Başların ayaq olub, ayaqların baş olduğu bir dövrdə balığın başdan iylənməsi təbii, bioloji prosesdir. Ayaqla başın yeri səhv düşəndə iylənmiş balığın qoxusu ilə ayaq iyi də bir-birinə qarışır, başdan iylənən balıq ayaq qoxusu verir, bilmirsən, iylənən balığın başıdır, yoxsa ayağın qanqren olmuş baş barmağı...
Bunun elə də fərqi yoxdur, yəni pis qoxu, üfunət istər iylənmiş başdan gəlsin, istərsə də çürümüş ayaqdan – necə deyərlər, mahiyyət etibarilə eynidir: ürək bulandırır, ikrah yaradır və sair.
Amma təki baş ol, istərsən lap soğan başı ol. Bunu da yaxşı-yaxşı yadında saxla ki, başı baş edən – ayaq, ayağı ayaq edən – dayaqdır. Ona görə da, “bədənin qanqren verən yerini kəsib atarlar” məsləhətinə-zada, ayağın pis qoxumasına-filan fikir vermə, bacardığın qədər ayaq yığ ətrafına ki, baş olasan, başda olasan, başqan olasan, amma başdan olmayasan...
İndi bildinmi şəhərimiz niyə pis qoxuyur? – Çünki balıq başdan iylənər. Çünki iylənmiş başların sayı çoxalıb. Çünki başla ayağın yeri səhv düşüb. Çünki “bir tikə çörək xatirinə, yüz tikə p...x yeyir müasir insan” (Xaqani Hass)...
Bəli, bacarana baş qurban deyirsən. Baş əyməklə başın ağrımadığını da bilirsən. Bunu da bilirsən ki, “bilmirəm” – baş ağrıtmaz...
Qoy bir-ikisini də mən deyim. Başa qoyulubsansa (başa mindirilibsənsə) heç vaxt bilmədiyin işə başını soxma. Onun-bunun həyatını dürtmək üçün bəslədiyin uzun burnun girmədiyi yerə də başını soxma. Ümumiyyətlə, gərək səni başa qoymaq (başa mindirmək) istəyənlərlə şərti şumda kəsəydin ki, səni meyvəsinə əlin çatacaq ağacın başına mindirəydilər. Əks halda, gərək kiminsə belinə minib dərəsən o meyvələri.
Başı boş olanın sözünün baş olmamasını da unutmayasan gərək. Yaxşısı budur az danış, qoy sənin yerinə altına yığdığın ağlı topuğunda olan ayaqlar danışsınlar. Gördün ayaqlar da dayaq ola bilmir, daş atdırıb başını tut, kimə dəyər-dəyər, “baş onun, daş bunun, mənimki görməməkdir” deyib gözlərini yum. Onsuz da başda oturanın bəy olmadığını bütün el bilir. Bəy ilə bəy savaşanda da ortada kasıbın başı yarılır. Belə ki, atdırdığın daş sənin başını yarası deyil...
İndi ya gərək elin dediyi ilə oturub-durasan, ya da başın daşdan-daşa dəyməyincə ağlın başına gəlməyəcək, bunun üçün isə həm başın əziləcək, həm də vaxtın gedəcək. El isə bir ağıllı başın min başı saxladığını bilir, gec, ya tez sənin boş başını ağıllı başla əvəz edəcək. Baş-başa verməyincə, daşın yerindən qopmadığını sən də bilirsən. Ona görə də parçala, dağıt, didərgin sal bu eli, qoyma baş-başa versinlər, suyunu kəs, qazını kəs, işığını söndür, yollarını dağıt, məktəblərini bağla, məscidlərini uçur, adamlarını özünə ayaq qayır, topla altına ki, köçən köçsün, ölən ölsün, qalan da sənin iylənmiş yekə başını gəzdirmək üçün üfunətli ayaqların olsunlar, baş yoldaşların olmasalar da, aş yoldaşların olsunlar. Bircə çalış başı namərd əlinə keçirmə, keçirdinmi nə kəsər, nə bağışlar, belə yaşamaqdan da başın çox ağrıyar. Bilirsən da, baş ağrıyanda da Allah yada düşər. Allahın qarşısında isə üzün qaradır...
Azər MUSAOĞLU