Səməd Vurğun “Yevgeni Onegin”i tərcümədən sonra yazmışdı:

 

Axıtdım alnımın incə tərini,

Yanmadım ömrümün o üç ilinə.

Rus ədəbiyyatının şah əsərini

Çevirdim Vaqifin şirin dilinə!

 

Yox-yox, qəti özümü müqayisə etmirəm, sadəcə maraqlı bir layihə düşündüm, bunun üçün bir yola çıxdım, yolum XXI əsrin yenilikləri ilə işıqlanmışdı... Sadə bir kənd müəllimi məktəbindən evə dönür, həmişəki ailə qayğıları, analıq məsuliyyəti, evdarlıq cədvəlini yekunlaşdırdıqdan sonra elə mətbəxdəncə marağının iziylə layihəsini həyata keşirmək üçün işıqlanmış yolun səkisi ilə irəliləyir. Bəli, köməkçi ümumdünya hörümçək toru – www idi...

 

Qəhrəmanıma fərqli yöndən, fərqli baxışdan yanaşdım, heç kimin baxmadığı səmtdən. Onu hamı tanıyır. Əksəriyyət sevir, amma millətin, xalqın şairi kimi. Kiminçün dostdur, kiminçün millət vəkili; kimlərsə uşaqlıq xatirəsiylə, kimlərsə tələbə yoldaşlığıyla və s. yadda qalıb.

 

Mən iki ayın hər günü axşam saatlarında, hər kəsin ailə çırasının işığına yığılan vaxtı kiçik mətbəximdən böyük səyahətə çıxdım. Rusiya, Azərbaycan, Türkiyə, Orta Asiya, Gürcüstan... bəzilərimizin tanıdığı, bəzilərimizin heç tanımadığı adamların xatirələrini dinlədim, öz marağımın ünvanı olan suallarımla yeni deyilməmiş mövzular tapdım.

 

Zəlimxan türk dünyasının əvəzsiz mənəviyyat ruhlu qəhrəmanı idi. Haqqında kifayət qədər yazılsa da, deyilsə də, hələ nə qədər deyiləcək, yazılacaq. Ancaq mən onun həyatının yalnız Borçalı – Gürcüstan səhifəsini vərəqlədim. Vərəqlədikcə neçə-neçə oxunmamış sətirlər tapdım, hər xatirə özüylə bir mizrabı götürdü, sazın kövrək avazıyla elimizin, obamızın Zəlimxanlı günlərini təzədən yaşadıq. Xatirələr şahidlərin dilində 10 ilin Zəlimxan yoxluğunda canlandı.

 

Mən 1950-ci ilin bir qış səhərində sevincək məktəbə xəbərə qaçan qadını, daxili – bir dünya, xarici – başqa olan Rəşid müəllimi tanıdım, riyaziyyatçı olsa da incə ruhlu Yusif müəllimi tanıdım, dünyanın yarısı olan sovet hökümətinin yuxusuna haram qatan Kəpənəkçi kəndinin odun oğurluğuna gedən uşaqları ilə danışdım, pəhlivan kimi qoçaq yeniyetmə Zəlimxanın uşaqlıq və gənclik sərgüzəştlərini dinlədim... Sonra film kimi gözüm önündə pillə-pillə tanındı o gənc. Ədəbi mühitdə elə tanındı, elə sevildi ki, hətta Xəlil Rza kimi xalqın adamı olan xalq şairi deyirdi ki, siz Zəlimxana xalq şairi deyin, o əsl xalqın şairidir. 

 

Xalq yaradıcılığını su kimi içən Zəlimxan Yaqubun tale yolunda bir bulaq fəvvarə oldu, bununla da onun cənnəti təravətləndi. Kürəyinə qonan əl dedi: Səni tanıyıram, qiymətləndirirəm, harada olsan unutma, əlim kürəyindədir! Zəlimxan ədəbi mühitdə vardı, amma onu sazıyla, sözüylə dövlət səviyyəsinə bu əl qaldırdı, olacaqların olmasına şərait yaratdı. Az yaşında Çindən Türkiyəyə dövlət xadimləri cərgəsində yer aldı. Bu əl onu ədəbi mühitdən ictimai xadim, oradan rəsmi dövlət xadimi zirvəsinə apardı. O, zirvəyə ucaldı, amma heç ədalanmadı, daha da sadələşdi, saflaşdı, uşaqlaşdı, axı o zirvədən Borçalıya baxırdı. Bu zirvədə yurddaş olmaq daha asan idi.

 

Zəlimxan vaxt etdikcə el-el, oba-oba Borçalını təzədən gəzdi, problemləriylə maraqlanırdı, baxmayaraq, millət vəkili idi, hər görüşünün sonunda ziyafət məclisinə restoranlara getməzdi, xalqın içində, kiminsə evində, başına qarapapaq qoyub, əlinə saz götürüb el adamı olurdu.

 

Mənə göndərilən yayımlanmayan onlarla videoda o danışırdı, həmişəki kimi odlu-alovli, amma sonda şeirə, sənətə dönürdü. Dövlət rəsmisi 37-nin qıra bilmədiyi elin sevgisi, yaddaşıyla yaşamış sazı görəndə şair olurdu, ozan olurdu. Özündən əvvəl klassiklərdən, müasirlərdən deyərdi, sonda özündən. Bax, bu idi onun şəxsiyyəti.

 

Mən maraqlı xatirələrin, videoların, şəkillərin iziylə Zəlimxanla Borçalını gəzdim. Onun sadəliyi, səmimiliyi bir yana, o yığıncaqların hərəsi bir dastan idi. Bəli, o olduğu hər bir məclis bir dastan idi. Doğrudan da olduğu hər görüşdə Zəlimxan öz dastanını yazıb gedirdi. Mən ona dahi deməkdən çəkinmirəm. Onun qədər ədəbi yaddaşa malik olan ikinci bir adam eşitməmişəm. Hətta az qalıram ona yaddaşı kitabxana olan insan deyəm.

 

Az zamanda dahi Zəlimxan Yaqubu hamıdan yaxşı tanıdım, mənə elə gəldi ki, ən yaxın dostu, qardaşı, anası, bacısı, övladı belə onu mənim qədər tanıya bilməzdi. Çünki uşaqlıq dostlarıyla danışdım, amma gənclik, tələbəlik yoldaşları onun uşaqlıq xatirələrindən xəbərsiz idilər. El adamları ədəbi mühitdəki münasibətlərini bilmədilər, rəsmi işçilər ondan dünəndən xəbərsiz idilər. Mən iki ay araşdırma apardım, müxtəlif təbəqələrdən xatirələri dinlədim, kövrəldim, fəxr etdim və düşündüm ki, doğrudan da “Ölüm bilsəydi kimi aparır, özü də ölərdi xəcalətindən”...

 

Yalnız bircə cümləm var: əvəzsiz insan! Dünyada Zəlimxandan olmayıb, o, yeganə dahi idi. Heyif, çox heyif... Təskinliyi onda görürəm ki, o hər yerdə yaşayır – səsiylə, avazıyla, sazıyla, nitqiylə, sözüylə...

                                                          

  Çox böyük sevgi və ehtiramla: Esmira Ələkbərli