Hər bir ölkənin dili, dini, mədəniyyəti ayrı-ayrı olduğu kimi inancları da müxtəlifdir. Çoxlarımız bunu batil  inanclar adlandırırıq. Bu inanclar bizə böyüklərdən qalmışdır. Hər nə qədər məntiqsiz olduğunu bilsək də çoxlarımız bu inanclara inanırıq. Məsələn, süpürgə ayağına dəydisə şər atacaqlar; qəbiristanlıqda hansısa bir qəbiri barmaqla göstərmək olmaz, əgər barmaqla göstərmişiksə həmin an üç dəfə barmağımızı dişləməliyik; şənliklər üçün cüt gül aparmaq pis başa düşülür, çünki sadəcə cənazə üçün cüt gül aparıldığına inanırıq; əgər evdə güzgü sınarsa bu, bədbəxtlik gətirəcəkdir; ovcumuzun içi qaşınırsa pul gələcək; qara pişik görsək  günümüz pis keçəcək; mavi muncuq (göz muncuğu dediyimiz) nəzərdən qoruyur; əgər evin ətrafında bayquş hərlənirsə ölüm olacaq; evdə fit çalmaq olmaz, evin bərəkəti gedir və sairə...

 

Bu inanclarla bağlı başıma gələn bir-iki hadisəni qeyd etmək istəyirəm. Bir gün evdə ailəvi nahar edirdik. Birdən qardaşım duz qabını əlindən stolun üstünə saldı. Nənəm həmin dəqiqə “tez üstünə şəkər qoy, ya da su tök” dedi. Mən mat-mat yerimdən baxırdım. Qardaşımın nəsə pis bir şey etdiyini düşündüm. Elə bildim nəsə böyük bir səhv etdi. Ona görə ki, nənəm tez-tez danışırdı. Elə bil həmin dəqiqə nəsə olacaqdı. Bilmirdim ki, belə inanclarımız var. Sonra nənəmdən duz yerə töküləndə nə olur deyə soruşdum. Nənəm isə mənə belə cavab verdi: “Mənim balam, yerə duz tökmək olmaz, evdə dava düşər, gərək üstünə şirin bir şey qoyasan”. “Ay nənə, axı bu nə deməkdir? Duzun evə dava düşməsi ilə nə əlaqəsi var? Bunu sizə kim deyib?” deyə suallar yağdırdım. Nənəm: “Nə qədər çox sual verirsən! Yemək yeyəndə adam danışmaz! Sakitcə yeməyini ye”.

 

Bu, mənim ağlımdan çıxmırdı, görəsən, doğrudan da belə bir şey ola bilərmi?.. Sonra qəsdən duzu yerə töküb nəyinsə baş verəcəyini gözlədim. Amma heç də nənəmin dediyi kimi dava və ya mübahisə olmadı. Mən də  nənəmin mənə yalan danışdığını, mən heç nə yerə tökməyim deyə qorxutduğunu düşünmüşdüm. Sonra buna tez-tez başqa yerlərdə də şahid oldum. Yoxsa haradan bilərdim ki, təkcə nənəm yox, hamımız belə inanclara əməl edirik.

 

Bir gün rəfiqəmlə məktəbə gedirdik. Birdən qara pişik gördük. Mən ona yaxınlaşıb sığallamaq istədim. Amma pişik qorxub qaçdı. Rəfiqəmin əhvali-ruhiyyəsi dəyişdi. Öz-özünə danışırdı: “Bu gün günümüz pis keçəcək, axı o qədər adamı qoyub niyə bizim qarşımızdan keçdi bu heyvan”. Belə şeylərə doğrudanmı inandığını soruşdum. Rəfiqəm inandığını, qara pişiyin bədbəxtlik, uğursuzluq gətirdiyini əminliklə dedi. Mən heç nə demədən başımı sallayıb gülərək qara pişiyin addadığı yolla keçib getdim.

 

Başa düşə bilmirəm, axı biz niyə heyvanları bu batil inanclara daxil etmişik. Qəribə olan isə bu inanclarda təkcə qara pişiklərin nəzərdə tutulmasıdır. Axı Allah onu qara yaradıb. Qara rəngli pişiyin uğursuzluq gətirəcəyinə bu qədər çox inanırıqsa, qarşımıza qara toyuq da çıxa bilərdi. Görəsən, onda niyə belə düşünmürük?

 

Mənə yenə də qəribə və məntiqsiz gəlir belə inanclar. Bu gördüklərimdən sonra öz-özümə suallar verə-verə başladım digər ölkələrin inanclarını araşdırmağa. Daha qəribə şeylərə rast gəldim. Bu cür inanclar təkcə bizdə deyil, digər millətlərdə də var. Bütün dünyada qəribə inanclar varmış və xalqlar da buna çox inanır və əməl edirlərmiş.

 

Mənə ən qəribə gələn isə ispanların üzümə olan inancı olmuşdur. Belə ki, bu insanlar üzümün onlara uğur gətirdiyinə inanırlar. Əgər bir insan ilin hər ayında saat tam 12:00-da 12 üzümü yeyərsə və bunu hər ay edərsə həmin insan bütün ili şanslı olacaqmış. Qəribə tərəfi isə bu üzümü heç kimin sona kimi yeyə bilməməsidir. Axı bir dəqiqə içində 12 üzümü necə yemək olar?..

 

Fikrimcə, insanların bu düşüncələri, inancları heç vaxt dəyişməyəcək. Bu belə də davam edəcək. Elə bu cümlə də bunu təsdiqləyir: “Çünki insanlar elə bir varlıqdır ki, etdikləri, inandıqları hər nəyinsə yanlış olduğunu bilsələr də, yenə də ona inanmaq istəyirlər”.

 

Müəllif: Validə Fətullayeva