Biz adət-ənələrimizə çox bağlıyıq. Bizim üçün ən başlıcası adət-ənələrimizdir. Belə ki, yas mərasimlərini, toyu, bayramları və s. adət-ənələrimizə əməl edərək keçiririk.

 

Yas mərasimləri ilə bağlı adət-ənənələrimizə diqqət yetirmək istəyirəm. Vəfat edən şəxsin ailəsinə başsağlığı verdikdən sonra otururuq və əsil mərasim də elə bundan sonra başlayır. Düzdür, hər kəs ağlayır, amma kim vəfat edib həmin şəxsi deyil, hərə öz vəfat edənini yad edib ağlayır. Bu da bir müddətə qədər. Sonra yas yeri qeybət yerinə çevrilir. Məsələm: “Eşitmiş olarsan, filankəsin oğlu arvad alıb. Heç bir-birinə yaraşmırlar da” və ya “O gülü qoyanın geyindiyi paltara bax, adam yas yerinə sarı rəng paltar geyinərmi” və sair və ilaxır.

 

Biz yas yerinə gedənlərin geyimini həmişə qara təsəvvür etdiyimiz üçün kimsə ağ və ya başqa rəngdə paltar geyindikdə ona pis baxırıq. Bu, bizim adətimizdir. Axı yas yerinə bəzənib, qara parıltılı, dırnaqlarda manikur və sairlə getmək olar. Belə insanlara baxıb heç nə demirik. Amma qara paltar geyinməyənlərə hər cür söz deyirik. Hətta ağlaşma tərzinə belə qarışırıq: “Yalandan ağlayır, özünü xalqa göstərir, heç gözündən yaş da gəlməyir”.

 

Biz niyə belə dar düşüncəliyik?.. Bizim başqasının geyimində, ağlamağında nə işimiz var?..

 

Bir də elə qadınlar var başlayırlar vəfat edən şəxs haqqında özlərini maraqlandıran sualların cavabını ondan-bundan öyrənməyə: “Gülcahanın dediyinə görə, xəstəliyi var imiş. Az, nə xəstəliyi, Gülbadam dedi özü dərman içib, canına qəsd edib” və daha nələr-nələr... Amma əsl səbəbi bilmədən qonu-qonşudan, tanışdan, yaddan eşitdikləri sözlərin birinin üstünə də beşini qoyaraq danışırlar.

 

Tabutu qəbiristanlığa kişilər aparır. Bəs qadınlar nə iş görür bu vaxt? Qadınlar isə göz yaşlarını yuyub başlayırlar tez-tələsik kişilər gəlməmiş özlərinə süfrə açmağa. Vəfat edən şəxsin ən yaxınları başlayır hər şeyi əskiksiz etməyə. Süfrə açılarkən ən çox diqqət yetirilən şey: “O stola hər şeyi bol-bol qoyun. O boşboğazdı, gedib orada-burada deyəcək, heç yaxşı stol açmamışdılar”...

 

İndi isə bir az kişilərin abu-havasından danışım. Bildiyimiz kimi, qadınlardan sonra da kişilərə stol açılır, süfrələr düzəlir. Axı kişilər yorulub gələcəklər. Nə isə. Tək qadınlar deyil axı qeybət edən. Amma kişilər tamam başqa mövzulardan danışırlar. Kim mal-qara aldı, ev tikdirdi, toyda dava salan kimi idi, qəbri kim qazmışdı... Bir sözlə, hər cür söhbəti eşidə bilərik. Bu, çoxlarımıza təəccüblü gəlirmi? Xeyr, çünki artıq bu cür söhbətləri çox eşitmişik, ona görə də təəccüblənmirik. Belə söhbətlərin olacağını bilib, ona görə də hər şeyi əskiksiz etməyə çalışırıq.

 

Mənə çatmayan, başa düşmədiyim bir şey var, daha doğrusu çox şey var: nə üçün yas yerinə adamlar yığışmamış ağlaşma olmur. Elə ki başlayır insanlar yığılmağa, ən əsası da qadınlar, başlayırlar ağlamağa. Camaat yığılmamışdan qabaq ağlaya bilmirikmi? Niyə? Cammat toplaşanda özünü yerə çırpana bax, ağlamaqdan özündən gedənə bax... İnsanları gördükdəmi dərk edirsiniz vəfat edəninizin olduğunu? Yoxsa, bu bizim ənənəmizdirmi?..

 

Müəllif: Validə Fətullayeva