(yazının əvvəlini oxumaq üçün buraya tıkla)

                                                                                         ***

Azərbaycan Respublikasının xalq rəssamı Toğrul Nərimanbəyovun onun 80 illik yubileyinə yazdığı xatirədən bir parça:

 

“Yadımdadır, “Azərnəşr”də işlədiyi dövrlərdə çalışırdı ki, mən bəzi kitablara illüstrasiyalar çəkim. Mən isə belə işlərdən qaçırdım. Axır məni dilə tutub inandırdı ki, milliliklə bəşəriliyin harmoniyasının ustadı olan Toğrul Nərimanbəyov nağıllarımıza, dastanlarımıza illüstrasiya çəkməyəndə, bəs kim çəkəcək?! Gərək sən çəkib örnək olasan ki, o birilər də sənə baxıb bu işi davam etdirsinlər...

 

Nə isə, Vilayətin təkidi ilə bir neçə nağıl və dastan kitablarına illüstrasiyalar çəkdim. Çox maraqla qarşılandı. Mən onun öz portretini də çəkmək fikrindəydim. Hətta bu portretin adını da müəyyənləşdirmişdim: “İşıqlı adam”. Amma obyektiv səbəblər üzündən bu, baş tutmadı. Mən 1987-ci ildə ABŞ-da, sonra Lüksemburqda, daha sonra Parisdə yaşamaq zorunda qaldım.

 

Mənim Filarmoniya ilə üzbəüz olan emalatxanamın divarında qalın rənglə Vilayət Rüstəmzadənin ev telefon nömrəsi yazılıb. Bir dəfə Parisdən Bakıya gələndə götürüb ona zəng etdim. Kədərli bir qadın səsi eşitdim: “Vilayət bir neçə ildir ki, dünyasını dəyişib”...

 

Elə bil telefonun dəstəyi əlimdə ağır bir qantelə döndü. Mən inana bilmədim ki, bu nikbin, gülərüz, içi, çölü işıqla dolu olan insan nə vaxtsa dünyasını dəyişə bilər”.

 

Görkəmli alim və tənqidçi Vaqif Yusiflinin xatirələrindən:

 

“...Vilayət Rüstəmzadə ədəbi mühitdə çoxlarını xatırlayır, onlar haqqında xoş xatirələr söyləyirdi. Deyirdi ki, Osman Sarıvəllinin, Süleyman Rüstəmin, Əli Vəliyevin onun həyatında böyük rolu olub. Mehdi Hüseyn haqqında isə belə deyirdi: “Mehdi Hüseyn böyük şəxsiyyət idi. O, mənim mənsub olduğum ədəbi nəslin atasıydı. Yazılarımızdan tutmuş mənzil məsələmizə qədər hər şeylə maraqlanırdı”.

 

Vilayət Rüstəmzadə ədəbiyyata sazlı-sözlü bir diyarın – Borçalının şeir havasından gəlmişdi.

 

 

Ey vay! Bu nə səsdi, bu nə soraqdı –

Kükrəyib çağlaya-çağlaya gəlir?!

Dastan dünyamızmı varaq-varaqdı –

Könlümü dağlaya-dağlaya gəlir?!

Qalxır, havalanır Qorqud nəfəsi,

Qopur Koroğlunun dəli nərəsi,

Dilqəmin, Kərəmin ahı-naləsi,

Hönkürüb ağlaya-ağlaya gəlir...

Tarixə bəxş etdi Azər elləri

Bir tut kötüyündə “Sarıtel”ləri.

Ay dad! Qıfılbəndin hikmət dilləri

Dilimi bağlaya-bağlaya gəlir.

 

Vilayət Rüstəmzadənin doğma kəndi, Borçalı, aşıq havaları, ustad aşıqlar və şairlər, Azərbaycanın təbiət gözəllikləri ilə bağlı şeirləri çoxdur və o şeirlərin hər birində bir saz havası duyursan. O, səyahət etdiyi ölkələri, oradakı səmimi insanları, yaddaşında iz salan çayı, dənizi, meşələri, dağları da şeirə gətirirdi. Amma əsas mövzusu yenə Azərbaycan torpağı, Azərbaycan elləri, Azərbaycan insanı idi”.

 

Görkəmli yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından Vilayət Rüstəmzadə barədə hissələr:

 

“...Ancaq söhbəti Litinstitutun üstünə gətirməkdə indi mən bu sayaq, necə deyərlər, ümumbəşəri mövzulara toxunmağı qarşıma məqsəd qoymamışam, Litinstitutu mənimlə bir vaxtda qurtaran azərbaycanlı tələbələrin hamısının həyatında sonralar mühüm rol oynayan bir faktın üstündən keçə bilmədiyimə görə – istəsəm də, istəməsəm də – bu faktın “müəllifinin” haqqında da mütləq nəsə deməliyəm. Və bu “müəllif”, məlumunuz olsun ki, Vilayət Rüstəmzadə idi.

 

Vilayəti şair və tərcüməçi kimi, əlbəttə, çoxları tanıyır. Mənsə bu yazıda Litinstitut tələbəliyi dövründə Vilayətdə şəxsən müşahidə elədiyim bir-iki başqa keyfiyyəti də qələmə almalıyam. Çünki bunları deməsəm, demək istədiyim əsas məsələ bir növ havadan asılı qala bilər.

 

Əvvəla, bunu deməliyəm ki, o vaxt Litinstitutda oxuyan azərbaycanlı tələbələrin arasında adına “ictimaiyyətçi” deyiləsi bircə adam vardısa, o da, heç şübhəsiz, Vilayət idi. Moskvanın harasında Azərbaycanla bağlı nə vardısa, onu Vilayət mütləq bilirdi: hansı institutda neçə nəfər azərbaycanlı təhsil alır, hansı bazarda Azərbaycandan nə qədər adam alver eləyir, hansı həbsxanada nə miqdarda azərbaycanlı məhbus cəza zəkir – hətta az qalıram deyəm ki, bu adamların hansının hansı rayondan olmağı barədə də Vilayətin bəs qədərində məlumatı vardı. Bundan əlavə, bütün “müsəlman aləminin” o zaman sayılan-seçilən adlı-sanlı ədəbi simaları ilə də Vilayət, necə deyərlər, lap kefin istəyən kontakt yarada bilmişdi. Məsələn, Rəsul Həmzətovla Vilayət telefonda (ya elə üzbəüz söhbətdə) təxminən belə danışırdı: “Rasul bey! Da, eto Vilayet Rustamzade! Tı çto, starina, priyexal vı Moskvu i svoix druzey ne işşeş? Nu, oryol je tı, starik! Veliçina qordoy poezii kafkazskoy!.. Jdi zavtra vezero. No ne vzdumay druzey podvesti. Derjis, derjis, starik. Znay, zto arlyata tvoi tebya tixo abajayut...”

 

O dövr amerikalı Heminqueyin bütün SSRİ məkanında birdən-birə tanınıb məşhurlaşdığı dövr idi. O zaman Vilayətin də dilindən düşməyən bu, “starik” və “starina” sözləri, mənə elə gəlir ki, o dövrün Moskva jarqonuna Heminqueyin əsərlərindən keçmişdi. Ancaq söhbət bunda deyil. Məsələ burasındadır ki, Vilayətin təkcə Rəsul Həmzətovla yox, misal üçün, Kaysın Quliyev və Çingiz Aytmatovla da eynilə bu jarqonda, bu şəkildə, bu ərklə danışmağının mən özüm bir neçə dəfə şahidi olmuşdum. Bu adamları Vilayət, söz yox, özününkü sayırdı və özününkü saydığı belə məşhur adamlarla danışanda sanki Vilayət danışdığı dilin də (bu halda rus dilini) “özününkü” olduğunu bir qəribə uşaq sevinci ilə cani-dildən nümayiş etdirirdi.

 

Vilayət rus dilini həqiqətən yaxşı bilirdi. Bununla belə, hərdən mənə elə gəlirdi ki, Vilayətin bildiyi rus dili məhz Rəsul Həmzətov, yaxud Çingiz Aytmatov kimi “qeyri-ruslarla” danışmaqdan ötrü olan xüsusi bir “rus dili”dir.

 

Vilayətdəki bu unikal əməlgirlik hətta Litinstitut folklorunda da, zənnimcə, özünün kifayət qədər “layiqli əksini” tapmışdı. O anektod belə idi:

 

Bir gün rektor, axşamtərəfi yataqxanaya xəlvəti reyd eləmək qərarına gəlir. Ancaq Vilayətdən sirmi gizlətmək olar? Vilayət “öz kanalları” ilə bundan xəbər tutur və hələ günortadan işə girişir. Hər yeri silib-süpürüb, otağında ideal sahman yaradır. Rektor gələnə yaxın çayı da dəmə qoyub oturub gözləməyə başlayır. Ancaq iş elə gətirir ki, əvvəl rektor abxaz balası Volodya Ankvabın otağına baş çəkməli olur. Litinstitutda “bazlıq” məsələlərində məxsusi hörmət və avtoritet sahibi olan Ankvab isə, sən demə, elə o gün də “canan” gözləyirmiş və bu münasibətlə özünün əla abxaz konyakından bir qrafin doldurub, stolun üstünə qoyubmuş. Hələ rektor içəri girər-girməz Ankvab xəlvətə salıb konyakı qrafindən çaydana boşaldıb guya izi itirə bilir. Rektor keçib stolun dalında əyləşir. Ankvabla ordan-burdan söhbət eləyir və söhbət əsnasında əlini uzadıb, Ankvabın çaydanından özünə “çay” süzür. Bir dəfə içib özünü o yerə qoymadan, Ankvabın “çay”ından ikinci dəfə də yarım stəkan ləzzətlə nuş eləyəndən sonra rektor otaqdan çıxır və dəhlizdə pusquda dayanmış Vilayət çoxdan gözlədiyi rektoru nəhayət ki, qarmalayıb öz otağına salır. Rektor Vilayətin pürrəngi çayından da içir, hələ onun Azərbaycan çayının şərəfinə söylədiyi parlaq nitqi də səbirlə axıracan dinləyir. Və axırda – Vilayətin otağından durub gedəndə – astananın qabağında rektor belə ərz eləyir:

 

“Sizin çaya söz ola bilməz, Rüstəmzadə! Azərbaycanlıların çay dəmləməyinə mən lap valeh oldum. Ancaq sən o Ankvabdan bir soruş gör abxazlar çayı necə dəmləyir. Bayaq mən Ankvabın otağında bir stəkan çay içdim və düzü elə bildim ki, əsl Azərbaycan çayı içirəm...”

 

…Mən yataqxanadan çıxırdım. Vilayət hardansa indicə gəlirdi. Vilayətin sifətindən elə bil alov yağırdı. Gözlərindən od tökülürdü.

 

– Məni öp, starik! – dedi. Hətta üzünün öpüləsi yerini də mənə öz əli ilə göstərdi.

 

Mən Vilayətin üzünün düz göstərilən yerindən bir yaxşı busə götürdüm.

 

– Bəs niyə soruşmursan ki, mən bu saat haradan gəlirəm?

 

Belə isti-isti buğlanmğından hamamdan gələnə oxşayırsan, – dedim. Və Vilayətin birdən şaqqanaq çəkib gülməyindən bildim ki, Böyük İctimaiyyətçi mənim yumorumdan çox razı qalıb.

 

– Dahisən, starik! Buğlanmağı əla tapdın. Sayuzdan gəlirəm, starik, orqsekretar Voronkovun yanından. Düz 3 saat 15 dəqiqə kafirnən çənə vurmuşam. Axır ki, inandırdım şovinist oğlu şovinisti. Proyekti dəyişdirdim.

 

Vilayətin dediyindən heç nə anlamasam da:

 

– Malades, kişi adamsan! – dedim, Vilayətə sual-zad da vermədim ki, bəlkə söhbət buradaca xətm oluna, çünki o qapının ağzında Vilayətlə üz-üzə gələndə beynimdə nəsə “bişirməkdə” olduğuma görə, mənim də (Merzlikindən beş-betər!) salam-kalamlıq halım yox idi.

 

Mən ayrılmaq istəyəndə Vilayət ağayana bir ərklə qoluma girdi.

 

– Hamımız üçün izolirovannı mənzil: kuxnası, hamamı, tualeti!.. Evi, starik, bilirsən, harada tikirlər? Baksovetdən bir az yuxarıda. Əla yerdir! Bu saat şartaşart iş gedir orada. Uzağı noyabrın axırına tikib qurtaracaqlar. Proyektə on dənə birotaqlı mənzil saldırdım. Voronkovu, sən öl, divara dirəmişdim!..

 

Vilayətin dediklərinə sakitcə qulaq assam da, bu deyilənlərin arxasında hər hansı bir məna ola biləcəyini düşünməyi elə bil mən əvvəlcədən özümə qadağan eləmişdim. Vilayətdən bacardıqca tez aralanmaqdan savayı məni özgə heç bir şey maraqlandırmırdı. Buna görə də mənə xeyli sonralar məlum oldu ki, Bakıda yazıçılar üçün təzə ev tikilir. Bildim ki, o gün Vilayət həqiqətən SSRİ Yazıçılar İttifaqının təşkilati məsələlər üzrə katibi Voronkovun yanına gedibmiş və “əla yerdə” tikilən o yeni binada bizlərdən – yəni Litinstitutu o il (1964-cü ildə) bitirəcək bir qrup tələbədən ötrü, birotaqlı mənzillərin də proyektdə nəzərdə tutulmasını Voronkovla, doğrudan da, kişi kimi həll eləyibmiş...”

 

Vilayət Rüstəmzadə barədə xoş söz deyənlərin hamısını arayıb axtarsan uzun bir siyahı alınar. Cild-cild kitablar yazmaq olar. O buna layiqdir də. Həm onun ruhuna dualar olar, ruhu şad olar, həm də bunları etmək istəyənlərin xeyirxah işi üzərə çıxar, el-oba, Azərbaycan xalqı görər, feyziyab olar.

 

Hörmətlə: Mirzə MƏMMƏDOĞLU