Böyük çoxluqlarda yaşamaq asan olduğu qədər, itib getmək qorxusu da labuddür desəm fikrimi qəribliyə salmayın. Yəqin yazımın sonunda mənimlə razılaşacaqsınız. Gəlin indi də kəlağayı sevdasına gedən yolun əvvəlinə qayıdaq. Çoxluq içində azlığın qələbəsinin bədii isbatına başlayım.

 

1. “CAHAN NƏNƏNİN NAXIŞLI CORABLARI”.

 

Qədim Bostanşəhər Rustavi adıyla bərpa olub SSRİ-də sənaye şəhəri kimi ətrafa səs salanda bu sədaya borçalılar qədər İncə Dərəsindən kəmərlilər də gəldilər. Beləcə yeni şəhərdə qazaxlı tayfalar da məskunlaşdılar.

 

Rustaviyə qaynayıb-qarışan, sazı-sözü sevən Eldar kişinin ailəsində məsum baxışlı, al yanaqlı, gül üzlü, mələk donlu bir balaca qız da böyüyürdü. O, yay aylarını çox həvəslə gözləyərdi, axı yayı Kəmərliyə babası gilə gedəcəkdi, nənəsiylə bulaqdan su gətirəcəkdi, zurnalı toy, sözlü saz məclislərinə gedəcəkdi, sonra da aylarla o xatirələrlə yaşayıb yenə yayın gələcəyi günləri gözləyəcəkdi. Bu qızın adı Güllü idi. Rustavidə 7 saylı məktəbdə ana dilində təhsil alırdı. O, kənddən qayıdanda o qədər xatirə dolu olurdu ki, danışmaq onu rahatlatmırdı. Bu beynəlmiləl şəhərdə özünü təqdim etmək istəyirdi. Bir gün nənəsi üçün yaman darıxdı, bütün günü onu xatırladı. Bilirdi ki, valideynləri işləyir, yalnız yayda gedə bilərlər. Bəs bu həsrəti necə söndürə bilər? Əlini qələmə atdı. İçindəki bütün həsrəti qələmin diliylə kağıza hopdurdu. O, yazırdı – qəlbində nənə sevgisi, xəyalında nənəsinin toxuduğu naxışlı corablar. Ürəyini boşaldıb nöqtəni qoydu və abunəsi olduğu “Azərbaycan pioneri” qəzetinə yolladı. Növbəti sayda dərc olunan “Cahan nənəmin naxışlı corabları” onun ilk yazısı idi. Gələcəyə gedən yola ilk addım idi – böyük çoxluğun içində azlığın addımı...

 

2. ƏDƏBİYYAT MÜƏLLİMİNİN ETİMADI.

 

Güllü dərslərindən əlavə bütün fəallıqlarda var idi. Mədəniyyət sarayında toxuculuq kursundan ədəbi-bədii  dərnəklərə qədər gedərdi. Hər gün səbirsizliklə Gürcüstan radiosunun 19:30-da efirə gedəcək proqramını gözləyərdi. Hər bazar səslənən “Arzular” musiqi verilişində adı çəkilər, məktubları oxunardı. Çoxlu kitablar oxuyardı. Hərdən yazıları çap olunsa da o, daim yazardı. Güllü fərqli idi, bu fərqi ən yaxşı Azərbaycan dili müəllimi duya bilərdi. O, 35 illik müəllimlik fəaliyyətində heç kimə “əla” yazmamışdır, amma Güllüyə yazdı. Ürəklə yazdı. Güllü bəzi maddi, sosial çətinliklər səbəbiylə elə evlərinə yaxın Politexnik Texnikumuna  qəbul oldu. Ona böyük etimad bəsləyən müəlliminə ətrafı deyəndə ki, bəs ümid bəslədiyin şagirdin heç ədəbiyyatçı olmadı, deyibmiş ki, onun bildikləri elə ona universitetdir.

 

3. MƏTBƏƏDƏ İTRİLƏN 14 İL.

 

Artiq ailə qurmuşdu, hətta ana idi. İçində böyük bir atəş vardı. Ailə məsuliyyəti ilə o atəşi söndürürdü. Maddi dəstək üçün mətbəədə işə düzəldi. İşinin öhdəsindən gəlir, hətta “SosRustavi”, “Samqori”, “Gürcüstan” qəzetlərində ştatdankənar müxbir kimi yazılar verər, rus, gürcü dillərindən tərcümələr edərdi. Ona doğma, doğma olduğu qədər qərib şəhərdə özünü tapmaq istəsə də axtarışı mətbəədən uzaq gedə bilmirdi. Dörd övlad böyüdürdü. Ailəsinin qadını, uşaqlarının anası içindəki yatmış vulkanı hələ oyatmırdı. Edə biləcəyi çox işləri görməzdən gəlirdi. Hələ ki tərcüməçi, redaktə və kiçik məqalələrlə həmin çoxluq içində az olaraq zirvələr ətəyində fırlanırdı.

 

4. AZLIQDAN ÇOXLUĞA DOĞRU.

 

İnsanın elə yaş dövrləri var ki, bəzən qocalıqla gənclik arasında körpü, bəzən də qocalığın uşaqlığı deyirlər. Gənclik enerjisini bütün varlığıyla balalarına həsr edən Güllü yenidən 17 yaşlı Güllüyə çevrildi, içindəki yatmış vulkan oyanmışdı. Artıq yetkin yaşda olan övladlarından və onu gözəl anlayan həyat yoldaşından rahat idi. Onlar Bakıya, oğlanlarının yaxınına köçdülər. Əvvəli darıxdırıcı olsa da bir gün Səadət Buta onu Aşıq Pəri Məclisinə dəvət etdi. Bu məclis Güllünün iç dünyasının məskəni idi. Səsinin ahəngi, çöhrəsinin nuru, şeiriyyətiylə 7 il Pəri qızlarından oldu. Yuxusunda gördüyü, ilk qələm işi olan Cahan nənəsinin corabının naxışlarını unutmadığı kimi, onun başına saldığı kəlağayını da heç unutmadı. Kəlağayının “UNESCO” tərəfindən Azərbaycanın qeyri-maddi irs siyahısına salınmasını sevinclə qarşıladı. Hətta ilk dəfə Aşıq Pəri Məclisində həmin günü Güllünün təklifi ilə qeyd etdilər.

 

5. İÇİNDƏKİ SƏSİN QƏLƏBƏSİ.

 

Güllü Mirvarid Dilbazini çox sevirdi. Onu Cahan nənəsinə oxşadardı. Azərbaycanın ilk “Şərəf” ordenli qadın xalq şairinin adına bir poeziya məclisi yaratmaq istədi. Böyük çətinliklərlə onu qeydiyyatdan keçirdi. Naxışlardan başlayan sevgiylə butalı kəlağayıya muzey yaratmaq istədi. İnadkar gənc qız havasıyla el-oba dolaşdı, kəlağayılar topladı. Səyyar muzey təşkil etdi. Bu artıq qələbə idi. İki ildir Mirvarid Dilbazi Poeziya Məclisi nəzdində Kəlağayı Muzeyini təqdim edir. 2024-cü il isə “SAZLI-SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ”ni festival şəklində “KƏLAĞAYI YAŞIL DÜNYAYA TÖHVƏDİR” deyərək Şamaxıdan Lənkərana, Naxçıvandan Şuşaya, Tiflisdən Sank-Peterburqa yol alan kəlağayı festivalıyla səfərlər təşkil etdi. Bütün yollar 26 Noyabr – Milli Kəlağayı Günündə cəmləşmək üçün Bakıda kəsişəcəkdi. Bu kəsişmənin müəllifi isə kəlağayını başına örtüb, sazı-sözü karvana qoşub ellər keçən Güllü Eldar Tomarlı idi.

 

6. NAXIŞDAN BUTAYA.

 

Bəli, azlıq çoxluq içində itmədi, tükənmədi. O, həyatda içindəki MƏNİ bəslədi, yetişdirdi, mükəmməl şəkildə kimsənin etmədiyi bir yeniliyə imza atdı. Bu gün qız-gəlinlər tək Novruzda yox, kəlağayı bayramında da kəlağayı duvağına büründülər. Uşaqlıqda sevdiyi Cahan nənənin naxışları butaya çevrildi.

 

Güllü xanım, Tbilisidə, Marneulidə, Rustavidə kəlağayı günlərində bizlərə yaşatdığınız Azərbaycan sevdası üçün sizə çox minnətdarıq. Sizin verdiyiniz kəlağayılar əsasında Marneulidə “Çay Evində” “Kəlağayı guşəsi” yaradıldı.

 

O gözəl çöhrəniz daim gülsün, dilinizdən şeir, məclisinizdən saz əskik olmasın!

 

Esmira ƏLƏKBƏRLİ