Bu, dərin deyilən söz ki, var – dayaz sözünün tərsi, əksidir. Dil dərslərində “antonim” adlandırırıq. Amma elə ki, dərin-dərin dəryalara dalaram / şirin canı eşq oduna salaram misralarının işığına köklənirik, onda dərhal sözün ilkin-həqiqi mənasından çox, məcazi-törəmə mənalarına üz tuturuq: dərin düşüncəli, yüksək dərəcəyə çatmış, kamillik, dərk-idrak məqamları... Başqa sözlə, bizdə dərinlik həm də çox yüksəklik, intəhasızlıq anlamlarını da verir. Gözəldir, deyilmi? Qəlbin dərinlikləri, dərin göylər, dərin təfəkkür... Elə dərinliklər var ki, dərinlikölçən cihazla ölçülməz, dayazda boğulanlar bilməz... Aydındır ki, mənalar da sözlərin dərinliklərindədir.
Bədii-estetik-mənəvi iqlim yarada bilən söz adamları: yəni yazıçılar və şairlər üçün də beynəlxalq nüfuzlu mükafatlar mövcuddur: Nobel, Qonkur, Buker, Pulitser və sairə.
İlk qələm təcrübələrindən utana-utana söz açan gənc müəlliflərlə bəzən yuxarıdan-aşağı jestlərlə, zoddu, arada-sırada hətta zorba davranırıq: sanki Pulitserə on il əvvəl, ya da yenicə layiq görülmüşük; sanki istedadlı gənc müəlliflər bizim kəşfimizdir, bizim tapıntımızdır; oturub-durub hey hekayə anladırıq, hekayə qurmaq barədə isə səs də çıxarmırıq, hey nələrisə sübut eləməyə çalışırıq. Məsələn, gənc müəllif biləndə ki, ədəbiyyat üzrə Nobel mükafatı – təsisçinin vəsiyyətinə əsasən – “idealist tərzdə” yazılmalıdır, heyrət edir ki, əcəba, bəs onda nəyə görə futbol komandamız, televiziya kanalımız, köynəyimiz, göynəyimiz, yeməyimiz, müxtəsəri, az qala hər şeyimiz “REAL”dır? Amma əgər yalnız real olana istinad ediriksə, onda niyə heç birimiz yerimizi bir gənc yazara təklif etmədik?
Çünki gərək ya evdə bişə, ya da qonşudan gələ: görünür, dərin olanlar bizim qismətimizdə deyilmiş. İstər özünü qına, istər dostunu, ya da düşmənini. İstər zamanı-dövrü təqsirləndir, istərsə də müəllimlərini (məsələn, Dədə Mirzə Borçalını) günahlandır. Dərinliklərə elə üsulla enə bilmədik ki, yüksəklərə qalxmağın dadını-tamını da çıxara biləydik.
Beləliklə, oralarda ayla, illə, buralarda müxtəsər dillə...
...Eşidəndə ki, ədəbiyyat üzrə builki Buker mükafatının uzun siyahısında (qısa siyahını mayın 3-də açıqlamaq nəzərdə tutulur) həmyerlimiz – Gürcüstan yazıçısı Nana Ekvtimişvilinin (ona salamlar olsun) “Armudlu düzəngahı” romanı da yer alıb, açığı çox sevindik. Və hörmətli Nana xanımı zirvədə görmək ümidi ilə təbriklər, iradlar, selləmə statuslar, müxtəsəri, xor və solo sıxlığı yarandı.
Roman illər öncəsi dilimizə çevrilsə də qeyri-səlis, doğrudan uzaq, hətta bəzi əngəlli farmazon fikirlər də səslənməyə başladı:
Borçalının məşhur yaylağıdır Armudlu...
Tərcüməçi deyəsən Borçalını heç tanımırmış...
Müəllifin sülaləsi, kimliyi-şəcərəsi ilə maraqlanmaq lazımdır; bəlkə elə o e...lərdəndir.
Hətta “ərazi” iddiaları, hərfi tərcümə həvəsləri, zehinləri zədələmək zibilləri...
...Başları ağrıyanlar bağışlasınlar. Romandakı hadisələr sağlamlıq imkanları məhdud uşaqlar üçün olan bir internat məktəbdə baş verir. Bu hekayət təkcə yaşamaq: diri və duru qalmaq uğrunda mübarizə deyil, həm də böyümək, yetkinləşmək, eynən sağlamlıq imkanları məhdud olmayanlar kimi, bəzən bəlkə hətta onlardan da artıq, dərinliklərə enmək, ucalıqlara yüksəlmək tarixçəsidir. Kitabda “Tiflis ucqarları” deyilsə də əslində mənəvi-ruhi olaraq məkan hətta adi feysbuk səhifəsi də ola bilərdi, Paris də ola bilərdi, Təbriz də ola bilərdi. Lap elə qələm qardaşım Etimad Başkeçidin dağlarının bir düzəngah ətəyi də ola bilərdi.
Sizə xatırladıram: bizim bəşər tarixində elə qaranlıq dövrlər olub ki, fiziki qüsurluluq, sağlamlıq imkanı məhdudluq “qara ləkə”, “damğa” sayılıb; bəlkə bu sərhesab səbəblərdən də ona həmin anlamları özündə daşıyan stiqma adı vermişik; misilləmə misal üçün, taun xəstəliyinə tutulanları ətrafdakılardan fərqləndirmək üçün bir zamanlar onların boyunlarından zınqırovlar da asmışıq, onlara alçaldıcı münasibətlər bəsləmişik. Hələ ruhi xəstələr... Bəşəri duyğular, insani hisslər kar və kor kənarlarda necə qalırmiş, İlahi!
...Müəllif uşaq vaxtları bu məktəbə yaxın yaşamışdır. O, Tiflisə qayıtdıqda məktəbi, uşaqları görür və köhnə-həzin xatirələri yenidən oyanır. Qərara alır ki, oxucularını bu uşaq dünyasına buraxsın. Onlar da hər an yaxınlıqda olsunlar, körpəlikdən zədəli-travmalı kövrəkləri tək qoymasınlar! Beləcə, “Armudlu düzəngahı” romanı yaranır. Burada uşaqların bəziləri bu üzülməyən ümidlərlə yaşayırlar ki, bəlkə günlərin bir günü, hətta lap elə günü sabahdan kimsə gəlib – məsələn, Amerikadan gəlib – onları övladlığa götürəcəkdir! Məsələ təkcə sosial müavinətlərdə deyil ki!
P.S.
Hazırda mənim yaxın qohumlarımın bir uşağı – nəvəm sayılan bir uşağı – “Armudlu düzəngahı”nda təsvirini tapmış həmin oxşar təmayüllü məktəblərin birində oxuyur. Romandakı səslər, cizgilər, ağrılar mənə o qədər tanış və doğma gəldi ki, sanki özüm də o məktəbi bitirmişəm, o nisgilləri yaşamışam. Məsələ həmişə Mənada imiş!
...Dünən virusoloq (həm də psixoloq) N.N. yarızarafat, yarıciddi təklif edirdi ki, biganələrin bəziləri pandemiya peyvəndi əvəzinə psixoloji peyvənd vurdursalar yaxşıdır.
Kim bilir?
...Amma, zənnimə deyil, ədəbiyyata gəlincə, bu yerdə ən münasibi C.Adrianın “Kül”üdür:
İçimde bir şey kanıyor...
...kalbimde bir yerde bir orman yanıyor.
...kül olur kalbimdeki zamanla;
yana-yana, yana-yana...
İBRAHİMXƏLİL