Uşaqlıqdan xəbərlərə həmişə böyük marağım olub. Yaşıdlarım cizgi filmi saatını həyəcanla gözləyərkən mən babamla birlikdə xəbərlərə baxardım. Havalar soyuyanda ən çox eşitdiyim xəbər başlığı “Mavi ölüm”, “Səssiz ölüm yenə canlar aldı”, “Dəm qazından zəhərlənmənin sayı günü-gündən artmağa davam edir” olurdu. Daha sonralar bu kimi hadisələrin sayını azaltmaq üçün qızdırıcıları, sobaları və qazla işləyən avadanlıqları təkmilləşdirdilər. Evlərə yoxlanış üçün işçilər göndərdilər. Ancaq nə qədər işlər aparılsa da dəm qazı yenə də canlar almağa davam edir. Yayda dəniz, qışda dəm qazı...
Bir dəfə kimya dərsində müəllim dəm qazından danışırdı, sinif yoldaşlarımın bir neçəsi dəm qazının nə olduğunu soruşdular. Müəllim evdə istifadə elədiyimiz qazın olduğunu deyərək izah etdi: “Qazla mütləq ehtiyatlı olunmalıdır. Dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Nəticədə orqanizmdə oksigen azlığı başlayır və insan zəhərlənir”.
Bu dərsdən sonra bizi düşündürən elə də bir şey olmamışdı. Hətta uşaqlar bir-birləri ilə zarafat edib gülüşürdülər. Bir sözlə, müəllimin dediklərini ciddiyə almamışdıq. Bu, bizim millətə xas bir şeydir, eşitdiyimizdən ancaq bir-iki gün qorxuruq, danışırıq, sonra da başını buraxırıq, inanmırıq. Ya gərək gözümüzlə görüb şahidi olaq, ya da ki, elə öz başımıza gələ, canla zarafat etmək olmadığını onda başa düşürük...
Mən bunu yaşadım, mənim kimi onlarla insan da yaşayıb. O an bütün dünyaya bir cümlə demək şansım olsaydı, bu, yəqin ki “əlinizdəkilərin dəyərini bilin” cümləsi olardı. Çünki bu dünyada insan həyatından dəyərli heç nə ola bilməz. Əlinizdəkilərin dəyərini bilin, boş-boş şeylərə kədərlənməyə, dərd çəkməyə dəyməz. Ailənizin varlığı, quru bir nəfəsləri belə dünyalara bərabərdir. Yanınızdakıların dəyərini gec olmadan bilin... “Çünki ölümün saatı bilinmir. Yanınızdakı insanlara dəyər verin, qəlblərini qırmayın. Hər dəqiqə onları sevdiyinizi deyin, hiss etdirin. Xırda bir şeyə görə bitdi deməyin, ağlatmayın, üzməyin... Çünki ölümün saatı bilinmir. Bəlkə son görüşünüzdür, bəlkə də son qucaqlaşmağınızdır. Bəlkə də saatlar sonra onu deyil, torpağını öpəcəksiniz. Sevdiklərinizin dəyərini itirdikdən sonra yox, indi bilin. Torpaq aldığını geri vermir, çünki ölümün saatı bilinmir” (Doğan Cüceloğlu).
Aytən Fətullayeva
Qardabani 3 saylı ictimai məktəbin 12-ci sinif şagirdi