Uşaqlıqda qonşuların davası lent kimi xəyalımdan keçir. Fərqində olmadığım cümlələr beynimin yaddaş kartında qalıb. Qoca qonşunun cavan qonşuya dediyini xatırlayıram: “Qanına tüpürüm, bala, qan xarab qandır. Nəslindəki üç dönə gerki babana oxşamısan, o da səni kimi nataraz danışardı. Yadıma gəlir o qoca, nə baban, nə atan səni kimi nataraz deyil...”

 

Kimsənin fərqində olmadığı cümlələrimiz var ki, hərəsi bir elm, hərəsi bir nəzəriyyədir. İndi edəcəyim analiz də məhz yaddaş kartımın arxivindədir.

 

Özünə oxşamayan balalarıyla nə qədər adamlar tanıyırıq. Xarici görünüşü demirəm, o bir yana, əməliylə, kimliyiylə... Adını da qoyuruq ki, xımı xarabdır, müəllimlər də bayraq qaldırır ki, valideyn düzgün tərbiyə etməyib. Əsla!

 

Elm deyir ki, bütün əlamətlərin məcmusu genetika adlanır. Onun fenotipi xarici əlamət, genotipi isə daxili əlamətdir. Gen xəritəsində nələrimiz yoxdur? Yeddi nəsil keçidi şəcərə adlanır. Biz yeddi nəslin genini rəsmən daşıyırıq. Baxışımızdan yerişimizə, danışığmızdan əməlimizə – hamısı həmin gen fondunun buraxılışıdır. O əlamətlər sanki bizi özümüzə təqdim edir. Olmaq istədiyimiz isə özümüz deyilik, müvəqqətidir. Məsələn, mədəni bitki kimi tanıdığımız bitkilər və yabanı bitkilər. Meşə zoğalı xırda, iri tumlu (daha kefiyyətli) olur. Onu gavalı ilə hibridləşdirirlər, nəticədə iri, gavalı görünüşlü, lətli zoğal alırlar. Əgər həmin zoğalın tumunu yenidən əksən mütləq əvvəlki dədə-baba halına qayıdacaq, cır olacaq. Bax, gen öz işini gördü (geni belə dəyişdirmək bitkilərdə sort, heyvanlarda cins adlanır).

 

İnsanlar da belədir. Hər kəs düşdüyü mühitin rənginə uyğun don geyinir. Çalışırıq ətrafdakı insanlara özümüzü mədəni, alicənab, ziyalı göstərək. İstəməsək belə, etdiklərimiz var, çünki mühit tələb etdiyini edirik. Amma zaman gələndə qanımızda – genimizdə olan oluruq.

 

Yəqin əqrəblə tısbağanın dostluğunu bilirsiniz. Çayı keçmək istəyən əqrəbə tısbağa deyir ki, apararam, amma sancma. Çayı keçərkən əqrəb elə çayın ortasında sancır. Tısbağa deyir ki, niyə sancdın, indi özün də batacaqsan. Əqrəb deyir bacarmadım, xislətimdə var. Bax, həmin xislətdir illər öncə Bakıda şir saxlayan ailənin qurban olması və s. Çünki parçalama, sancma genlərində var.

 

Gələk insanlara. Ailələr var ki, valideynlər – nümunəvi, övlad – bədəsil. Ailələr də var ki, ailə ailə deyil, amma nümunəvi uşaqları var (nənəm beləsinə deyərdi: yəqin ciləyində varmış).

 

Mən adamlar tanıyıram ki, nə qədər özünü ziyalı kimi aparmağa çalışsa da, hiss edirsən ki, onun içindən gəlmir. Roldadır. Özü deyil. Adamlar da var ki, həyat onu qəddarlaşdırır, amma içində bir nəciblik, duyğusallıq ruhu var. Sadəcə passiv qalıb, inkişafı üçün şərait olmayıb. Genetikada dominant əlamətlər var, yəni üzdə olanlar; ressesiv isə gizli qalanlardır.

 

Sosial şəbəkələrdə bəzən kənddə-kəsəkdə pərdə arxasında elə istedadlı insanlara rast gəlinir ki, istedad bəzən çoban həyatında, fəhlə külüngündə itib gedir. Bax, o insanların şəcərəsində geriyə sayımda beşinci, yeddinci babaların fərqliliyi dominant olub. Bir sözlə, kimsə düşünməməlidir ki, mənim uşaqlarım tərbiyəli, istedadlı, kamallıdırsa səbəb mənim verdiyim tərbiyədir. Qəti etiraz edirəm! İnanmıram ki, hansısa valideyn övladını cinayətkar, tərbiyəsiz və s. görmək istəsin. Hamı övladının yaxşı olmağını istəyir. Hətta ən diqqətli ailədən belə layiq olmayan övlad çıxa bilər. Səbəb yalnız üstünlük təşkil edən həmin o dominant genlərdir – bizdən asılı olmayan təsadüfi seçimliş genlər. Adını da qismət qoyuruq.

 

İki övladım var. Hər ikisi üçün ana bətnindən onlarla danışmışam. Bütün ola biləcək hər şeyi imkan daxilində onlar üçün etməyə çalışmışam. Vətən məhəbbətindən ləyaqətə, savaddan intellektə, səliqədən mədəniyyətə aşılamışam. Artıq böyüyüblər, yeniyetmə yaşlarındadırlar. Baxıram, eyni mühit, eyni valideynlər, eyni şərait, amma fərqli istiqamət, tamam fəqli. Nə qədər ortaq məxrəc yaratmaq istəsəm də təbiətin qanununu poza bilmirəm. İstedadlı, məntiqli, təfəkkürlü uşaqlar olsalar da xarakterləri çox fəqlidir. Yəni xasiyyət tərbiyə olunmur. Onunla böyüyür, onunla ölürsən.

 

Əgər biz həmin biologiyanın yüksək şüurlu canlısı homo sapiens – dərrakəli insanıqsa, deməli, özümüz özümüzü müsbətə yükləyə bilərik, əqrəblik etmədən. Ömür çox qısadır. Bu qısa zamanda genimizdən gələn pislikləri kənarlaşdırıb iradi olaraq yaxşı əlamətləri elə inkişaf etdirək ki, şəcərəmizin daim dominantına çevrilsin. Şəcərədən gələn genin səsini eşitmək, seçim etmək lazımdır. Yeddi nəslin şaxəsi isə hərtərəflidir.

 

P.S.

 

El arasında “qanında var” deyimi elə genində var anlamındadır. Gen son onilliklərin nəticəsi, amma el deyimi yüz illərdən gəlir...

 

Müəllif: Esmira Ələkbərli