Tarix qadını doğum, məhsuldarlıq tanrıçası məqamına qədər yüksəltsə də, onun o yüksəklikdən endirilməsinin də müəllifi olmuşdur. Hələ ibtidai cəmiyyətdə qadın bu ikili münasibətlə üzləşmiş, bir tərəfdən tanrıçalıq mövqeyi qazansa da, digər tərəfdən qurbanlığa çevrilmişdir. Qəbilənin ən gözəl qızı, elə ən gözəgəlimli oğlu da qurbanlıq seçilmiş, bu və ya digər tanrının lütfünü qazanmaq üçün qurban verilmişdir.
Oğlanlardan fərqli olaraq, qızları daha bir acı tale də gözləyirdi. Belə ki, qəbilənin əsas qida təminatçısı olan ovçu kişilər qəbilə üçün artıq yük, boğazortağı hesab etdikləri qızların sayını nəzarət altında saxlayır, onları bu və ya digər yollarla məhv edərək demoqrafik tarazlığı tənzimləyirdilər. Yeni doğulmuş qız uşaqlarının diri-diri torpağa gömülməsi geniş yayılmış yöntəmlərdən biri idi.
Bəlkə də qadınların kişilərə nifrətinin ilk əlamətləri patriarxallığın başlanğıcından formalaşıb? Əslində, bunun kökləri daha əski çağlara gedib çıxmalıdır. O çağlara ki, orada dünyaya qız gətirmiş qadının ana istəyinə məhəl qoyulmadan onun qız övladı ya qurbanlıq, ya da demoqrafik balansı qorumaq adıyla məhv edilirdi. Orası da var ki, ananın oğlunu da qurbanlıq kimi seçə bilərdilər. Bu aktlar nə qədər qəbilə, icma adətləriylə qaydaya salınsa da, toplumu aclıqdan qorumağa xidmət etsə də, ananı baladan ayıran bir fakt idi. Ana ağlıyla bu gerçəkliyi qəbul edə bilsə də, ürəyində bütün bunlara nifrət etməli idi. Təhtəlşüur olaraq, övladının məhvinin suçlusunun kişilər olduğuna özünü inandırmalı və bu inam ona istəməsə belə əks cinsə qarşı nifrət qazandırmalı idi.
Cəmiyyətdə kişilərin rolunun artması, onların tez-tez müharibələrdə iştirakı, bu müharibələrdən əlidolu, qənimətlə qayıtmaları kişilərin əvəzolunmazlığı, göydəndüşməliyi fikrini formalaşdırmış, onların ailədə və toplumda üstünlüklərini, hökmranlıqlarını təmin etmişdir. Ovçu kişinin qadının köməyinə az-çox ehtiyacı vardısa, döyüşçü kişinin buna ehtiyacı qalmırdı. O, bütün sahələrdə üstün, hökmran mövqelərini hər imkanda möhkəmləndirirdi. Bu hökmranlıq ailə üzvləri üzərində də özünü göstərməli idi. Ailədə hamının ona tabe olması tələbi getdikcə daha da sərtləşdirilir, digər ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılması hesabına kişinin hüquqları qeyri-məhdudluq qazanırdı. Üstəgəl savaşlarda qənimət kimi ələ keçirilmiş qadının üzərində kişinin hökmranlığının izahına da ehtiyac qalmır. Qadına soyu davam etdirəcək oğlanlar doğmaq qaynağı kimi baxılırdı, doğulmuş qız uşaqlarının nəslin davamçısı kimi qəbul olunması mümkün deyildi.
Hər savaşdan qalib kimi dönən savaşçının qənimətləri arasında qadınların sayı arta bilirdi, həmin qadınlar kişinin şəxsi mülkiyyətinin bir parçasına çevrilirdi. Qadının hüquqları kişiyə məxsus olurdu. Qadın fiziki baxımdan kişiyə məxsus bir əşya dəyərində idisə, onun mənəvi aləmi də kişiyə məxsus idi. Kişinin cızdığı çərçivədən kənara çıxmaq qadının məhvi ilə nəticələnirdi. Məhz bu gün baş verən qadın qətllərinin kökünü burada axtarmalıyıq. Qadına bu cür münasibətin tarixin dərinliklərində formalaşmasını dilə gətirməliyik. Qiymətli əşyalarının – silahının, atının, evinin yalnız özünə məxsusluğu fikrini qafasında oturuşdurmuş döyüşçü qadın(lar)ını kiminləsə bölüşə bilərdimi?
Qadına əşya münasibəti bəsləyən döyüşçünün bütün istəklərini, o cümlədən də cinsi-şəhvani istəklərini qadının təmin etməsi yazılmamış qanuna çevrilir və bu məqamda qadının bütün bunları edib-etməmək kimi bir istəyini nəzərə almaması kişinin müstəsna hüququ idi.
Qadınların alt şüurunda kişilərə nifrətin toplanması, bu nifrətin feminizm şəklində üzə çıxması dünənin, srağagünün məsələsi deyil. Bu proses kişilərin cəmiyyətdə dominantlıq qazandığı, özlərinə üstünlük təmin etdikləri zamanlardan başlamış, son dönəmlərdə feminizm adıyla daha da şiddətlənib, kişilərə qarşı üsyan, qiyam kimi görünməyə başlamış, geriyə dönüşü olmayan hal almışdır.
Tarixi prosesin cinslərarası müstəviyə daşınması qadın qətllərinin, qadın intiharlarının sayını artırmış və bu statistika hər ötən gün daha da ətə-qana dolmaqda, şişməkdədir. Artıq qadın kişinin şəxsi mülkiyyətinin bir parçası olmağı, onun cızdığı sərhədləri qəbul etməyi ağlının ucundan da keçirmir. Hər ötən gün bu sərhədlər qadınlar tərəfindən daha intensiv şəkildə pozulmaqdadır. Daha mühafizəkar cəmiyyətlərdə zorən örtünmüş qadınlar belə kişilərə qarşı radikal mövqe tutmaqda, öz qəfəslərini qırıb-dağıtmaqda, barışmazlıq nümayiş etdirməkdədirlər.
Ömür yoldaşı və ya həyat yoldaşı adlandırdığımız qadının tələblərinin haqlılıq dərəcəsindən asılı olmayaraq, kişinin onu qəbul etməsi labüddür. O üzdən ki, qanunlar da bu tələblərin doğruluğunu təsdiqləyir. Bəzən bunun kişinin qadın qarşısında məğlub olması, ağ bayraq qaldırması kimi yozulması məsələni daha da qəlizləşdirir. Tarixin dərinliklərində qadına qarşı formalaşdırılan tələblər sabaha keçirilərək yeni qadın qətlləri ilə davam etdirilir.
Problemin ən sadə çözümü isə kişinin qadına insan kimi yanaşmasında, qadının bu yanaşmanı ifrat dərəcədə tələb etməməsi ilə bağlıdır. Bir atlının bir yayaq adamla görüşü necə baş tutur? Atlı bir az aşağı əyilir, yayaq ayağının ucunda yuxarı qalxır. Məncə, məsələnin ən bəsit həll variantı burada gizlənib. Siz necə düşünürsünüz?
Müəllif: Afiq Muxtaroğlu