Günlərin bir günü saçlarını kəsdirmək üçün bərbərin yanına bir gülçü gəlir. Gülçü bərbərə pul vermək istəyəndə bərbər pulu götürmür ki, bu həftə ictimai əsaslarla işləyirəm, pul götürmürəm. Gülçü bərbərə təşəkkür edib gedir. Növbəti gün bərbər bərbərxananın qapısını açanda qapının ağzında təşəkkür məktubu və 12 ədəd qızılgül görür.
Sonra bərbərin yanına çörəkçi gəlir. Saçlarını kəsdirib qurtarandan sonra bərbərə pul uzadır, bərbər deyir: “Pul götürə bilmərəm. Bu həftə ictimai əsaslarla saç kəsirəm”. Çörəkçi razı halda gedir. Növbəti gün bərbər qapının ağzında təşəkkür məktubu və 12 ədəd pirojna görür.
Daha sonra saçlarını kəsdirmək üçün bərbərin yanına südçü, tərəvəzçi, qəssab və dülgər gəlir. Bərbər bunlardan da pul götürmür və hər dəfə bərbərxanasının qapısının ağzında təzə süd, pendir, şor, meyvə-tərəvəz, kolbasa, hətta taxtadan düzəldilmiş at fiquru görür...
Bərbərin yanına saçlarını kəsdirməyə senator da gəlir. Pul vermək istəyəndə bərbər deyir: “Pul götürə bilmərəm. Bu həftə ictimai əsaslarla saç kəsirəm”. Senator sevincək gedir.
Növbəti gün bərbər işə gələndə bərbərxananın qapısının ağzında 12 senator, 10 deputat, 15 müşavir, bir neçə nazir, mer və merin 6 uşağını görür. Hamısı da pulsuz saç qırxdırmaq üçün bərbəri gözləyirlər...
Bu pritça bizə adi, zəhmətkeş, halal insanlarla, onları idarə edən bir qrup insanlar arasındakı fərqi izah edir. Əslində, bu fərqi göstərmək, izah etmək üçün pritçaya, məsələ, atalar sözünə ehtiyac da yoxdur bu gün. Hər şey gün kimi aydındır. Kor kor, gör gör...
Daha heç nə gizlin deyil. Yataq otaqlarına qədər yol tapmış kameraların gözündən heç nə qaçmır bu “şəffaf” dünyada. İndi kimin əlinin kimin cibində olduğunu, kimin əyilə-əyilə kimin evindən çıxdığını hamı çox yaxşı bilir. Bunun üçün gecənin ortasında qəfil günün doğmasına, dünyanın dümağ işıqlanmasına gərək yoxdur. Kimin doğru, kimin oğru olduğu aydındır. Bunun üçün oturub qiyaməti gözləməyə də gərək yoxdur. Məsələn, hamıya bəllidir ki, adi oğru pul, bahalı əşya, toyuq-cücə, mal-qara, risk etsə avtomobil oğurlayır və oğurlayacağı adamı özü seçir. Qeyri-adi, oğru siyasətçi isə insanların mülkünü, vergisini, təhsilini, istirahətini, işini, pensiyasını, vicdanını, hüququnu, gələcəyini oğurlayır və bu oğrunu hamı seçir. Və ya oğru din xadimi insanların nəzirini, zəkatını, imanını, cənnətini oğurlayır. Oğru həkim insanların inamını, arzusunu, sağlamlığını, ömrünü oğurlayır və sair.
Pritçadakı bərbərin, gülçünün, çörəkçinin, südçünün, tərəvəzçinin, qəssabın, dülgərin senatordan, deputatdan, müşavirdən, nazirdən, merdən fərqi həm də ondan ibarətdir ki, birincilər işləyir, ikincilər yeyir; birincilər zəhmətlə qazanır, ikincilər onların əllərindən alır; birincilər cəmiyyət üçün faydalı, lazımlı iş görür, ikincilər özləri üçün, cibləri üçün, qohumları üçün; birincilər olmasalar insanların saçı-saqqalı uzanar, ot-əncər hər yanı basar, hamı çörəksiz qalar, əzraq, meyvə-tərəvəz, ət qəhətə çəkilər, evlər mebelsiz, qapı-pəncərəsiz qalar, ikincilər olmasalar isə birincilər daha çox rifah içində yaşayarlar, sürgünlər, repressiyalar, müharibələr olmaz...
İndi ağız büzüb yaxşı ilə pisin fərqini uzun-uzadı izah etməyə çalışanlar da tapılacaq. Atalar demiş, ilanın ağına da lənət, qarasına da.
İlan demiş, görəsən sürünənlər də özlərinə bilə-bilə oğru senator, deputat, nazir, mer, prezident seçirlərmi ki, seçdikləri onların yeməyini oğurlasın, yuvasını özəlləşdirsin, azadlığını məhdudlaşdırsın, quyruğunu (hüququnu) tapdalasın və sair. Bunu herpetoloqlardan soruşmaq lazımdır. Bəlkə də seçirlər, elə ona görə sürünürlər. Axı sürünmək üçün doğulanlar uça bilməzlər heç vaxt. Bir fərq də budur...
Azər MUSAOĞLU