TƏBİƏTİN VƏ TARİXİN HARMONİYASI

2. TƏBİƏTLƏ İÇ-İÇƏ YAŞAYAN XALQ 

 

 

Niderland insanı üçün təbiət yaşadığı məkandan, bir qədər də dəqiqləşdirsək, yataq otağından, qonaq otağından, evinin kandarından başlayır. Çoxmərtəbəli binada yaşayırsa, onun evinin hər künc-bucağında, eyvanında mütləq bir yaşıllığa, gülə-çiçəyə, yaşıl budaqlara rast gələcəksən. Eyvanlar isə bir başqa aləmdir. Eyvanlar məhəccərlər boyu asılmış, döşəmələrə düzülmüş böyüklü-kiçikli dibçəklərinin çoxluğu, bu dibçəklərdən boy verən al-əlvan çiçəkləri, çeşid-çeşid yaşıl bitkiləri ilə qarşına çıxacaq. 

 

Üzü  kiçik bağçaya baxan alçaq evlərin pəncərələrindən üzünə gülən gül-çiçək dibçəkləri, bağçada əkilmiş gül kolları, dekorativ ağaclar sənin ayaq saxlamana, bu gözəlliklər qarşısında donub qalmana nədən ola bilər. Sənin dayanıb bu gözəlliyə tamaşa etməni isə Niderland insanı anlayışla qarşılayacaq və hətta sənə bu diqqətinə görə təşəkkür də edəcək. Yadımdan çıxmamış bunu da deyim: Niderlandda evlərin pərdələri həmişə açıq olur. Yay-qış. Adamların kimsədən gizləyəcək bir şeyləri yox. Bu kiçik evlərin bağçaları səliqəsi ilə, gül-çiçək arasında zövqə görə yerləşdirilmiş, müxtəlif mövzulu kiçik heykəlcikləri, rəngli daşları, ağaclardan və ya hündür bir yerdən asılmış, günəş enerjisini toplayaraq çalışan rəngarəng lampaları, bir-iki nəfərin oturub, dərdləşə biləcəyi kürsü və masaları ilə sənin heyran olmana kifayət etməlidir.

 

Niderlandın güllər ölkəsi olmasından hamının xəbəri var. Dünyanın gül istehsalında öndə gedir, gül ixracından xeyli gəlir götürür, bu sektor xeyli vətəndaşı işlə təmin edir. Bu faktlar az qala hamımıza tanışdır. Amma hollandların gül-çiçək aşiqi, yaşıllıq vurğunu, təbiət tutuqlusu olmaları barədə çox az adam xəbərdardır.

 

İnsanların təbiətə bağlılığı evinin kandarından başlayır. Bunu artıq bilirik. Ayağını bayıra basan insan evindən başlayan təbiətin davamını görür. Təbiət onu hər addımda təqib edir. Mağazada alış-veriş edərkən, iş yerində çalışarkən Niderland insanı onu təbiətə bağlayan bir bitki ilə, bir heyvanla üz-üzə gələ bilir.

 

Evini köpəklə, pişiklə bölüşən Niderland insanının evindən kənarda rastlaşdığı heyvanlara rəğbətlə, sevgilə yanaşmayacağını düşünmək belə onlara qarşı haqsızlıq kimi anlaşılmalıdır.

 

Su mənbələrinə yaxın yerlərdə salınmış söyüdlüklər adamı heyran qoyur. Ucu yerə dəyən salxım söyüdlər insanları ayaq saxlamağa, çətiri altında dincəlməyə, nəfəs dərməyə səsləyir. Xırdaca bir mehin tərpətməsi ilə yarpaqları pıçıldaşan uca çinarlar, əzəmətli palıdlar, gözümüzün alışmadığı, hər budağı sirli bir varlığın buynuzlarını xatırladan dekorativ iynəyarpaqlılar, çilçırağı andıran çiçəkləri ilə çeşid-çeşid maqnoliyalar qeyri-adi gözəllikləri ilə qarşına çıxa bilər.

 

Şəhərlərdə sıx meşəliyə, qalın ağaclıqlara, kolluqlara da rastlaşa bilərsən. Bu yerləri insan ayağı dəyməyən vəhşi təbiətin bir parçası kimi də zənn edərsən. Qurumuş, çürümüş budaqlar necə var saxlanılır, məkanın təbiiliyinə toxunulmur. Bu ağaclıqların özünəməxsus faunasının olması da danılmazdır. Belə sahələrə ayaq basıb, təmiz havanı ciyərlərinə çəkən, quşların ötüşünə dinşək kəsilən insan urbanizasiyanın yaratdığı səs-küydən, stresdən arınır, özünü bir anlıq canlı təbiətin qoynunda, nağıllar aləmində hiss edir. Sözarası, Niderlandda az qala əhalinin hamısı şəhərlərdə yaşayır, bunu urbanizasiyanın 89 faizlik səviyyəsi də sübut edir. Bu yaşıllıqların arasında dolaşan insanları gördükcə insanın qocalmağa məhkumluğunu, öləriliyin onun üçün qaçılmazlığını bilsəm də, belə yerdə insan qocalmaz, insan ölməz kimi fikirləri də beynimdən keçirirəm. Niderland əhalisinin böyük hissəsinin 65 yaşdan yuxarı insanlardan ibarət olması danılmaz faktdır. Onlar ölkə əhalisinin 14,6 faizini təşkil edirlər. Orta insan ömrünün 78,81 il olması da mənim bu cür düşünməmə səbəb olur. Həyat səviyyəsinin yüksək olması ilə bərabər, təbiətin bu cür qorunması da insanlar arasında uzunömürlülərin xüsusi çəkisinin artmasına gətirib çıxarır.

 

Nohur və gölləri, çay və kanalları özünə məskən seçən, elə burada – insanların, maşınların qaynarlığında – yuva quran, nəsil artıran onlarla quş növünə rast gələ bilərsən. Həyasızlığının sərhədi bilinməyən, ilk dəfə burada gördüyüm şəvə qarası qarğalar, qışqırtıları ilə adamın beynini deşən qağayılar, bir yerdə qərar tuta bilməyib, dik-dik dingildəyən sağsağanlar hər yerdə gözə dəyir, saymazyana ədaları ilə, sanki, şəhərin insanlardan çox, onlara məxsus olduğunu nümayiş etdirirlər. Sülh rəmzi göyərçinlər hər yerdə qarşına çıxa bilər. Səninlə təmasa keçməyə təşəbbüs də göstərər. Yetər ki, sən ona xoş üz göstər.

 

Ara-sıra görünən, təbiətdə azad dolaşan tutuquşular, yəqin ki, nə zamansa holland dənizçilərinin uzaq tropik ölkələrdən gətirdikləri quşların törəmələridir. Nə yollasa azadlığa çıxmış bu quşların artıq yerli şəraitə uyğunlaşdıqlarını, talelərinin soyuq şimal dönəmini yaşadıqlarını da güman etmək olar. Bu gün Bakıda azad həyat sürən tutuquşuların da bu yolla yayıldıqlarını ehtimal kimi söyləmək olar. Tutuquşular kimi, kolluqların arasında bir an gözə dəyib, bir anda da gözdən itən birəbitdənlər hələ insanlara yaxınlaşmaq, təmas qurmaq bacarığına yiyələnməyiblər. Yazın gəlişi ilə qaranquşların görünməsi arasında çox da fərq olmur. Sərçələrin azlığı Niderlandda da hiss olunur. Biz tərəflərdə də son bir neçə ildə onların sayının azaldığı müşahidə edilirdi. Bu qaragün quşların hansı fəlakətə düçar olduqları barədə doğru-dürüst, ağlabatan bir xəbərə rast gəlmədiyimi, oxuduğum xəbərlərdən ağlımın bir şey kəsmədiyini də söyləyim. Görünür yenə bizim əməlimizdir, antropogen mənşəli yəni.

 

Su quşları sayca daha çoxdur. Onların yaşaması üçün su mənbələrinin çoxluğunu unutmamalıyıq. Çöl ördəkləri, ququşular, vəhşi qazlar, uşaqlıqda qurbağadənləyən adlandırdığımız vağlar, qaşqaldaqlar, durnalar, su fərələri və adını-növünü bilmədiyim, tanımadığım, ilk dəfə Niderlandda gördüyüm çeşid-çeşid su quşları yaşayış məskənlərinin içərisində, ətrafında, insanlarla qonşuluqda, onlarla əlaqədə və insanların yardımı ilə yaşamaqdadırlar. Qorxusuz-hürküsüz nəsillərini artırmaqdadırlar. Hər addımbaşı qarşına çıxan kanallarda, nohurlarda onlarla quşun üzdüyünü, yem axtardığını, yumurtadan yenicə çıxmış, sarıdimdik balalarına həyat dərsi keçdiyini, insanları görüncə qorxusuz-hürküsüz onlara yaxınlaşdığını, qonaq edildikləri yemək parçasını çəkinmədən götürdüklərini gözlərinlə gördükdə, bu vaxta qədər məmləkətində müşahidə etmədiyin belə bir mənzərədən şok olursan.

 

Aprel-iyun aylarında nohurlarda, kanallarda, çaylarda quşların yumurtadan çıxmış yeni balaları ilə insanların görüşünə gəlmələri adi bir haldır. Çöl ördəyi ailəsinin insanların əlçatarında dörd balasını böyütmək üçün necə qayğı çəkdiklərini və gördüyüm bu səhnədən necə təsirləndiyimi, gözlərimin dolduğunu indi də xatırlayıram. Görəsən ördək balaları böyüyüb böyüklərin cərgəsinə qarışa bildilərmi sualını təkrar-təkrar qafamdan keçirirəm. İnsanlardan onlara bir xətər gəlməyəcəyi düşüncəsiylə rahatlıq tapıram. Amma bir müşahidəm o ördək balaları sarıdan əndişəmi artırırdı. Nədən ki, bir çox quşların balası qağayıların, qarğaların asanlıqla qurbanına çevrilə bilir. Dəstə ilə hücum edən qağayılar və ya qarğalar bu körpələrin valideynlərini çaşdırıb yorur, onların fikrini yayındıraraq balalarını aparırlar. Kənddə yaşayanlarımız qarğaların, sağsağanların toyuq cücələrini necə caynaqlarına keçirdiklərini bilməmiş deyillər. Mən bunu Rotterdamda da müşahidə edə bildim. Qırmızıbaş bir ördəyin üç balasını qağayılardan necə müdafiə etdiyini, amma bu mübarizədə mütləq məğlub olacağını seyr etməkdən əzablı bir mənzərə təsəvvür edə bilməzsiniz. Bu xırdaca yavrulara hücum edən qağayı dəstəsini zorla qovsam da, qağayıların təbii haqlarına müdaxilə etdiyimin də fərqindəyəm. 

 

Bu quşların toplaşdığı, barındığı yerləri açıq havadakı minizooparklara da bənzətmək olar. Hərçənd ki, zooparklar xüsusi müəssisələrdir. Heyvanlara qulluq edən işçiləri var. Bizim minizoopark adlandırdığımız yerlərdə belə qaydalar yoxdur. Bu yerlər insanların şüurlu və könüllü hərəkətləri ilə mövcuddur. Belə yerlərdə insanlar öz istəkləri ilə quşların qulluğunda dururlar. İnsanlara alışmış, onlardan heç bir təhlükə gəlməyəcəyini anlayan quşlar özlərinin yabanı olduqlarını unudaraq ev quşları kimi davranırlar. İnsanları görüncə onları sahibləri zənn edib yanlarına yaxınlaşırlar. Bu mənzərəni kənardan müşahidə edəndə elə bilirsən ki, ev sahibi öz toyuq-cücəsini yemləyir, onun ətrafına yığışmış quşlar isə ev quşlarıdır. Bəzən ailəliklə quş yemləməyə gələn insanlar həm bu quşları bəsləyir, həm də uşaqlarına təbiəti sevməyi, onun ayrı-ayrı ünsürlərini tanıdıb, onları qorumağı aşılayırlar. Kiçik Lusiya ilə belə bir gəzintinin, quşları birlikdə yemləməmizin həm onu, həm də biz böyükləri necə pozitiv enerji ilə yüklədiyini hələ də unutmamışam. Onların qulluq etdikləri quşları isə əhliləşdirilmiş, ən azından yarıməhliləşmiş, ələ öyrədilmiş ev quşları da saya bilərik. Nədən ki, gözümüzlə gördüklərimiz bizi belə düşünməyə vadar edir.

 

Qış aylarında şəhərlərdə daha çox görünən qağayıları yemləyən insanlara hər yerdə rast gələrsən. Binaların yuxarı mərtəbələrindən onlara yem atan uşaqları-böyükləri görmək şəhərin adi mənzərələrindəndir.

 

Acı da olsa, arada bizim təbiətə münasibətimizlə avropalıların təbiətə münasibətini müqayisə edirəm. Yadıma təxminən 45 il bundan əvvəl gözümlə gördüyüm, passiv də olsa iştirakçısı olduğum bir hadisə düşür. Kəndin ayağından axan kanala hardansa gəlmiş, yəqin ki, yolunu azmış ördəyi ələ keçirmək istəyilə min bir yöntəmə baş vuran beş-on uşağın hərəkətləri gözümün qabağında canlanır. Bəlkə də yaralı olan ördəyi ölü və ya diri olaraq ələ keçirmək istəyimizin vəhşi ifadəsini deməyə belə çətinlik çəkirəm. Əlimizə keçən hər şeylə ördəyi vurmaq istəyimiz gözlərimin önündən getmir. İndi bu sətirləri yaza-yaza şükür edirəm ki, nə yaxşı sayımızın çox olmasına rəğmən, biz istəyimizə nail ola bilmədik. Görünür insanların belə sərt hərəkətləri ilə üzləşə biləcəyini ona xəbər verən müəyyən instinktə malik olması o kiçik ördəyin suya bataraq başqa bir yerdən çıxmasına, bu yöntəmlə bizdən uzaqlaşmasına və bu minvalla da həyatını qorumasına yardım etmişdir. Bu utancverici epizodla müxtəlif coğrafiyalarda yaşayan insanların təbiətə münasibət fərqini qabartmaq istəyim də anlaşılan olmalıdır. Quşvuranını qurbağaların, sərçələrin üzərində sınaqdan keçirən sovet kəndinin uşaqlarının başqa bir əyləncəsinin olmadığını da vurğulamadan keçməyim. O vaxtdan indiyədək çox şeyin dəyişmədiyini də üzülərək söyləyim.

 

Heç bizim böyüklərin də təbiətə münasibətində müsbət dəyişiklik olduğunu düşünmürəm. Düzdür, dövlətin təbiəti qorumaq məqsədilə atdığı addımları, inzibati cəzaları və digər tədbirləri bu sahədə müsbətə doğru dəyişmənin ilkləri saya bilərik. Üstəgəl, dünya ölkələri ilə gediş-gəlişin intensivliyi sayəsində insanlarımızın yaxşı olanları mənimsəyərək öz gündəlik həyatlarında tətbiq etmək istəmələrini də uğurlarımızdan saymaq olar. Dünya gör-götür dünyasıdır. İnkişaf etməmizin bir yolu-yöntəmi də bu olmalıdır. Ancaq insanların şüurlarında bu müsbət meyllərin çoxalmasının, pozitiv düşüncənin formalaşmasının ləng getdiyini də etiraf etməliyik, bunun sürətlənməsi üçün yollar aramalıyıq.

 

Afiq MUXTAROĞLU

Niderland