Son vaxtlar internetdə gəzinərkən bir çox məlumatlarla rastlaşıram. Bu məlumatlardan bir qismini bu yazımda sadalayacam.

 

Hər il zibilliklərə bir trilyon ədəd miqdarında plastik torba, 500 milyon ədəd plastik butulka atırıq. İstifadə etdiyimiz bu zibillər zibilliklərə, oradan çaylara, çaylardan dənizlərə, dənizlərdən isə okeanlara gedib çıxdı. Bu zibillər okeanın bir yerində birləşərək böyük bir ada əmələ gətirdi. Bu adanın sahəsi isə 3,5 milyon km qədərdir. Bu 3,5 milyon kilometrlik sahə ada deyil, qitə adlandırılsa daha doğru olar. Bu qitənin hətta bir adı da var: Böyük Pasifik zibillik zonası. Bu plastik maddələrin isə yenidən istifadəsi mümkündür. Buna sübut çalışdığım iş yerinin yaxınlığındakı fabrikadır. Deməli, orada plastik qutuları parçalayıb dırnaq boyda edən qurğular var. Parçalara ayrılmış bu plastik maddələr yenidən istifadə edilmək üçün böyük çuvallara doldurulub Türkiyəyə göndərilir.

 

Dünyada istehsal edilən qidanın haradasa üç hissədən bir hissəsi zibilliklərə gedir. Zibilliklərə gedən bu qidanın az bir qismi ilə belə dünyadakı ac insanların hamısını doyurmaq olar. Bu israfın ölçüsü isə bir trilyon dollardır. Bu məbləğ ilə dünyadakı ac insanların 15 qatını belə doyurmaq olar. Çox təriflədiyimiz Avropada belə istehsal edilən qidanın 20 %-i zibilliklərə gedir. Gürcüstanda isə bu miqdar ildə 900 min tondur.

 

Çörəyə gəldikdə isə sadəcə Türkiyədə gündə 12 milyon ədəd çörək zibilliyə gedir.

 

Təbii ki, ölkəmizdə də çörək israfına rast gəlmək olar (gürcü mənbələrində çörək israfı ilə bağlı məlumat tapa bilmədim), Gürcüstanda yaşadığımız üçün bunu hamımız müşahidə edə bilərik.

 

Dünyadakı qida istehsalını azaltmaq mümkün deyil (israfı aza endirmək üçün), bu heç lazım da deyil. Ancaq israfın qarşısını (hamı əlbir olsa) müəyyən qədər almaq olar. Ölkəmizdə demək olar ki, heç kim acından ölmür, ancaq küçələrdə böyük miqdarda ac heyvanlar var. Zibil qablarına atılan çörək və digər qida qalıqları ilə bu heyvanları doyurmaq olar (Rahatlıqla deyə bilərəm ki, bu zibil qablarına küçə heyvanlarının əli çatmır).  Dünyada da, ölkəmizdə də evlərdə bahalı cins ev heyvanları bəslənilir. Bu heyvanlar üçün xüsusi yemlər istehsal olunur. Bu cür heyvanları bəsləyən insanlar təbiidir ki, bu xüsusi qidalardan istifadə edir. Əslində isə xüsusi heyvan yemlərinə ehtiyac duymadan bu qida qalıqları ilə bu cür ev heyvanlarını doyurmaq olar. Özümüzdən misal çəkim: biz istifadə etdiyimiz çörək artıqları ilə itimizi və toyuqlarımızı doyururuq. Hətta çalışdığım iş yerində belə bəslədiyimiz sahibsiz heyvanlar var.

 

Yaşadığımız yer kürəsində qızılın miqdarı da azdır, demək olar. Biz isə özümüzə qızıldan dişlər düzəldirik, bu dişlərlə yaşayıb bu dişlərlə ölür və bu qızıl dişlərlə birlikdə gömülürük. Yəni başqaları qızılı yerdən çıxardır, biz isə yerə gömürük.

 

Hətta ildən-ilə kosmosa xüsusi cihazların hissələri şəklində nə qədər metal göndəririk, bu metallar isə bir daha yer üzünə qayıtmır. Yəni yer üzünün sərvətini bir yanda yerə gömür, bir yanda göyə çıxardırıq.

 

İndi isə bizi gözləyən ən böyük təhlükələrdən biri ilə tanış olaq. Yer üzünün neft ehtiyatı getdikcə azalır. Deyilənə görə, önümüzdəki 50 ildə bu neft ehtiyatı tamamən tükənəcək. Bunun isə qabağını almaq qeyri mümkündür.

 

Tək çıxış yolu isə elektriklə işləyə bilən nəqliyyat vasitələridir. Bu sahədə də istənilən inkişaf gözə dəymir. Buna səbəb də, ola bilsin ki, dünyadakı böyük neft şirkətlərinin təzyiqidir. Bəlkə də deyil, nə bilmək olar. Bu da bir ehtimaldır.

 

Deyilənə görə, dövrümüz antroposen dövrüdür. Bunun nə olduğunu bilmirəm. Öz-özlüyümdə bu dövrü zibil dövrü adlandırıram. Biz insanlar o qədər inkişaf etdik ki, daş dövründən zibil dövrünə gəldik.

 

Yəni yer üzünün sərvəti azalır zibili çoxalır. Bu azalmanın qarşısını ala bilməsək də, zibilin çoxalmasının qarşısını ala bilərik.

 

Vüqar VƏKİLOĞLU