Keçdiyimiz günlərdə yüzlərlə gənc uzun və əziyyətli universitet həyatını başa vuraraq məzun oldu. Diplom əldə etmək təkcə bir sənəd almaq deyil, illərlə çəkilən zəhmətin, gecə-gündüz oxumağın, imtahan stresinin və ümid dolu arzuların nəticəsidir. Bu an gənclər və onların ailələri üçün böyük bir qürurun və sevincin mənbəyidir. Məzuniyyət mərasimlərində üzlərdə xoş təbəssüm, gözlərdə isə gələcəyə dair ümid və inam oxunurdu. Hər şey yeni bir həyatın başlanğıcı kimi görünürdü. Ancaq bu sevinc hissi çox da uzun sürmür. Məzuniyyətin gətirdiyi qürurun arxasında səssiz və eyni zamanda böyüyən bir qorxu gizlənir – işsizlik qorxusu. Bu, sadəcə bir neçə məzunun şəxsi narahatlığı deyil. Bu gün gənclərin əksəriyyəti eyni sualla qarşılaşır. “İndi nə olacaq? İş tapa biləcəyəmmi?” Gənclər arasında bu sual getdikcə ümidsizliklə səslənir və bəzən illərlə çəkilən zəhmətin “bəlkə də bu qədər əziyyət hədər getdi” fikrinə çevrilməsinə səbəb olur.

 

Əgər illərlə oxuduğun sahədə iş tapa bilmirsənsə, diplom hansı mənanı daşıyır? Cəmiyyətin, tanışların və qohumların bitib-tükənməyən “məsləhətləri” bəzən bu sualları daha da ağırlaşdırır. Məsələn, “Bu ixtisasda pul yoxdur. Bazarda daha çox qazanarsan”, “Onsuz da iş üçün tanış tapmaq lazımdır”, “Yaxşı daydayın yoxdusa, çətin məsələdir”, “Diplomu şkafın başına qoy, özünə başqa yol tap” kimi cümlələr gənclərin motivasiyasını aşağı salır. Nəticədə insan öz seçimindən, sevdiyi sahədən uzaqlaşır və başqalarının qurduğu gələcəyi yaşamağa başlayır.

 

Bir çox gənc universitetdə həvəs və maraqla oxuyur. Amma məzun olduqdan sonra qarşılaşdığı reallıqlar onu getdikcə ümidsizliyə sürükləyir. Ən yaxşı universitetləri bitirənlər belə artıq özlərini sual altına qoyurlar: “Kimə nəyi necə izah edim ki, işə qəbul olum?” Bu vəziyyət əmək bazarında bilik və bacarıqların yox, əlaqələrin ön planda olduğunu göstərir.

 

Bütün bunlar isə gənclərin təhsil sisteminə olan inamını sarsıdır. Gənclər arasında haqlı olaraq tez-tez belə fikirlər yaranır: “Əgər 4-5 il oxuyub diplom aldıqdan sonra yenidən əlavə kurslara yazılmalı, fərdi inkişaf üçün ayrıca vaxt və vəsait sərf etməliyiksə, onda bu diplom bizim nəyimizə lazımdır?” Bu fikirlər gənclərin narahatlığının, ümidsizliyinin əksidir. Çünki işə qəbul olmaq üçün artıq təkcə diplom kifayət etmir. Əlavə bacarıqlar (xarici dillər, texnoloji savad, bəzən isə yaxşı daydayının olması) tələb olunur. Universitetlərin təqdim etdiyi nəzəri biliklər isə realda iş həyatının tələbləri ilə çox zaman uzlaşmır.

 

Bu reallıqla üzləşən gənclərin bir qismi alternativ yollar axtarmağa başlayır. Bəziləri daha universitetdə oxuyarkən kiçik bizneslər qurur, öz xərclərini qarşılamağa çalışır və məzun olduqdan sonra da bu işi davam etdirirlər. Bu, onlara həm maddi azadlığı, həm də özünə güvən qazandırır. Digərləri isə onlayn sahələrdə işləməyə və sosial media üzərindən gəlir əldə etməyə çalışırlar. Bəzən bu addımlar məcburiyyətdən, bəzən isə öz ayaqları üzərində durmaq istəyindən irəli gəlir.

 

Fərdi inkişaf kursları, təcrübə proqramları, könüllü işlər və yeni sahələrə maraq da gənclərin bu çətin dövrdə tutduğu əsas yollardandır. Amma təəssüf ki, bu fürsətlər də hər kəs üçün hər zaman əlçatan olmur. Sosial əlaqələrin bəzən bacarıqdan və diplomdan üstün tutulması bir çoxunun motivasiyasını yenidən azaldır. Gənclərin bir hissəsi arzularını təxirə salır, ya da tamamilə başqa, bəlkə də sevmədiyi sahələrə yönəlməyə məcbur qalırlar.

 

Bu reallıq qarşısında yalnız gənclərin fərdi mübarizəsi kifayət etmir. Təhsil sistemi və cəmiyyət də dəstək olmalıdır. Cəmiyyət gənclərə təzyiq yox, dayaq olmalıdır. Çünki onların gələcəyi təkcə özlərinin deyil, eyni zamanda cəmiyyətin gələcəyidir.

 

Məzun olmaq, əlbəttə ki, sevinc və qürur dolu bir andır. Amma bu sevincin uzunmüddətli və davamlı olması üçün işsizlik qorxusu da aradan qaldırılmalıdır. Gənclərin diplomu sadəcə bir kağız parçasından ibarət deyil. Bu, onların həyatlarının bir açarıdır. Bunun üçün təzyiqə deyil, dəstəyə və anlayışa ehtiyac var. Ancaq o zaman gənclərin illərlə çəkdiyi zəhmət hədər getməyəcək və diplomlar şkafın üstündə deyil, həyatın mərkəzində öz yerini tapacaq.

 

Validə FƏTULLAYEVA