Bəzən həyat bizi sınağa çəkir. Gözümüzü açırıq, gün işığından çox yuxusuzluğun ağırlığını hiss edirik. Bəzən bir günümüzü “yetər ki, bu gün bitsin” deyə yaşayırıq. Bəzən özümüzü o qədər yoruruq ki, əslində, nə üçün mübarizə apardığımızı da unuduruq. Hər birimizin içində bəzən səbəbini bilmədiyimiz bir sükut çökür, sanki dünya bir anlığa dayanır. Depressiya özünə doğru çağırır, amma məhz ən gözləmədiyimiz o anda həyat bizə kiçik bir işarə göndərir: “Hələ hər şey bitməyib”.

 

Keçən gün imtahan həftəsinin sonu idi. Yorğunluq, stres, yuxusuz gecələr bir tərəfdən, özümə qarşı narazılıq isə digər tərəfdən... sanki çiynimə ağır bir yük kimi çökmüşdü. Dərsdən çıxıb evə qayıdırdım. Hava boz idi, sanki buludlar da mənim kimi yorğun görünürdü. Başımda min fikir, ürəyimdə bir az gərginlik. Metronun izdihamı, itələşməsi, səs-küyü, hər şey məni daha da sıxırdı.

 

Axşamın alaqaranlığı idi, küçələrdə tələsməyən addımlar, səssiz şəhər və mən var idim. Elə o anda qarşımda bir gənc dayandı. Gürcü dilində nəzakətlə salam verdi. Fikirləşdim, yəqin yolu, ya da avtobusun nömrəsini soruşacaq. Amma o, təbəssümlə baxıb dedi: “Bu gün sənə necə gözəl göründüyünü deyən olubmu? Hər şey yaxşı olacaq”.

 

İçimdə yığılan bütün yorğunluq, gərginlik bir anda yoxa çıxdı. Həmin cümlə çox sadə idi, amma təsiri çox böyük oldu. Həmin gənci bir daha görmədim, amma onun o bir cümləsi bütün günü yadımdan çıxmadı. O bir cümlə, tanımadığım bir insanın səmimi baxışı bütün günü gülümsəməyimə səbəb oldu...

 

O gün bir daha anladım ki, həyatın gözəlliyi onun sadəliyində gizlənib. Bir kəlmə, bir baxış, bir təbəssüm – bunlar kiminsə gününü dəyişə bilər. Biz heç fərqinə varmadan kiminsə içində işıq yandıra bilərik.

 

İnsan öz enerjisinin kimə necə təsir etdiyini bilməz. Neqativ düşüncələrimizi, gərginliyimizi ətrafdakılara ötürmək çox asandır. Amma əsl güc öz içində fırtına qopsa da, başqasına Günəş olmağı bacarmaqda imiş.

 

Biz çox zaman düşünürük ki, dünyanı dəyişmək üçün nəsə böyük bir şey etmək lazımdır. Amma bəzən dünyanı dəyişmək sadəcə bir adama ümid vermək qədər asandır. Çünki təbəssüm qayıdır. Bəzən sən birinə gülümsəyirsən, o da başqa birinə gülümsəyir. Beləcə, sadəcə bir baxışla ətrafında çiçəklər açır.

 

Hələ bir izdihamlı şəhərə baxın: başıaşağı gedənlər, haraya baxdığını bilməyən gözlər, donmuş sifətlər, gülüşdən məhrum, ümidsiz, bitib-tükənmiş, qayğıya möhtac insanlar görəcəksiniz. Kim bilir nəyi düşünür, nəyi haqq-hesab, götür-qoy edirlər...

 

Amma bir fikir verin, balaca, kiçik quşlar ağac budaqlarında cəh-cəh vurur, dəstə-dəstə uçuşaraq hərəkətləri ilə xoşbəxt olduqlarını hiss etdirirlər. Bir dəqiqə belə olsun hərəkətsiz qaldıqlarını görmüsünüzmü? Çöldə fırtınadırsa və ya isti ətrafı alov kimi bürüyübsə, onların sərinləşdiricisi yoxdur. Heç soyuq qış üçün də azuqə toplamazlar. Niyə? – Çünki içdən şükür edən könülləri var. Buna görə də onlar üçün hər açılan səhər bir bahardır, bir sevgi dolu həyatdır.

 

Hamımıza bəllidir ki, insan sevinənlə sevinəcək, kədərli olanla dərdini bölüşəcək bir ruhda yaradılmışdır. Elə ona görə də bir insan evsiz-eşiksiz sərçədən, avtomobili olmayan arıdan daha ümidsiz, daha tükənmiş olmamalıdır. Həqiqətən də xoşbəxtlik başqalarına verilə biləcəklər içində ən asanı, var-dövlət tələb etməyənidir. Lakin ən dəyərli olanıdır.

 

Sevgi dolu bir baxış, bir təbəssüm... Əgər üzünə baxdığınızda sizə müsbət enerji verən biri ilə qarşılaşmısınızsa, ona əsla biganə qalmayın. İnsan ümidi bəzən kiminsə gözündə tapır; sevgini, dərdə məlhəmi məhz kiminsə dilindən eşidir, duyur...

 

Hər kəs və hər şey sevgi umar. Uca Yaradan belə sevgisinə və lütfünə qarşılıq olaraq yaratdıqlarından sevgi gözləyir. Bəs yaratdıqları bir-birinə bu sevgini niyə xor görür?

 

Bir təbəssüm çox şeyə qadirmiş demək. Gülümsəmək üçün içimizdəki dərdlərimizi unutmalıyıq, gülümsəmək üçün könlümüzü fərəh tutmalı, özümüzlə bərabər qarşımızdakını da düşünməliyik. Anlamalıyıq ki, bu həyatda insan təkcə özü üçün, özünü düşünərək yaşamamalıdır. Qayğıya möhtac, bir ötəri sevgi dolu baxışa möhtac o qədər insanlar var ki...

 

Siz də gülümsəyin, ətrafınızda dönüb-dolanan hər canlıya qayğıyla yanaşın. Sizinlə bərabər küçəni keçmək istəyən ixtiyar qocaya yardım etməklə bərabər halını soruşun, bəlkə sizin qarşılaya biləcəyiniz nəyəsə ehtiyacı var...

 

Həyət-bacada oynayan, ya da oturacaqda oturaraq oynayan digər uşaqlara tamaşa edən qayğılı bir uşaq gördünüzsə başına sığal çəkin, təbəssüm göstərin. Qoy onlar gələcəyə ümidlə baxsınlar. Gözlərində ümid qığılcımı yaradın, görsünlər ki, insanlıq ölməyib. Öldürməyin o gözlərdəki xoş gələcək arzusunu. Gülümsəyin, lap qoy sizə dəli desinlər, amma insanlıq xatirinə gülümsəyin...

 

Aytən FƏTULLAYEVA