Müasir cəmiyyətdə qadının rolu getdikcə daha çox görünən və müzakirə olunan mövzulardan birinə çevrilib. Lakin qadın gücü yalnız son illərin mövzusu deyil – o, tarix boyu ailənin və cəmiyyətin formalaşmasında əsas dayaqlardan biri olub. Bu gün isə bu güc artıq daha açıq şəkildə özünü göstərməkdədir.

 

Qadın gücü dedikdə yalnız emosional dözümlülük deyil, eyni zamanda sosial aktivlik, qərarvermə qabiliyyəti və məsuliyyət daşımaq bacarığı nəzərdə tutulur. Müxtəlif sahələrdə çalışan qadınların sayı artdıqca, onların cəmiyyətin inkişafına təsiri də daha aydın hiss olunur. Təhsil, səhiyyə, idarəçilik və sosial sahələrdə qadınların iştirakı cəmiyyətin daha balanslı inkişafına şərait yaradır.

 

Bununla yanaşı, mövcud reallıq göstərir ki, qadınlar hələ də müəyyən sosial stereotiplərlə üz-üzə qalırlar. Onlardan həm peşəkar, həm ideal ana, həm də mükəmməl həyat yoldaşı olmaları gözlənilir. Bu isə əlavə psixoloji yük yaradır. Məhz bu nöqtədə cəmiyyətin yanaşması dəyişməlidir: qadınlardan “mükəmməllik” deyil, “imkan və dəstək” əsasında yanaşma tələb oluna bilər.

 

İş mühitində apardığım müşahidələr də göstərir ki, qadınlar idarəetmədə daha empatik, daha çevik və komanda ruhunu qorumağa meyillidirlər. Bu xüsusiyyətlər isə müasir dövrdə effektiv idarəçiliyin əsas göstəricilərindən hesab olunur. Eyni zamanda, qadınların detallara diqqəti və məsuliyyətli yanaşması onların rəhbərlik etdiyi kollektivlərdə daha sağlam iş mühiti yaradır.

 

Bundan əlavə, ailə daxilində qadının rolu da xüsusi əhəmiyyət daşıyır. O, yalnız ana deyil, həm də tərbiyəçi, dəstəkçi və dəyərlərin daşıyıcısıdır. Sağlam düşüncəli və özünə inanan qadınlar gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır və cəmiyyətin inkişafına birbaşa təsir göstərirlər.

 

Qadın gücünün inkişafı üçün yalnız fərdi səylər kifayət deyil. Burada dövlət siyasəti, təhsil sistemi və ictimai münasibətlər mühüm rol oynayır. Qız uşaqlarının təhsilə cəlb olunması, qadınların əmək bazarında bərabər imkanlara malik olması və onların sosial müdafiəsi bu istiqamətdə atılan əsas addımlardır.

 

Nəticə etibarilə, qadın gücü yalnız fərdi uğur məsələsi deyil – bu, cəmiyyətin ümumi inkişaf göstəricisidir. Güclü qadın güclü ailə, güclü ailə isə güclü cəmiyyət deməkdir. Bu səbəbdən qadınların gücləndirilməsi yalnız onların deyil, bütün cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli sərmayədir.

 

Vüsalə Məmmədova