yaşlı nəslin nümayəndələrinin işlətdiyi ifadədir. Mən hələ bu ifadəni yeri gəldi-gəlmədi işlədən gəncə, cavana rast gəlməmişəm. Yaxşı da ki, rast gəlməmişəm. Bilmirəm, bəlkə də nənə-babalarından, məktəbdə yaşlı müəllimlərindən, çayxanalarda yaşlı kişilərdən bu ifadəni dəfələrlə məsləhət kimi eşidib tutuquşu kimi yeri gəldi-gəlmədi ona-buna təkrarlayan cavanlar da var. Amma mən, şükür, bu cür gənclərlə hələ qarşılaşmamışam. Məncə, bu onu göstərir ki, mütiliyi, köləliyi, mövcud vəziyyətlə barışmağı, susmağı təbliğ və təşviq edən bu qondarma ifadə yaşlı nəslin sevdiyi və işlətdiyi ifadədir ki, Sovet babalarından əmanət qalıb.
İnternetdə bu deyimin, ifadənin mənşəyini axtardım; “Google”dan tutmuş süni intellektə qədər ifadənin “kollektiv xalq təfəkkürünün məhsulu” olduğunu dedi. Təfəkkürünə bərəkallah!
İfadəyə Sovet ədəbiyyatı nümunələrində də rast gəlmişik, məsələn, Mirzə İbrahimovun “Gələcək gün”, İsmayıl Şıxlının “Dəli Kür” romanlarında bu ifadə mənfi qəhrəmanların dilindən verilir. Yəni özünə hörmət edən müsbət qəhrəman bu ifadəni işlətməz, başqalarına bu cür müti məsləhət verməz. Özünə hörmət etməyən mənfi qəhrəman isə: “Necə, hökumətlə hökumətlik eləyəcəksiniz? Könlünüzə Sibir düşüb? İstəyirsiniz ki, balalarınız yetim qalsın?” (İ.Şıxlı, “Dəli Kür”) deyərək hədə-qorxu gələr.
Hökumətlə hökumətlik eləmə, hökumətlə müxalifətçilik eləmə, hökumətlə vətəndaşlıq eləyib mövqe sərgiləmə, hökumətlə seçicilik edib seçkilərdə iştirak eləmə, hökuməti təmsil edənləri tənqid eləmə, onu eləmə, bunu eləmə, başını aşağı sal, işini gör, amma hökumət sənlə harada istəsə, necə istəsə, nə istəsə eləyə bilər. Kollektiv təfəkkürünün məhsuluna bərəkallah!
Bu ifadəni sevib işlədən, səmimi qəlblə inanan yaşlıların əksəriyyəti ya despotdur, ya kölə; ya ailədə, bəzən tayfada, nəsildə rejim yaradıb hamıya qan udururlar, hamı onlardan qorxur, onların bir sözünü iki eləmir, onların hər zülmünə dözərək etiraz eləmir, onların qara dediyi qatığa hamı qara deyir, ya da əksinə, ailədə, nəsildə, iş yerində, nəhayət, yaşadığı ölkədə kölədir, hamı ona qan uddurur, hamıdan qorxaraq susur, hər zülmə dözür, o-bu qatığa nə rəng desə bu da susaraq başı ilə təsdiqləyir və s. Məncə, “Hökumətlə hökumətlik eləməzlər” ifadəsini də məhz birincilər ikincilər üçün qondarıblar.
Ümumiyyətlə, dilimizdən qütbləşmə yaradan, mütiliyə, köləliyə, susqunluğa, hərəkətsizliyə təşviq edən bu cür qondarma ifadələri, deyimləri, məsəlləri, “atalar sözlərini” çıxarmaq lazımdır, yaddaşlardan silmək lazımdır. Bu ifadələr amorf cəmiyyətlər üçündür. Özünə, keçmişinə, gələcəyinə hörmət edən xalqlar “Hökumətlə hökumətlik eləmə”, “Ağa deyir: – Sür dərəyə! – sür dərəyə”, “Az aşım, ağrımaz başım”, “Əyilən başı qılınc kəsməz” və bu kimi ifadələri dilinə gətirməz.
Bir də ki, hökumətlə dövləti qarışdırmayın. Hökumət müvəqqəti və dəyişkəndir, dövlət isə daimidir. Haqqında danışdığımız ifadə isə “Dövlətlə dövlətlik eləmə” olmalı imiş. Gəldi-gedər hökumətlə hökumətlik eləmək isə vətəndaşlıq haqqıdır. Belə ki, Sovetdən qalma kollektiv təfəkkür məhsuluna inanmayın, hökumətlə vətəndaşlıq da edin, müxalifətçilik də, hökumətlik də...
Azər Musaoğlu