Texnologiya, sürətlə irəliləyən həyat tərzi, maddiyat düşüncəsi günümüzün insanını öz məngənəsində sıxarkən bir sual getdikcə daha çox adamı düşündürür: biz dəyərlərimizi nə zaman itirdik?
Keçmişdə əcdadlarımız həyatlarını mənəvi prinsiplər əsasında qurarkən, bu gün isə vaxt tapanda mənəviyyat yada düşür. Mənəviyyatın səssiz qalması cəmiyyətin ruhunun yavaş-yavaş susması deməkdir. Bu sükut bəzən səs-küylü şəhərlərdə, bəzən sosial mediada yüngülvari paylaşılan fikirlərin arasında gizlənir. Amma ən çox da insanın öz vicdanında baş verir.
Vicdanla yaşamaq sadəcə qanunlara əməl etmək deyil. Bu, başqasının görmədiyi anda da doğru olanı seçməkdir. Müasir dövrdə bu seçimlər daha da çətinləşib. Çünki cəmiyyətin təqdim etdiyi “uğur” modeli çox vaxt mənəvi prinsipləri ikinci plana atır. İnsanlar daha çox görünmək, daha çox qazanmaq, daha çox paylaşılmaq, daha çox təsir etmək istəyirlər. Bu istəklər isə vicdanın səsini boğur, dəyərləri sükuta qərq edir.
Bəs görəsən dəyərlərimizi itirməyimizin səbəbi nədir? – Bunun kökü həm ailədə, həm cəmiyyətdə, həm də fərdin öz iç dünyasında gizlənir. Ailə dəyərlərinin zəifləməsi, övladların mənəvi tərbiyədən çox maddi təminata yönəldilməsi, təhsilin ticarət obyektinə çevrilməsi, medianın manipulyasiya edici təsiri, sosial ədalətsizliyin artması durur. Lakin ən təhlükəlisi isə bu dəyişikliklərə laqeyd qalmağımızdır. Hər birimiz ya susaraq, ya da mühitə uyğunlaşaraq bu sükutun bir parçasına çevrilirik.
Bu mənəvi boşluğun ən acı yönlərindən biri də öz içimizdən olan insanların dini və milli dəyərlərə qarşı laqeyd münasibət bəsləməsidir. Azan səsini eşidib narahat olan, onu qadağan etməyə çalışan şəxslər əslində bir cəmiyyətin ruhuna qarşı çıxırlar. Eyni zamanda dini və milli bayramlarımızı unudaraq daha çox qərblilərin bayramlarını qeyd etməyə üstünlük verənlər bu coğrafiyanın yaddaşına, kimliyinə biganə qalırlar.
Halbuki Avropaya yönəlmək, texnoloji inkişafı, elm və yeniliyi mənimsəmək pis deyil, amma bunu kökümüzdən qoparaq deyil, öz dəyərlərimizə bağlı qalaraq etmək lazımdır. Çünki modernliklə milli-mənəvi dəyərlər bir-birinə zidd deyil, əksinə, biri digərini tamamladıqda cəmiyyət sağlam inkişaf edir.
Mənəviyyatsız inkişaf təməli çatlamış binaya bənzəyir – zahirdə möhtəşəm görünsə də dağılmağa məhkumdur. Yüksək və modern binalar, yollar, texnologiyalar insanı xoşbəxt etmir. İnsan ruhunu doyduran tək şey mənəvi balansdır – ədalət, mərhəmət, halallıq, vicdan. Bu dəyərlər itəndə cəmiyyətin parıltısı qaranlığa çevrilir, çünki ruhsuz inkişaf qəlbsiz bədən kimidir. Həmçinin bu gün heyran qaldığımız Avropada belə turistik gəzinti zamanı ziyarət edilən binaların, tikililərin bir çoxu mənəviyyat ruhuyla inşa edilən binalardır.
Bəs çıxış yolu nədir? – Mənəvi dirçəliş yolu fərdin özünü yetişdirməsindən başlayır. Vicdanla yaşamaq üçün cəsarət lazımdır. Bu, həm də mənəviyyatın yenidən danışmağa başlaması deməkdir. Hər bir vicdanlı insan, hər bir dürüst addım bu sükutu pozan bir səsdir.
Dəyərlərimizi itirdiyimiz nöqtə onları xatırlamağa başladığımız andan bərpa oluna bilər. Unutmayaq ki, dəyişiklik böyük kütlələrdən yox, sakit bir vicdandan başlayır. Cəmiyyətin ruhunu oyatmaq üçün bu səslərə ehtiyac var – az olsa da, güclü olsa da. Çünki bir insanın vicdanı oyananda bir millətin ruhu nəfəs almağa başlayır.
Hacı BƏKİROĞLU