Birinci sinif şagirdlərinin formalarını 14 sentyabradək ala bilməyənlər 15 sentyabrdan yalnız onlayn olaraq formebi.emis.ge saytından ala biləcəklər.

 

YENİYOL.GE “bm.ge”-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze jurnalistlərə bildirib.

 

O qeyd edib ki, formaların onlayn satışı ictimaiyyət üçün əlçatanlığı artırır.

 

“XXI əsr rəqəmsal texnologiya ilə bağlıdır, bu, heç kim üçün kəşf deyil. Müvafiq olaraq, cəmiyyətimizdə onlayn sifarişlər gündən-günə çox populyarlaşır. Bu platformanın yaradılmasının əsas məqsədi ictimaiyyətə formaların alınması əlçatanlığını sadələşdirməkdir. Eyni zamanda, biz artıq bildirdik və bir daha təkrar edirik ki, Gürcüstan miqyasında bütün bələdiyyələrdə və bütün şəhərlərdə minimum bir pərakəndə satış nöqtəsi açılacaq.

 

Valideynlərin bu barədə daha çox məlumata malik olması üçün ünsiyyət davam edir və əlbəttə ki, onların həm pərakəndə şəkildə, həm də indi təklif etdiyimiz onlayn olaraq formaları almaq imkanları var.

 

Həmçinin ictimaiyyətə bildirəcəyik ki, birinci sinif şagirdlərinin formaları pərakəndə olaraq sentyabrın 1-dən sentyabrın 14-dək satılacaq, sentyabrın 15-dən isə gecikənlər və ya əlavə forma almaq istəyənlər artıq yalnız onlayn platformadan istifadə etməli olacaqlar”, – deyə G.Mikanadze bildirib.