Şərqdə qadın hüquqsuzluğundan çox yazılıb. Qadın haqqı tapdanan, təhqir olunan, sözü tutulmayan, asılı, yazıq, necə deyərlər, “mağmun varlıq” kimi təsvir olunub. Əslində tariximizə ədəbiyyatdan nəzər salanda qadınlarımızı elə də hüquqsuz görmürəm. Əlbəttə, söhbət Şərqdən gedirsə, hələ İslam tarixində Peyğəmbərimizin xanımı Xədicə nəinki İslamı ilk qəbul edənlərdən olub, hətta öz təbliğatı, ictimailiyi ilə zamanına görə tanınıb. Koroğlu Nigarıyla, Qaçaq Nəbi Həcəriylə azmı hünər göstərib. Daha yaxın tarixə nəzər salsaq Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşviq, Cəlil Məmmədquluzadə və digər tanınmışların həyatında qadın fədakarlığı önə keçir, bəlkə də tamamlayır.

 

Şeyx Şamildən soruşurlar:

- Necə oldu ki, sən şeyx oldun?

Deyir:

- Məni arvadım şeyx eylədi.

Əcnəbi sorğusunun təəccübü qarşısında özünəməxsus izahını verir:

- Əvvəl mən otağa girəndə arvadım ayağa qalxardı, sonra uşaqları da elə öyrətdi, ailədə hamını ailənin böyüyü və itaət olunanı kimi məni təbliğ etdi. Ailədən başlayan bu hörmət, itaət cəmiyyətə keçdi. Beləliklə, mən şeyx oldum.

 

Bəzən qadını sıfır, kişini natural ədəd kimi də göstərənlər olur. Qadın kişinin arxasına keçəndə kişi böyüyür (ucalır), önünə keçəndə kişi kiçilir (əskilir).

 

Bəli, qadın böyük qüvvədir! Hətta deyirlər, hər uğurlu kişinin həyatında mütləq ağıllı bir qadın var. Bu  qadına milliliyimiz nöqteyi-nəzərdən baxaq. Bu həmin qadındır ki, ailəsinin həm xanımı, həm qulluqçusudur! Bu həmin qadındır ki, əzab çəksə də, təhqir olunsa da, əzilsə də dözür. Bu həmin qadındır ki, hisslərini, arzularını, xəyallarını büküb elə bir boxçaya qoyur ki, bəzən onunla qəbrə gedir. Bu həmin qadındır ki, özünü övlada fəda edir, onun anasız qalmaması üçün hər şeyə dözür, heç vaxt ayrılmağı ağlının kənarından belə keçirmir. Bəli, bu həm də o qadındır ki, ailəsinə əbədi sadiq qalır. “Bir qara paltarlı qadın” kimi bəzən gənc yaşında belə əbədi dul qadın olaraq həyatını başa vurur. Balaları üçün hər çətinliyə qatlanır, onları böyüdür, toy, nişan edir...

 

Ərin ən pis vərdişləri də olsa məhz mənim millətimin qadını dözür, səbrlə – bircə balalarım böyüsün – deyə dözür, hətta o dözülməz ərə də dözür, balalarının xətrinə. Bunları yalnız qadın edir. Atalar da görərək demişdir: yuvanı dişi quş yapar.

 

Bu, TÜRK QADINIDIR!

 

Mən artıq çox da böyük olmayan həyat təcrübəmdən özüm üçün “eşitdiklərim, oxuduqlarım, gördüklərim”dən belə qərara gəldim, nəinki uğurlu kişini idarə edən qadın var, sən demə qadın kişinin “şəxsiyyət vəsiqəsi” imiş. Xarakterinin belə formalaşmasında qadın təbliği rol oynayırmış. Kişilər qadın təsiri ilə şəxsiyyətində belə dəyişiklik edə bilərmiş (Sultanları belə dəyişən, istiqamətləndirən qadınlar olmadımı?).

 

Tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev “Qızlar məktəbi” açmaq istəyəndə çox çətinliklərlə qarşılaşmışdır. O demişdir ki, əgər siz oğlunuzu oxutsaz bir nəfəri işıqlığa çıxararsınız, amma qız oxuyanda bir ailə işıqlanacaq.

 

Bəli, qadın elə bir varlıqdır ki, o özünü fəda etməklə ailəsini qoruyur. Bəlkə düz bilmirəm, amma məncə  “namus” sözünün başqa dillərdə qarşılığı yoxdur. Bax, elə namuslu qadın adı da məhz Türk-Azərbaycan qadınına yaraşır.

 

Mən bir qadın tanıyıram, doğulandan ölənəcən bir örnəkdən libas geydi. Busan dedilər, belə olmalısan dedilər, belə olmuşuq dedilər. Belə oldu. Belə öyrətdi. Bu qadını tək Borçalıda deyil, harda türk adı çəkildi orda gördüm. Bu qadın dünyaya Nizami, Xətai, İbn Sina, Sultan Mehmet, Şeyx Şamil, Üzeyir və s. gətirdi. O, həm də bizim anamızdır! O, həm də bizik. Onu həm də biz dünyaya gətirmişik. Sən busan, millətimin qadını. Dözmüşüm, dözənim, dözəyənim!

 

Öyrəndiklərimizi qızlarımıza öyrədək. Öyrədək ki, silsilə pozulmasın. Qarşında baş əyirəm, millətimin nənəsi, anası, bacısı, qızı. Öz çətinliklərinlə gözəlsən, maraqlısan, qayğıkeşsən, fədakarsan. Bəlkə də doğmasan.

 

Var ol həmişə! Dünyanın qeyd etdiyi azad qadın bayramını biz də öz “məssəvimizlə” qeyd edək. Bu axar-baxarlı dünyamızın təlatümlü zamanında hamımızı təbrik edirəm, ana adımıza. Qoy dünyamız var olsun, qara buludlar yox olsun. Analar adına mən deyirəm, xoşdur ailəsinin qadını olmaq, xoşdur qayğı çəkmək! Həyat da bu çətinlikləri ilə gözəldir. Bayramımız mübarək!

 

Esmira ƏLƏKBƏRLİ