Əvvəla onu deyim ki, yazının özü mənə, başlığı isə özgəsinə məxsusdur.

 

Bu yaxınlarda özünü ateist kimi klaviaturaya verən (“qələmə verən” ifadəsinin müasir qarşılığı), virtual və vizual olaraq tanıdığım bir profil kilsədə şam yandırdığı anını rəqəmsallaşdırıb sosial şəbəkədə paylaşmışdı.

 

– Hə, noolsun?! Burada qeyri-adi nə var ki? İnsan istəsə kilsədə şam yandıran zaman şəkil çəkdirər, istəsə məsciddə namaz qıldığı zaman, istəsə də sinaqoqda dua edən zaman. Üstəlik istəsə bu şəkli feyzbukda da paylaşar, instaqramda da, lap belə tik-tokda da. Kimin nə işinə? Səmimi-qəlbdən razıyam.

 

Şəbəkə sosial olduğu üçün şəkli yaxın dostuma göstərib bu cür insanların hansı məzhəb və məsləyə beyət etdiyini, kim olduğunu başa düşməkdə cahil olduğumu dedim. Cavab qısa və aydın oldu: Multiquldur.

 

Söz xoşuma gəldi, hallalığını alıb yazının adını qoydum “Multiqulduralizm”.

 

Kim olur-olsun, əqidəsində möhkəm olan, həftə səkkiz, mən doqquz dəyişməyən insanlara həmişə hörmətlə yanaşmışam. Amma və lakin özünü dinsiz göstərib, əcdadlarının meymun olması ilə fəxr etmək, hər fürsətdə müsəlmanları aşağılamaq, inanclı insanların hissləri ilə məzələnmək, sonra da kilsədə şam yandırıb şəkil çəkdirib paylaşaraq frendlistindəki xristianların xoşuna gəlmək nə müasirlikdir, nə savadlılıq, nə də multikulturallıq.

 

Bu, multiqulduralizmdir. Bu, bir mədəniyyəti bəyənib, başqasını aşağılamaqdır. Bu, bir dinin Allahını inkar edib, digər dinin bəndələrinə yaltaqlanmaqdır. Bu, ikiüzlü, riyakar tolerantlıqdır. Bu, ateizm deyil, ateist olmaq deyil, “aferizmdir”, “aferist” olmaqdır. Bu, özününkünü bəyənməməkdir, komplekslilikdir. Bu, qərəzdir, kindir, nifrətdir... Axı sənin sərgilədiyin “dünyagörüşü”, “prinsip” bütün xalqların nümayəndələrinin bərabər mədəniyyət hüquqlarına padnoşka (badalaq) vurmaqdır.

 

Sənin ateistliyin təkcə İslama qarşı olanda, sənin müasirliyin təkcə öz adətlərinə qarşı olanda, sənin “mübarizən” təkcə öz millətinə qarşı olanda olursan multiquldur.

 

Quldur dedim, yadıma quldur Prokrust düşdü. “Prokrust yatağı” ifadəsi Borçalıda işlənməsə də, eşidənlər tapılar yəqin.

 

Yunan mifologiyasındakı rəvayətə görə, yollarda rastlaşdığı yolçuları, səyyahları aldadıb evinə aparan quldur Prokrust əvvəlcə onları qarət edir, sonra isə özünün dəmir yatağına uzadaraq onlara işkəncə verirmiş. Yatağına uzatdığı adamın boyu uzun olduğu zaman onun ayaqlarını kəsib yatağın boyu ilə eyni edərmiş; yatağa uzatdığı adamın boyu qısa olduğu zaman isə onun əllərindən və ayaqlarından yatağın uzunluğu qədər uzanana kimi dartarmış. Beləliklə, aldatdığı hər kəsi işgəncələrlə öz yatağının ölçüsünə uyğunlaşdırarmış. Sonda Prokrustun aqibəti də qurbanlarınınkı kimi qurtarır.

 

Bu gün multikultural dünyagörüşlü insanlardan hamını öz yatağının ölçüsünə uyğunlaşdırmaq, eyniləşdirmək, standartlaşdırmaq istəyən Prokrustların sayı daha çoxdur. Fərqli düşüncəyə, fərqli fikrə, azad sözə, rəngarəngliyə, müxtəlifliyə qarşı Prokrust işgəncəsi hələ də davam edir. Mən nəyə inanıramsa hamı ona inanmalıdır, mən nəyi bəyənirəmsə hamı onu bəyənməlidir, hamı mənim kimi fikirləşməlidir, hamı mən yediyimi yeməlidir, geyindiyimi geyinməlidir və sair. Bu, multiquldurluqdur, əzizlərim.

 

Dünya Tanrının yaratdığı kimi daha gözəldir. Başqalarını öz yatağınızın ölçüsünə, qəlibinə salmağa çalışmayın. Çalışın özünüz olun və özgələri də olduqları kimi qəbul edin. Bu dünyada hamının öz boyuna uyğun yatağı da tapılacaq, məzarı da qazılacaq.

 

Azər MUSAOĞLU