Bəzi insanlar niyə belədir axı? Bir işə başladıqları zaman, alınmırsa, o işi buraxıb ümidsizliyə qapılmağı seçirlər? “Artıq nə edəcəyimi bilmirəm”, “belə bir şey necə ola bilər”, “düzələn deyil”, “düzəlməsi artıq mümkün deyil” – bunlar bir çox insanın tez-tez istifadə etdiyi sözlərdir. Hər zaman bir işə başlayarkən o işin alınmayacağına, olmayacağına inanaraq başlamayın. Siz artıq bu işin olmayacağına inandığınızda, alınsa da, alınmasa da fərq etmədiyini düşünməyə başlamış olursunuz. İstədiyiniz şeyə ümidlə yanaşın, onu istədiyinizi göstərin.


Sizə adi bir hadisəni misal gətirmək istəyirəm. Bu yaxınlarda sürücülük vəsiqəsi almaq qərarına gəldim və oxuyub öyrəndim. Bacaracağıma əmin idim və elə də oldu. İmtahan günü gəlib çatdı, yüksək nəticə ilə imtahanı verdim. Sonra ikinci mərhələ üçün hazırlaşmağa başladım. Təbii ki, bu mənim üçün kompüter arxasında oturub işlədiyim testler qədər asan olmadı, sükan arxasında əyləşməli idim və bunu bacarmağım bir az çətin oldu. Dəfələrlə sınadım özümü, hər dəfə imtahandan kəsildim. Amma ruhdan düşmədim, hər gün eyni həyəcan, eyni hisslərlə sükanın arxasına keçdim, hər dəfə geri qayıdanda “artıq burax başını, olmur, qızsan, nəyinə gərəkdir maşın, artıq neçənci dəfədir kəsilirsən” kimi sözlər dedilər. Mən isə buraxmadım, başladığım işi davam etdirdim. Çünki mükafatımı istəyirdim, buna görə də ümidsizliyə qapılmadım, tam on iki dəfə kəsildiyim imtahanı sonunda verdim, mən bacardım.


Dünya imtahan yeridir. Yəni gözəl, yaxud da pis davranıb-davranmayacağımızın sınanması üçün göndərildiyimiz bir yerdir. Xəstəlik, məktəb imtahanlarında müvəffəqiyyətsiz olmaq, birindən pis söz eşitmək... – bunların hamısı bir-bir və ya birdən, eyni vaxtda da insana imtahan olaraq verilə bilər. İnsan elə bir varlıqdır ki, hər şeyə dözə bilər. Əsas qarşınıza qoyduğunuz məqsəddən, xəyalını qurduğunuz şeydən vaz keçməyin. Bir dəfə yoxladım olmadı, demək ki, mənlik deyil, – deyə düşünməyin heç vaxt.

 

Həmyaşıdlarıma, yetişməkdə olan gənclərə demək istəyirəm ki, heç vaxt xəyalınızın arxasını buraxmayın, hər nə olursa olsun gedin onun arxasıyca. Bəzən ümidsizlik ola bilər, amma siz yenə də çalışın, bir şey olmursa, demək ki, vaxtı deyil, səbr edin, daha çox çalışın, olmaması üçün bir səbəb qalmayana kimi mübarizə aparın, başqa yolunu axtarın. Hər şeyi etsəz belə olmursa, demək ki, sizi daha gözəl bir şey gözləyir, ümidsizliyə qapılmayın heç vaxt. Hər zaman bir ümid vardır. Belə bir söz oxumuşdum, bu, bir az sizə gülməli gələ bilər, amma yenə də paylaşıram. Deyir: “Əgər biri sizə bir limon verirsə, ondan limonad düzəldin”.


Bir şeyi çox istəyirsinizsə bacaracağınıza inanın. Çünki insan beyni belədir – ərincəklik etməyə meyillidir. Bir şeyi etmək istəmədiyimiz zaman bizə etməməyimiz üçün hər cür bəhanə yarada bilər. Düşünün, evə yorğun bir şəkildə gəlmisiniz, dincinizi almaq üçün oturursunuz, bu zaman hər hansı bir tanışınız zəng vurur və “Gəl şəhərə çıxaq”, – deyə gəzməyə getməyi təklif edir. Siz bunun üçün qalxıb hazılaşacaqsınız, yol getməli olacaqsınız. Bu zaman ərzində müəyyən bir vaxt keçmiş olacaq. Bunu yorğun olduğunuz halda etdiniz, çünki bunu özünüzə bir mükafat olaraq seçmişdiniz. Əgər ərinməsəm, dursam, hazırlaşıb getsəm məni yaxşı bir şey gözləyir deyib etdiniz bunu. Hər şey belədir, əslində bu qədər sadədir: heç bir şeyi həmin dəqiqə əldə etmək olmur. Dərs oxumaqdan yorulduğunuzda “oxusam sonunda istədiyim universitetə qəbul olacam, yaxşı bir gələcək məni gözləyəcək, davam eləyim” deyin. İşləriniz çox olduqda “sonra edərəm” yox, “indi etsəm evə tez gedib dincələcəm” kimi kiçik mükafatlar verin özünüzə.


Unutmayın ki, hər nə olursa olsun, insanın kədərdən uzaq olması, kədər qaynağı kimi görünən hadisələrdə xeyirləri görüb gözəlliyə çevirməsi çox asandır.


Aytən FƏTULLAYEVA