O da hamı kimi doğuldu, hamı kimi məktəbə getdi, hamı kimi sıralansa da hamı kimi yaşamaq istəmədi, amma bu “hamı kimi”ni bacarmaq nə qədər çətinmiş sən demə, palaza bürünüb elnən sürünməyi də bacarmaq lazımmış...
Bir gəncin sosial şəbəkələrdə rastlaşdığım reklam çarxı məni çox məyus etdi və bu yazını yazmağa vadar oldum. Qorxdum ki, bir rəssamın etirazından başlayan küskünlüyü gənclərə yoluxa...
Rasim Həsənov – yəqin sənətsevərlərə tanışdır bu ad. Bu ilin sentyabrında Tbilisidəki Milli Qalereyada sərgisi ilə əks-səda yaradan gənc rəssam, özünəməxsusluğu ilə fərlqənən, fərqləndiyi qədər sənətinin vurğunu, sənət məsumu olan, uman yerdən küsən, çıxıb gedəcəm buralardan məni mən kimi anlayanlara tərəf deyən rəssam...
O, Qarayazıda sıradan bir ailədə dünyaya gəldi. Qardabani 3 saylı məktəbdə şagird oldu. Bir gün həyatın burulğanı onu Belarusun Bobruysk şəhərinə apardı. Gənc yaşların ilk addımlarını orada atdı. Uşaqlıqdan hamının cızma-qara kimi baxdığı onun qaralama vərəqləri Rasimin gələcək dünyasının rəngləri idi – hələ kimsəyə anlada bilmədiyi dünyasının.
Belarusda küçə divarlarında çəkdiyi rəsmlər – küçə sənəti (street art) bəzilərinin diqqətini çəksə də, o, hələ də içinin səsini tam anlada bilmirdi. Rasim fərqliydi – ətrafının onu dərk etmədiyi qədər fərqli. Elə o küçə sənətçiləri üçün doğrudan da rəssamlıq keçəri bir həvəs idisə, Rasim üçün keçmədi, artıq küçə rəssamlığı, kətan rəsmi ona azlıq edirdi, bir yenilik istəyirdi – hamıdan fərqli. Düşüncəsini fərqli sənətiylə üzərə çıxarmaq istəyirdi, amma hələ istədiyi yeniliyi tapa bilmirdi.
Bir gün bir yuxu gördü, çox qəribəydi, bir otaq və otaqda müxtəlif rəsmlər, rəngarəng tablolar vardı. Hər rəsm bir sənət idi, hərəsində bir dünya vardı. Hər əsərin öz mənası sanki kulminasiya nöqtəsi kimi ağ gipsdən bir heykəl kimi önə çıxırdı, elə bil demək istəyirdi ki, bax, bunu deyirdim. Rasim bütün rəsmlərə acgözlüklə baxırdı “bu nədir, bütün bunları mən də düşünmüşdüm” deyə təəssüflənirdi, çəkmək istədiyi bütün rəsmlər burada idi. Sanki ideya oğrusu idi o rəssam, bircə fərq vardı – heykəllər. Yuxudan ayıldı, əvvəl sevindi ki, onun ideya oğrusu yox imiş, tam ayılanda anladı ki, tapdı – etmək istədiyini tapdı. Deməli, yuxu köməyinə çatdı. Nyutonun alması köməyə çatan kimi və Rasim qərar verdi – rəngkarlıq və heykəltaraşlığın sintezi. Bu, onun özünəməxsus bir təqdimatı olacaqdı. Öz dünyasından rəssamlıqla çıxış və heykəltaraşlıqla nöqtə!
Bəli, öz yolunu tapdı. Küçədən kiçik otağındakı künc emalatxanasına dönüş etdi. Beləcə bir əsər üzərində bəzən aylarla işlədi və nəticədən özü çox razı idi, istədiyini deyə bilirdi. Əlbəttə, tarix boyu yeniliklər də çətin qəbul olunub, insanların qəlbi ilə əməlinin tərs mütənasibliyi də. Artıq qəriblik də onu sıxırdı. Vətən sevgisi, doğmaların cazibəsi onu yurduna çəkirdi.
Bir gün bir dostuna hədiyyə etdiyi rəsm-heykəli o öz ofisində divardan asıbmış. Dostunun deməyinə görə, onsuz da bütün gələnlərin diqqətini cəlb edən tabloya bir gün bir belarus ictimai xadim yaxınlaşıb müəlliflə maraqlanıb və xahiş edib ki, rəssama onun sərgisini açmaq istədiyini çatdıralar. Xəbərdən 23 yaşlı Rasim həm qürurlandı, həm də inadkarlıq etdi. Qürurlandı ona görə ki, deməli, istədiyi pilləyə doğru istədiyi kimi, öz fərqliliyi ilə yol alıb, hətta tanınmış bir incəsənət xadimi ona öz hesabına sərgi belə açmaq istədi. İnadkarlıq etdi ona görə ki, bunu yalnız Vətəndən kənarda olan insanlar hiss edə bilər. Nə qədər günün xoş olsa da səni uşaqlığının keçdiyi və Vətən dediyin o yer özünə çəkir. Qəriblikdə etdiklərinə bir qısqanclıq və edə bilmədiklərinə “Vətəndə edə bilərdim” sindromu olur, əlbəttə ki, vətənsevərlərdə. Rasim də düşünürdü ki, məni heç tanımayan bir belarus bu diqqəti göstərirsə, gör öz Vətənimdə mən necə diqqət mərkəzində olacam.
Rasim Qarayazıda öz uşaqlığını qoyub getmişdi, onun Vətən xatirələri, yaddaşı da uşaqlıqdakı kimi saf və arzu dolu idi... Odur ki, ona uzanan yad əllərdən tutmadan Vətənə döndü. Çox çətinliklərlə əsərlərini Qardabaniyə gətirə bildi. Artıq yerləşmişdi. Ata yurdu ona qucaq açdı, dost-tanış sevinclə qarşıladı. Özünə yaxşı dostlar tapdı. Artıq Gürcüstanda azərbaycanlılar onun qoyub getdiyi zamandan fərqli idilər. İnteqrasiya addımları da daha geniş idi. Gənclər Tbilisidə ali təhsil alır, işlə təmin olunur... Rasim özünə mənən yaxın olan gənclərlə görüşdü, onlar qəzet nəşr edirdilər, teatr yaradırdılar və s.
Həə... bunlar işin görünən tərəfi imiş. Sən demə daxilində başqa çətinliklər varmış. Rasimin arzuları elə arzu olaraq qalacaqmış. Qəzet üçün də, teatr üçün də, məktəb, dərnəklər üçün də özünü fəda etməliymişsən. Heç kim səni duz-çörəklə qarşılayıb fədakarlıq etməyəcəkmiş.
Artıq addımını atmışdı və addımlamalıydı. Bəlkə də addıma çatmaq üçün sürünmək lazım idi ki, bunu da Rasim qəbul etmirdi. Öz hücrəsində yaradıcılığına davam etdi, ailə qurdu, axı ailəni saxlamaq üçün sənətdən gəlir gəlmirdi. Dostların köməyi ilə ilk sərgisini Tbilisidəki Parlament Kitabxanasında açdı, əlbəttə, kimsənin tanımadığı, bəlkə hələ təcrübəsi də az, 25 yaşlı rəssam o qədər də işıqlandırılmadı. Sonra Tbilisidə Ədəbiyyat Muzeyində qarışıq sərgidə iştirak etdi... Yox, heç nə onun düşündüyü kimi deyildi. Bir tərəfdən maddi asılılıq, digər tərəfdən diqqətsizlik Rasimi çox sıxırdı. Üçüncü sərgisini Rustavi Tarix Muzeyində təşkil etdilər. Sərgidə görkəmindən ziyalılıq yağan bir gürcü yaxınlaşıb dedi: “Rəsmlərin məni valeh etdi, mənim üçün sintezin yenilik idi. İncimə, çıx get buralardan, Gürcüstan sənə darlıq edəcək”. Düzü, tamaşaçı çoxluğunda sözünü deyib gözdən itən ziyalının məsləhəti beyninin yaddaş kartına yazıldı...
Həyat yoldaşı Jalə xanım Tbilisi Milli Qalereyasına müraciət edərək belə bir rəssamın varlığını xatırlatdı. İşlərə baxış keçirildikdən sonra bir həftə sonra senzura ilə, bəzi qadağalarla sərgiyə icazə verildi. İçindəki təlatümləri hayqıran rəssam sərginin adını “Üsyan” qoydu. Çox maraqlı, özünəməxsus video reklam hazırladı: bir boş düzənlikdə o öz əsərinə od vurur, əsər yanır. Əsərdən önə uzanmış gipsdən olan qollar, əllər qalır, yəni ruhumu yandırdın, amma əlim sənə açıq qaldı, əlim sinəmdə ya mənən yandırıldım, dilənçi qaldım, ya yenidən çəkəcəm... Mücərrəd-abstrakt mənalar o qədər çox idi ki, yalnız digər əsərləri görməklə rəssamın nə demək istədiyini bilmək olacaqdı...
İzləyicilər maraqla sərgini gözləyirdi. Gedə bilməyənlər isə mediada, sosial şəbəkələrdəki paylaşımları gözləyirdi. Nəhayət sərgi baş tutdu. Gürcüstanın gürcüdilli televiziya kanallarından üçünə xəbər edilmişdir, o cümlədən Azərbaycan mediası və yerli azərbaycandilli media da sərgidə idi. Sərgi maraqla qarşılandı və çox böyük əks-səda yaratdı, amma yalnız yerli azərbaycandilli mediada və Azərbaycan televiziyalarında.
Rasimin sərgisinə hətta qalereya rəhbərliyi belə çox biganəlik edib, kurator vəzifəsindən belə son anda imtina etdilər. Yaxşı ki, həyat yoldaşı jurnalist idi, özü kurator, media yönəldicisi kimi çox işləri həll edirdi. Üç gün sonra reportajın efirdə getməməsinin səbəbini öyrənmək üçün zəng edəndə cavab belə vermirlər...
Gürcüstanın rəssamlıq tarixində yeganə olan bu müasir rəngkarlıq və heykəltaraşlıq nümunələrinə bu cür biganəlik Rasimi çox qırdı. Bu qırıqlıq “Üsyan” adlandırdığı sərgisinin davamı kimi “çıxım gedim buralardan” devizinə çevrildi.
Çox təəssüf ki, belə bir istedad çoxluqların içində onlara qarışaraq sıradan biri kimi bizim olmayacaq!
Tolerant olmaq istədiyimiz ölkəmizdə inteqrasiya edərək Gürcüstan adına bir mərtəbə ucalmaqla özümüzün olaq, yoxsa istedadları hürkütməklə belə gənclərimizi Avropa çoxluğunda, firavan yaşam tərzində əridəkmi?!
Əminəm, Mədəniyyət Nazirliyimiz SOS səsimizi eşidəcək. Milliyətindən asılı olmayaraq hamımızın sənədində Gürcüstan vətəndaşı yazılır axı. Gəncləri Gürcüstan vətəndaşı kimi bərabər sıralayaq ki, demokratik Gürcüstan respublikamızın əzəmətli divarlarını ucaldan gənclər arasında fərq qoymamaqla dövlətçiliyimizi qoruyaq!
Müəllif: Esmira Ələkbərli