Bəli, düz oxudunuz: diplomlu savadsızlar. Heç diplomu olan şəxs də savadsız olar? Çünki onlar savadlarını öz xeyirlərinə işlədirlər. Onlar alim olmağı bacarıb, insan olmağı bacarmayanlardır. Bəs keçmişdə necə? Keçmişdə də diplomlu savadsızlar olmuşdurmu? Ancaq keçmişdə, hətta texnologiyaların bu qədər inkişaf etməmiş olmasına baxmayaraq, savadlı insanlar çox idi. Düzdür, günümüzdə keçmişlə müqayisədə diplomu olan şəxslər çoxdur. Yəni dəyişən sadəcə diplomların sayı olub. Günümüzdə elə insanlar var ki, iki universitet bitirib. Lakin yiyələndikləri peşənin özlərindən başqa heç kimə bir faydası yoxdur.

 

Məsələn, həkim olub səhv diaqnoz qoyurlar, hətta əməliyyat zamanı aləti yadlarından çıxarıb pasiyentin bədənində qoyurlar. Hər xəstəliyin müalicəsini məhz əməliyyatda görürlər. Belə ki, bizim yaşadığımız rayonun sakinlərinin 90-95 faizi, özləri bilməsələr də, “öd və kor bağırsaqdan əziyyət çəkirlər”. Həkimə gedən hər kəsin öd və ya kor bağırsağı əməliyyat olunmalıdır. Bir sözlə, əksər xəstəliyin müalicəsi ya əməliyyatdır, ya da əməliyyat...

 

Bir də var müəllimlər – hər peşənin mənbəyi. Oxuduqları fənni tədris etməyənlər. Müəllim olub uşaqların gələcəklərini məhv edənlər də var. Hansı ki, uşaqların müəllimlərindən görüb öyrənəcəkləri şeylər çoxdur. Bütün müəllimlərə şamil etmirəm. Ancaq günümüzdə şagirdlərə ağzına gələni deyən, döyən, təhqir edən müəllimlər var. Valideynləri uşaqlarının hansı fəndən zəif olduğunu görəndə onlara dəstək olmaq üçün əlavə dərslərə qoyurlar ki, uşağı daha yaxşı oxusun. Dəfələrlə şahidi olmuşam, məktəbdə elə müəllimlər var ki, uşaq onun yanına hazırlığa gedəndə uşaqlara dərslərin cavabı birbaşa ətraflı öyrədilmədən verilir, eyni zamanda, həmişə məktəbdə həmin müəllimin dərsində sözdə dərsi ən yaxşı bilən, oxuyan, tərbiyəli şagird də məhz onlar olurlar...

 

Hakim olub, ədalətdən danışıb ədalətsiz olanlar, rüşvətxorluq edənlər, ədaləti pula satanlar da var.

 

Bəs vəkillərə nə deməli, elə vəkillər var ki, onlar da kimin haqlı, kimin haqsız olmasına baxmayaraq nə qədər əllərinə pul gəlirsə, o qədər də çox ədalətsiz olurlar. Sözdə “həmişə ədalətlidirlər və hər zaman haqlının yanındadırlar”. Yəni, qısacası, bunların hər biri diplomlu savadsızlardır ki, savadlı olmaq istəyənlərin arzularını ürəklərində qoyurlar.

 

Müəllif: Validə Fətullayeva