Müharibə bəşəriyyətin ən pis röyası, soyqırımı isə heç sağalmayan yarasıdır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir.

 

Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

 

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirmək məqsədilə silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi, sakinləri soyqırımına məruz qaldı.

 

Bu soyqırımını törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalını da yer üzündən silmək idi.

 

Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsipləri heçə sayılaraq dinc əhaliyə, xüsusilə də ahıl şəxslərə, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edilmişdir. Nəticədə 613 nəfər, o cümlədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər ahıl şəxs xüsusi qəddarlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür, onlardan 150 nəfərin taleyi isə naməlumdur. Soyqırımı zamanı öldürülənlərdən 56 nəfəri ağlasığmaz şəkildə xüsusi qəddarlıqla qətlə yetirilmiş, insanlar diri-diri yandırılmış, onlara dəhşətli işgəncələr verilmişdir.

 

Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

 

Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqrımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.

 

Ermənistanın Azərbaycana qarşı terror siyasəti bu gün də davam edir. Bu ölkə hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur. Bu faciələrin hər biri Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.

 

Ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımı aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməli, törədilmiş soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməli və bu istiqamətdə qəti tədbirlər görülməlidir.

 

İnsanlıq tarixinə qara ləkə kimi yazılan bu soyqırımı heç vaxt unudulmasa da, işğal altındakı torpaqların azad edilməsi Azərbaycan xalqı üçün təsəlli oldu. İndi azərbaycanlıların yeganə istəyi Xocalı qətliamını törədənlərin mühakimə olunması və ədalətin təmin edilməsidir.

 

Xocalı sakinləri dövlətin hər tərəfli diqqət və qayğısı ilə əhatə olunublar, artıq 44 günlük müharibənin qalibiyyətini yaşayan xocalılar tezliklə doğma yurduna dönmələrini səbirsizliklə gözləyirlər. Bu böyük qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə şəfa, Cənab Ali Baş komandan İlham Əliyevə uzun ömür arzulayırıq!

 

Yaşasın bütöv Azərbaycan!

 

Qarabağ Azərbaycandır!

 

Xatirə DAŞDƏMİROVA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi