Qələm təkcə ağ kağız üzərində iz buraxan adi vasitə deyil. Qələm bəşər tarixində mühüm rol oynamış və hələ də oynamağa davam edən qiymətli alətdir. Qələmlər təkcə yazı və ya rəsm üçün istifadə olunan alətlər deyil, həm də bir çox cəhətdən həyatımızın əvəzolunmaz hissəsidir.

 

Sizdən soruşsam ki, qələmin mənası nədir, sizin üçün dəyəri nədir, nə cavab verərsiniz?

 

Yəqin çoxları deyər ki, yazı, rəsm və s. üçün istifadə olunan müxtəlif formalı alətlərdir.

 

Mənim üçün isə qələm başlanğıcdır.

 

Çünki qələmlər çox müntəzəm istifadə olunan və həmişə qalıcı gücə malik olan bir əşyadır. Hətta deyirlər ki, qələm bəzən qılıncdan da iti və qüvvətlidir. Ona görə də qələm həmişə ən populyar və ən güclü olmuşdur. Məktəbdə, evdə, ofisdə, harada olursunuzsa olun, qələm sənəd yaratmaqda, qeydlər aparmaqda, məqalə yazmaqda və ya imtahan verməkdə hər birimiz üçün vacib əşya olmuşdur. Texnologiyanın inkişaf etməsi ilə iş tərzimiz dəyişməyə davam etsə də qələm hər zaman əvəzolunmaz olaraq qalır. Bulver-Littonun dediyi kimi: “Qələm qılıncdan daha güclüdür”.

 

Universitetdə keçdiyim bir kursda obyekt olaraq qələmi seçdim. Qələm mənim üçün başlanğıc idi, ona görə də qələmin maketini düzəltdim və içinə pilləkan yerləşdirdim.

 

Pilləkan həyatda addımlarımızı təmsil edir. Hər qərar verəndə bir addım atırıq, bəzən o addımı atmağımıza sadəcə bir qələm kifayət edər. Əgər siz hesablamalara, ölçmələrə və təhlillərə əsaslanan bir işdə işləyirsinizsə, başa düşürsünüz ki, ətrafınızda bir qələmin olması işlərin öhdəsindən gəlməyə kömək edə bilər. Əgər memarlıq və mühəndislik hesablamaları ilə maraqlanırsınızsa, karandaşlar həyatınızda mühüm rol oynayır.

 

İşimiz nə olursa olsun, qələmlərin təqdim etdiyi saysız-hesabsız imkanlarla hər gün qarşılaşırıq. Bəzi insanların tamaşaçı qarşısına çıxdıqları zaman əllərində adətən qələm olur. Bunun səbəbi qlossofobiyası olan insanların tamaşaçı qarşısında danışarkən stres və həyəcanla mübarizə aparmağına qələmin kömək etməsidir. Qələmlər həm də ideal korporativ hədiyyələrdir. Onlar həmçinin adınız və ya inisiallarınızla fərdi olaraq monoqramlaşdırıla bilər.

 

Nəticədə qələm insan həyatının vacib elementinə çevrilib. Ünsiyyətdən təhsilə, sənətdən biznesə qədər bir çox sahədə bizimlə birlikdədir. Qələm düşüncələrimizi və hisslərimizi ifadə etmək üçün güclü bir yol təqdim edir və buna görə də həyatımızın ayrılmaz hissəsidir.

 

Sonda demək istəyirəm ki, qələmsiz dünyanı təsəvvür etməyə çalışın. Görəcəksiniz ki, qələmin, əslində, bizim həyatımızda çox böyük rolu vardır. Bütün həyatımız əslində bir qələmlə və pilləkanları qalxmaqla başlayır. “Dünyada iki böyük qüvvə var: biri qılınc, digəri qələmdir; lakin qılınc qüvvəsi sonda qələm gücünə məğlub olur” (Napoleon Bonapart).

 

Müəllif: Nərgiz Bağırlı