Mən hamının yaşadığı, hamıya aid olan şeylər haqqında yazmağı çox sevirəm. Çünki bilirəm ki, mən özümə aid olan hekayə haqqında yazanda, oxucular öz yaşadıqları hekayə haqqında düşünürlər. Yazılan bir neçə cümlənin insanları xatirələr aləminə aparmağa qadir olması sevindirici bir haldır.
Əminəm ki, necə oxuyub-oxumadığından asılı olmayaraq, məktəbdə hər kəsin çox sevdiyi bir dərs, çox sevdiyi bir müəllim olmuşdur. Heç ağlımızda olmasa belə, o şəxs, o dərs bizi bir anlığa müəllim olmaq xəyallarına daldırmış, düşündürmüşdür. Mənim üçün bu dərs ədəbiyyat idi. Ədəbiyyat müəllimim də şagirdlərini həvəsləndirməyi sevən, şagirdi bir bilirsə, onu on bilirmişcəsinə tərifləyən bir insan idi. Ona görə də ədəbiyyat dərsini, xüsusilə şeir danışmağı, demək olar ki, hamımız çox sevirdik. Bütün dərslərə hazırlıqlı gedir, təriflənməyin, xoş söz eşitməyin verdiyi gözəl hisslərlə də evə qayıdırdıq.
Yenə bir gün axırıncı dərs ədəbiyyat dərsi idi. Yenə eyni qaydada dərsi keçdik, müəllim evə tapşırıq verdi, biz də tələsik çantalarımızı götürüb evə yollandıq. O vaxtlar adətim idi, yeməyimi bitirən kimi dərslərimi oxuyub, hazırlayardım. Kitabımı açdım, qısa bir şeir olduğunu görüb çox sevindim, bunu yarım saata rahat öyrənərəm, sonra da gedib uşaqlarla oynayaram dedim. Amma nə isə tərslik var idi, oxuyurdum, oxuyurdum, yadımda heç nə qalmırdı. Axırda vəziyyət elə yerə gəldi ki, uşaqlarla oynamaq yalan oldu.
Şeiri öyrənməyə, əzbərləməyə çalışır, bir yandan da “ədəbiyyat biliyimə” güvənərək şeirdə düzəlişlər etməyə çalışırdım. Çünki şeir belə olmalı deyildi, birinci növbədə qafiyələri yaxşı olmalı, asan əzbərlənməli idi. Şeiri bəyənməsəm də, sabah mütləq danışmalı idim, bir dərsə görə müəllimin gözündən düşmək istəmirdim.
Səhəri günü lövhəyə çıxıb şeiri danışdım. Amma bu dəfə müəllimim hər zamankı kimi, içdən təbəssüm edərək baxmırdı. “Yaxşıdır” deməklə yetinmişdi bu dəfə. Bu da yaxşı danışmadığımı bariz şəkildə göstərirdi. O gündən bu şeiri bir daha görmək istəmirdim...
Aradan yeddi il keçmişdi. Mən artıq şagird adımı, müəllimim isə həyatını itirmişdi. Sırf o günlərin xatirinə bir daha oxumaq istəmişdim həmin şeiri. Amma onun haqqında tək yadımda qalan müəllifinin soyadının kitabda qeyd olunmaması idi. Bir neçə axtarışdan sonra şeiri tapdım, yenidən oxudum, amma bu dəfə şeirdəki “səhvləri” düzəltmək məqsəli ilə deyil, öz səhvlərimi düzəltmək məqsədi ilə.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
***
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
***
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
İlahi, mən nə böyük səhv etmişəm dedim öz-özümə. Bu qızıl sözlərin necə də dəyərini anlamamışam. Əslində, nə qədər çox şey izah edirmiş bu kiçik həcmi ilə.
Bir neçə saat özümü günahlandırdıqdan sonra anladım ki, bu dahiyanə şeirin yeri də səhv düşübmüş. Tar-kamana qulaq asılanda bezib yan otağa keçən bir uşaq nə bilsin ki, xaric oxumaq, xaric səslənmək nədir. Necə fərqləndirsin ümman gəmisi ilə çay gəmisini?.. Halbuki bu şeirlə Habil Əliyevi, Ramiz Quliyevi, Həbib Bayramovu, Qulu Əsgərovu zövq alaraq dinlədiyi vaxtlar tanış olsa çox fərqli olmazdımı? – Olardı, təbii ki.
Şeirdə də qeyd olunduğu kimi, səhv düşmək müsibətdir. Səhv düşməkdən daha müsibətli bir şey varsa, o da səhv düşdüyün yeri doğru etməyə çalışmaqdır. Qısası, həqiqəti oğurlamaqdır.
Məsələn, əgər bir ölkədə təhsildən şikayət edilirsə, deməli, təhsil verənlərin; ədalətdən şikayət edilirsə, ədalətin keşiyini çəkənlərin yeri səhv düşüb. Əgər yanlışlıqla birinin çantasını götürüb, fərqinə varan kimi səhvinizi düzəltsəniz, bu təqdirə layiqdir. Amma fərqinə vardığınız halda qaytarmasanız, siz oğrusunuz deməkdir. Şikayətlərin fərqinə varan kimi düzəltmək üçün addım atılırsa təqdirə layiq, qulaq ardı edilirsə oğurluq sayılır. “Çərpələng uçuran” kitabında da deyildiyi kimi, oğurluq ən böyük günahdır.
Sonda dahi şairimiz Qabil İmamverdiyevə və müəllimimə Allahdan rəhmət diləyirəm!
Hürnisə ƏHMƏDOVA