Əlimə dünyanın ən bahalı spirtli içkilərinin siyahısı keçib. Nə gizlədim, siyahıdakı içkilərin qiymətini görəndən əlim üzümdə qalıb. Bəlkə görənlərin çoxunun dodağı da uçuqlayıb. Düşünürəm ki, onlara baxanda mən yaxşı qurtarmışam.

 

Bu siyahıya biz müxtəlif növ qidaları da əlavə edək ki, siyahımız sönük görünməsin. Digər tərəfdən də bu içkilərin yanının çərəzi-mərəzi də olmalı deyilmi? Üstəgəl, belə bahalı içklərin yanının bahalı, əksəriyyətin əlinin çatmayacağı təamları da olmalıdır ki, süfrənin mənzərəsi bütöv alınsın.

 

İndi sual oluna bilər ki, bu içkilər dadanlara canmı verəcək, bu qidalardan yeyənlər buynuzmu çıxaracaqlar? Onların çıxaracaqları buynuzlar kənardan gözlə görünməsə də, əslində suala buynuz çıxaracaqlar cavabı verməmiz daha doğru olardı. O üzdən ki, onların çıxardıqları buynuzların ağrısını hansısa yoxsul, hansısa aclıqdan zülüm çəkən öz canında, öz qanında hiss etməlidir. İndi mən qarşıma çıxan bir-iki məlumatı sizinlə paylaşım, siz də məsələdən az-çox xəbərdar olun.

 

Şüşəsi brilyantlarla bəzədilmiş və qiyməti altı milyon dollar olan “İzabella İslay” viskisini içənlər və ya onu hərracda əldə edib, bahalı içki kolleksiyasına əlavə edənlər buynuz çıxarmazlarmı? Buynuz da çıxararlar, lap yeri gəlsə quyruq da. Dünyanın batmışlığına bax ki, camaat sevdiyi xanıma birilyant qaşlı bir üzük ala bilmir, bu qudurmuşların içki şüşələrini belə bahalı ləl-cəvahirat bəzəyir. Altı milyon dollarla Gürcüstan kimi ölkələrdə 100 ailəni pis-yaxşı evlə təmin etmək mümkündür.

 

“Tekila Ley 925” içkisinin qiyməti də dodaq uçuqladır. Düzdür, onun qiyməti “İzabella İslay” viskisinə baxanda bir az insaflı görünür. Bir şüşə “Tekila Ley 925” hərracda nə az, nə çox 3,5 milyon dollara satılıb. Və “Tekila Ley 925” bu qiyməti ilə dünyanın ən bahalı tekilası ünvanına da yiyələnib. Az qala bu içki barədə ən əsas məlumatı deməyi unudurdum. Onun da şüşəsi brilyant və qızılla süslənib. Milyardlarla müqayisədə 3,5 milyon kiçik məbləğdir. Bunu mən də bilməmiş deyiləm. Amma belə bir məbləğlə Afrikada aclıq çəkən minlərlə insanı xilas etmək olmazmı? Ay sağ ol, olar da, hələ o tərəfə keçər də.

 

Siyahımızda qiyməti “Tekila Ley 925”lə müqayisədə xeyli ucuz, dəbdəbəli adı olan “Henry Dudognon Heritage” konyakı da var. Orasını da deyim ki, yüz yaşlı bu konyak müştərilərə təxminən 2 milyon dollara təklif olunur. Onun da şüşəsi brilyanta, qızıla tutulub. Sürmə bol olanda qaşa da, gözə də çəkmirlərmi? Zənginlərdə də daş-qaş o qədərdir ki, itin aşıqlısına çıxıb. Onlar da bu cür qiymətli daş-qaşı hara gəldi yapışdırırlar. Bir şüşə konyaka verilən 2 milyon dollarla yəqin ki, onlarla çarəsiz xəstəni ayağa qaldırmaq olardı.

 

Şotland viskisinin adı zatən məşhuri-cahandır, dillərdə dastandır. Şodland viskiləri arasında ən məşhuru “Makallen 1926” viskisidir. Dünyada viskisevərlərin ən çox daddıqları içkilərdəndir. “Makallen 1926”nın şüşəsi sonuncu hərracda 1,9 milyon dollara özünə müştəri tapıb. İndi bizi kimi insanların meyarları ilə ölçsək, bir şüşə viskiyə bu qədər pul vermək ağılsızlıqdır, dəlilikdir, adını siz deyin, şizofreniklikdir. Amma işıqlar altında bərq vuran “Makallen 1926” şüşəsini əldə etmək üçün dəridən-qabıqdan çıxan zənginlərin aləmində bu, cəmiyyətə çıxışdır, özünüifadə etməkdir, digər pullulara yanıq verməkdir, od qoymaqdır.

 

Bu siyahıda postsovet məkanına aid bir arağın da adı keçir. Düzdür, siyahının sonuncu – beşinci pilləsində özünə yer tapıb. “Russo Baltik” adlı bu araq yuxarıda adlarını çəkdiyimiz içkilərin yanında qiymət sarıdan toya getməli bir içkidir. Qiyməti cəmi 1,2 milyon dollardır. Bu arağı “Russo Baltik” avtomobil şirkəti ilə Qazaxıstandan olan şahzadə Regina Abdurəzzaqova birgə istehsal edir. Bu Reginanın da nəyin, kimin şahzadəsi, nə canlı-cinli olmasını mən yerli-dibli bilmirəm və düzünü desəm, heç bilmək də istəmirəm. Hə, gəldik, “Russo Baltik”i xüsusiləşdirən nüanslara. Bu arağın şüşəsi qızılla, birilyantla bəzədilib və digər bahalı içkilərdən bir fərqi də odur ki, qapağı ağ qızıldan hazırlanıb. İnan ki, bu araqdan dadanlar ya gecə öləcək, ya da gündüz. Bu da homopostsovetukusun dünyanın içki aludəçilərinə hədiyyəsi. Di gedin işinizin dalınca. Bəs rusu bəyənmirdiniz? Aldınızmı payınızı?

 

İndi mülahizələrimizin başını başqa səmtə döndərək. Yuxarıda adını çəkdiyimiz spirtli içkilərin yalnız bir şüşəsinin təsvirini verdim. Təkcə bir şüşə içkinin qiymətindən söz açdım. Adı dünya ilə bir olan bu içkilərin istehsalçıları hər içkidən tək bir nüsxəmi hazırlayasıdırlar? Əsla. Onlar bu içkiləri nə qədər özəl hazırlasalar da, onların sayı onlarla, yüzlərlə olmalıdır. Heç xüsusi statistikaya gərək də yoxdur. Aşağı əllə götürsək, bu içkilərin hər birindən azı min şüşə istehsal olunur. Niyə belə düşündüyümü də deyim ki, məsələ aydınlığa çıxsın. Hər il dünyada sərvəti milyard dolları keçənlərin sayı artmaqdadır. Milyardlıq sərvətə sahib olanlar özlərinə dəyəri bir neçə milyon dollar olan içkinimi əsirgəyəcəklər? Adamın heç inanmağı gəlmir.

 

Bizim hesabımızla adını çəkdiyimiz içkilərin hər birinin dəyərinin min mislinə bərabər delikat içki istehsal olunur ki, bunun toplam məbləğini hesablamağa da mənim nə vaxtım, nə də hövsələm var. Üstəgəl onların içki süfrəsini bəzəyən təamların haqq-hesabını da aparsaq, aldığımız məbləğin nə qədər heyrətləndirici olduğunu görəcəyik. Ərz etdiyim kimi, mənim belə bir hesablama aparmağa həvəsim yoxdur.

 

S. A.

 

Müəllif utana-utana bir etitafda bulunub, yazıya son vermək istəyir.

 

Kasıbın işi-gücü oturub varlının pulunu hesablamaq deyilmi? Bir də adama deməzlərmi sənə nə? Varlığa nə darlıq? Pul əl çirkidir, hara xərcləmək lazım gəldiyini sənəmi gənəşəcəklər? Bax, zənginlər yaxamdan yapışıb, bunları bir-bir üzümə desələr, nə cavab verəcəyimi bilmirəm.

 

Afiq MUXTAROĞLU