Məqalələri yazarkən daha çox insanlıq, vicdan və mərhəmət xətti üzərində düşünürdüm. Yazılarım da zaman keçdikcə bu istiqamətdə formalaşırdı. Bu dəfə isə bir qədər fərqli bir mövzuya toxunmaq istədim. Əslində, yenə dolayı yollarla vicdana, insaniyyətə və məsuliyyətə gəlib çıxacağıq. Amma bu yazının mərkəzində başqa bir anlayış dayanır: gözü açıq korlar.
Hər dövrün, hər əsrin öz bəlası, öz xəstəliyi olub. Təbiət insanı necə müxtəlif xəstəliklərlə sınağa çəkibsə, insanlar da əsrlərlə onlara çarə axtarıblar. Təbiblər, alimlər, həkimlər müxtəlif dərdlərin dərmanını tapmağa çalışıblar. Amma, məncə, XXI əsrin ən böyük vəbası tibbi deyil, mənəvi bir xəstəlikdir – gözü açıq korluq xəstəliyi.
Yaradan insana sadəcə göz vermədi, ona ağıl verdi, vicdan verdi, düşüncə verdi, hiss etmək qabiliyyəti verdi. İnsan yalnız yemək, içmək, işləmək və günü başa vurmaq üçün yaradılmış bir varlıq deyil. İnsan gördüyünü anlamalı, anladığını dərk etməli, dərk etdiyindən nəticə çıxarmalıdır. Əks halda, sadəcə yaşamaqla ömür sürmək arasında ciddi fərq qalmaz.
Bəlkə “israf” deməyim sərt səslənə bilər. Amma ətrafda baş verən hadisələri gördükcə, insanların açıq-aşkar uçuruma doğru getdiyini müşahidə etdikcə yumşaq qalmaq çətinləşir. Çünki bəzən insanın gözünün görməsi kifayət etmir. Əsas məsələ baxmaq deyil, görə bilməkdir.
İnsan sahib olduğu ağıl və düşüncə ilə bəzən hələ baş verməmiş hadisələrin nəticəsini belə təxmin edə bilir, bir qığılcımın necə böyük yanğına çevriləcəyini anlayır. Amma təəssüf ki, çox zaman göz görür, lakin idrak etmir. İnsan qarşısındakı səhnəni izləyir, amma o səhnədən sonra açılacaq pərdəni görə bilmir. Bax, XXI əsrin vəbası da məhz budur.
Bu bəlanın ayaq səsləri illərdir eşidilir. Ailələrdə, cəmiyyətlərdə, münasibətlərdə, hətta insanın öz daxilində belə bu korluğun izləri görünür. Amma qəribədir ki, buna qarşı ciddi mübarizə aparılmır. İnsanlar təhlükəni görür, amma görməzlikdən gəlirlər. Sanki alışırlar. Sanki yanmağa doğru gedən bir evə tamaşa edib bunu adi bir mənzərə hesab edirlər.
Əgər yanan bir ev varsa və kimsə gözünü yumaraq o evə doğru gedirsə, onun yanması qaçılmazdır. Bunu anlamaq üçün alim və ya dahi olmağa ehtiyac yoxdur. Sadə bir düşüncə kifayətdir. İnsan bəzi nəticələri əvvəlcədən görə bilir. Amma problem də elə buradadır: görmək istəmir.
Bəzən düşünürəm, bəlkə insanlar həqiqətən də hər şeyi anlayırlar. Sadəcə məsuliyyət götürmək onlara ağır gəlir. Çünki görmək insanı hərəkət etməyə məcbur edir. Anlayan insan artıq susa bilmir. Dərk edən insan artıq bəhanələrin arxasında gizlənə bilmir. Buna görə də bəziləri görməməyi seçir. Çünki kor qalmaq bəzən vicdan yükündən qaçmağın ən rahat yoluna çevrilir.
Bu gün dünyanın ən böyük faciəsi insanların gözlərinin bağlı olması deyil, gözləri açıq halda kor yaşamalarıdır; baxdıqları halda görməmələri, eşitdikləri halda anlamamaları, hiss etdikləri halda susmalarıdır. İnsan bəzən bir həqiqəti görmədiyi üçün deyil, gördüyü həqiqətlə üzləşməyə cəsarət etmədiyi üçün kor olur. XXI əsrin vəbası da məhz budur: həqiqəti görə-görə ondan üz çevirmək.
Bəs bu korluğun çarəsi nədir? – Məncə, bu xəstəliyin dərmanı yenidən düşünməyi öyrənməkdir. İnsan özünü susdurmağı deyil, vicdanını dinləməyi bacarmalıdır. Çünki vicdan insanın daxilində sönməyə qoyulmayan bir işıq kimidir. O işıq tam sönmədikcə insanın həqiqəti görmək imkanı qalır.
İnsan hər gün özündən soruşmalıdır: “Mən doğrunu gördüyüm halda niyə susuram? Niyə yanlışın adiləşməsinə alışmışam? Niyə hiss etdiyim həqiqətlərdən qaçıram?” Bəlkə də bu suallar insanın gözünü açan ilk addım olar.
Bu gün cəmiyyətin ən çox ehtiyac duyduğu şey məlumat deyil. Çünki insan artıq hər şeyi görür, eşidir, bilir. Ən böyük ehtiyac vicdanlı düşüncədir. Çünki həqiqəti görmək üçün bəzən göz yox, ürək lazımdır.
İnsan öz vicdanının səsini uzun müddət susdura bilər, amma onu tamamilə öldürə bilməz. Çünki insanın daxilində həmişə doğru ilə yanlışın mübarizə apardığı bir tərəf var. Problem isə ondadır ki, müasir insan zamanla yanlışla yaşamağa alışır. Bir müddət sonra artıq qaranlıq ona qaranlıq kimi görünmür. Sükut normal, laqeydlik adi, mərhəmətsizlik isə həyatın bir hissəsi kimi qəbul edilir.
Halbuki insanın ən böyük xüsusiyyəti hiss edə bilməsidir. Başqasının ağrısını anlayan, haqsızlıq qarşısında daxilən narahat olan, vicdanı ilə mübarizə aparan insan hələ tam kor olmayıb. Ən qorxulusu isə odur ki, insan bir gün yanlışları görüb artıq heç nə hiss etməməyə başlayır. Bax, həqiqi korluq budur.
Bu gün insanlar bəzən həqiqəti eşitməkdən qaçırlar. Çünki həqiqət insanı dəyişməyə məcbur edir. Dəyişmək isə çətindir. İnsan çox vaxt rahatlığını vicdanından üstün tutur. Halbuki insanı ucaldan onun rahat yaşaması deyil, doğru yaşamasıdır.
Cəmiyyət də ailədən başlayır. Əgər ailədə insanlar bir-birinə qarşı korlaşırsa, uşaqlar mərhəməti deyil, laqeydliyi görərək böyüyürlərsə, sabah həmin cəmiyyətin daha ağır xəstəliklərlə üzləşməsi qaçılmaz olur. Çünki vicdanını itirən insan əvvəlcə bir insanı qırır, sonra bir ailəni, daha sonra isə bütöv bir cəmiyyəti dağıdır.
Bəzən bir insanın susduğu həqiqət illər sonra böyük bir faciəyə çevrilir. Bir zamanlar kiçik görünən yanlışlar sonradan qarşısı alınmaz uçurumlara çevrilir. İnsan bunu görə-görə susanda isə artıq sadəcə şahid olmur, bir növ həmin yanlışın səssiz ortağına çevrilir.
Əgər insan yenidən düşünməyi, hiss etməyi, vicdanının səsini eşitməyi bacarsa, XXI əsrin bu vəbasına qarşı ən böyük mübarizə də başlamış olar. Çünki dünyanı dəyişən insanlar əvvəlcə öz daxilindəki korluğu məğlub edən insanlardır. İnsanlığın nicatı gözləri açmaqda deyil, baxdığı həqiqəti görə bilməkdədir. Və bəlkə də insanın ən böyük xilası budur: Bir gün güzgünün qarşısında dayanıb özündən qaçmadan, öz vicdanının gözlərinə baxa bilmək.
Lamiyə Hacıyeva (Eminova)
Bütün Gürcüstan Müsəlmanları İdarəsi Qadınları Şurasın sədri