Sizə Mamed və Qoqi haqqında, daha doğrusu, Mamedlə Qoqinin fərqindən danışmaq istəyirəm. Mamed də, Qoqi də Gürcüstanda doğulub, boya-başa çatıb, məktəbə gedib, məktəbi bitirib, ailə qurub, oğul-qız sahibi olub, asan-çətin bir tikə çörək pulu qazanıb, lazım olanda dalaşıb, barışıb, kədərlənib, sevinib, sevib-sevilib, umub-küsüb, ağlayıb-gülüb, xəstələnib-sağalıb... Bir sözlə, Mamed də, Qoqi də, demək olar ki, oxşar ortastatistik həyat yaşayıb, yaşayır və qocalır. Vaxtları çatanda Mamed də, Qoqi də bərabər yaşadıqları bu fani dünyanı, bərabərhüquqlu yaşaya bilmədikləri bu birinə ögey, digərinə doğma vətəni əbədi olaraq tərk edəcəklər. Mamedi də, Qoqini də qara paltarlı qadınlar ortaya qoyub ağlayacaqlar, günəşdən dəriləri qaralmış kişilər torpağa dəfn edib, haqqında yaxşı sözlər söyləyib, üzərindən də bər-bəzəkli bir qəbir düzəldib yavaş-yavaş unutmağa başlayacaqlar. Sanki hər ikisinə fani olan bu dünyada, birinə ögey, digərinə doğma olan bu vətəndə nə Mamed olmuşdu, nə də Qoqi.
Mamed və Qoqi fərqli dildə danışsa da, fərqli dinə inansa da “homo sapiens” deyilən iki ayaqlı, iki əlli, bir başlı, iki gözlü, iki qulaqlı, bir burunlu, bir ağızlı; yeyə, içə, yata, arta, düşünə, daşına və danışa bilən insanlardır. Yuxarıdan göründüyü kimi, hətta həyat və həyətləri də, problemləri də, qayğıları və sayğıları da oxşardır. Yedikləri oxşar, geydikləri oxşar, qarğışları, alqışları, söyüşləri, döyüşləri oxşar... Hətta ikisinə də rentgen şüasından baxsan, kompüter tomoqrafiyasından nəzər salsan, görərsən ki, skeletindən tutmuş ürək, böyrəklər, ağ ciyərlər, qara ciyər, dalaq, mədə, beyin, sidik kisəsi, öd kisəsi, mədəaltı vəzi və kor bağırsağa kimi eynidir, oxşardır. Fərqli olsa-olsa qanlarının qrupu və rezusu fərqli olacaq ki, bu da, təkcə Mamedlə Qoqi arasındakı fərq deyil, həm də Mamedlə Mamed və Qoqiylə Qoqi arasındakı fərqdir eyni zamanda.
Yuxarıda qeyd etdiyimiz dil və din fərqinə gəldikdə isə, bunu da böyük fərq hesab etmək olmaz, məncə. Çünki Mamed istəsə Qoqinin dilini öyrənər, Qoqi də istəsə Mamedin dilini öyrənər; həmçinin, Mamed istəsə Qoqinin dininə inanar, Qoqi də istəsə Mamedin dininə.
Burada dayanıb dərinə getmirəm, dərinə getsək Mamedlə Qoqinin heç bir fərqi olmadığına, hətta eyni insan olduqlarına, ikisinin də Adəm və Həvvanın balaları olduğuna qədər gedib çıxacağıq. Bu da ki, bu yazı üçün əl vermir. Düzünü deyim, mənə Mamedlə Qoqinin arasında olan daha çox fərq lazımdır ki, bu yazını bitirə bilim. Fərqi isə itinə tök, pişiyinə dağıt. Başlayaq elə ən bəsitindən.
Bu zəhrimara qalmış koronavirus təzəcə səngiməyə başlamışdır ki, məhdudiyyətlər götürüləndən sonra pusquda duran it kimi yenə düşdü camaatın canına. Maska taxmağı, axşam saat 9-dan evlərinə yığılmağı zorla vərdiş etmiş insanlara bir neçə aylığına vərdişlərini tərgidib sonra yenidən tələb etmək Mamedə də, Qoqiya da eyni cür təsir eləsə də, Mamedlə Qoqinin fərqi məhz burada özünü biruzə verdi.
Məsələn, hər yerdə maska taxmaq qaydası yenidən tətbiq olunanda Qoqi həmin gündən maska taxmağa başladı. Mamed isə ilk gündən qarınağrısı ilə maska taxdığı kimi, yenə də əzilib-büzülməyə başladı, maskanı gah çənəsinə, gah dodaqlarına, gah da biləyinə taxdı. Qoqi koronavirusun simptomlarını özündə hiss edəndə getdi test verdi, Mamed ağsıraraq və öskürərək çayxanaya getdi, mağazaya girdi, toya-yasa yollandı. Qoqinin koronavirusa yoluxduğu təstiqlənəndə qaxılıb evində oturdu, həkim məsləhəti aldı, müalicəyə başladı, xəstəxanada yatdı. Mamed koronaviruslu halda gəzməyindən, alverindən, öpüşüb-görüşməyindən qalmadı. Qəlbinin dərinliyində koronavirusa yoluxduğuna inansa da hamıdan gizlətdi, adını “soyuqdəymə”, “eşşək qripi” və s. qoydu. Beləliklə də nəslin yarısını virusa yoluxdurdu. Qoqi avtobusa, “marşrutkaya” maskalı mindi, Mamed biləyindəki maskanı ağzına taxmayaraq sürücüylə mübahisə etdi, dalaşdı. Qoqi viruslu halda xəstəxanaya girməmişdən öncə əvvəlcə qapının ağzında koronavirus olduğunu xəbər etdi, sonra xüsusi qayda ilə xəstəxanaya girdi (dəfələrlə şahidi olmuşam), Mamed isə nəinki virusa yoluxduğunu xəbər etdi, növbəyə duran sıranı belə eyninə almadan qapını açıb içəri soxuldu, həkimlərin hamısı ilə təmasda olduqdan sonra analizlərin nəticəsindən bilindi ki, koronavirusa yoluxubmuş.
Mən demirəm Qoqinin bütün qohumları onun kimidir və ya Mamedin bütün qohumları özünə oxşayır... Əsla! Söhbəti ümumiləşdirməyin! Mən faiz baxımından daha çox gördüklərimi deyirəm. Məsələn, Qoqinin də elə qohumları var ki, Mamed kimi koronavirusun “oyun” olduğunu deyir. Buna baxmayaraq, Mameddən fərqli olaraq bu “oyunda” oynamağa başlayır, ən azından “oyunun” qaydalarına əməl edir (maska taxır, məsafə saxlayır, əllərini spirtləyir, insan sıxlığı olan yerlərə getmir və s.), ofsaydda qalmır Mamed kimi. Mamedin də koronavirusa inanan və özünü qoruyan, tövsiyələrə əməl edən qohumları var, Qoqidən fərqli olaraq Mamed həmin qohumlarına gülür, lağa qoyur.
Mən hələ Mamedlə Qoqinin koronavirus əleyhinə peyvəndə olan münasibətlərindəki fərqdən yazmıram, qalsın gələn dəfəyə, yoxsa Mamedin vaksin haqqındakı konspirologiyasını bura köçürsəm səkkiz səhifə bəs eləməz.
Qoqi də, Mamed də hər ikisinə fani olan bu qoca dünyada, birinə ana, digərinə ögey ana olan bu vətəndə xırda bildiyimiz, əslində isə böyük olan bu fərqlərlə yaşayıb ömürlərini başa vuracaqlar. Koronavirus isə Mamedlə Qoqi arasında heç bir fərq qoymur, hansı özünü qorumur, hansı məsuliyyətsizlik edir, hansı virusa inanmayaraq qaydalara, tövsiyələrə əməl etmir elə onun da boğazından yapışır.
Azər MUSAOĞLU