Bizim Dəllər kəndində adamı bəzən tayfası ilə tanıyırlar. Kəndimizdəki tayfalardan biri də Qazaxlar (Qazaxlılar) tayfasıdır. Mən Qazax Mahmudu, Qazax Səmədi, Qazax Lətifi gördüm. Ədəlli-bədəlli, yerləri-yoxluqları tez görünən kişilər idilər. Hamısını saymaq imkan xaricindədir; torpaqları rahat, nurlu-işıqlı olsun!

 

İndi müzəffər məktubunu açıb sizə oxuduğum isə Qazax Nəbidir, yəni Nəbi əmi. Doğru-dürüst soyadı belədir: Nəbi Əhməd oğlu Məmmədov.

 

Nəbi əmi bizim məhlənin – gah Tala, gah da Qala məhləsi adlanan məhlənin, Ortalıqdan aşağı isə, sadəcə olaraq Yuxarı məhlə kimi tanınan yurdun-yuvanın adamıdır. Amma onunla həmdərd, həmsöhbət olmağım, yaxından tanımağım Qarabağla bağlıdır. Yəni son otuz ilin əhvalatlarıdır.

 

Kənd yerinin urvası, urvatı belədir: burada naxırçı da olursan, odunçu da. Hazırda yaşadığım Kazreti qəsəbəsində düz 24 il çalışdığım 2 saylı məktəb hər dəfə tətilə gedəndə, hər şənbə-bazar günləri kolyolu kəndə gəlirdik və ata-anamın qulluğunda dururduq, keçilərimizin, inəklərimizin sirəsinə gedirdik. Odun, zoğal, moruq mürəbbəsi tədarükü görürdük.

 

Nəbi əmi məni harada görürsə-görsün – Zoğallı yastanada, Göyrüşlü qayada, Vələslidə, Fal daşda, Qatar qayada, Ağ kilsədə – Qarabağı soruşurdu. Onda hələ çilik-çilik şüşələr üstündə yeriyən Şuşanı, qəfəsdə çırpınan Laçını xəbər alırdı. Məni “müəllim” deyə çağırırdı, hazırda məktəbdə işləməməyimə baxmayaraq indinin özündə də müraciəti bu müqəddəs sözlə başlayır: müəllim sözüylə.

 

Bir dəfə lap sidq-ürəkdən, sanki ən yaxın sirr yoldaşı kimi, məndən dərdli-dərdli, kövrələ-kövrələ, hətta hıçqırıqlar içində soruşdu:

– Müəllim, şəxsən sən Qarabağın qayıdacağına inanırsanmı?

– Əlbəttə, – dedim, – ay Nəbi əmi, axı səni də, məni də, “ayrılarmı könül candan”ı duyan, dərk edən başqalarını da elə bu inam yaşadır! Qarabağ Azərbaycanın da, bizim də canımızdır!

…orda ayla, illə, burda müxtəsər dillə…

 

Nəbi əmi indi 82 yaşın içindədir. Atası Əhməd babanın üzünü görməyib. Ata əlinin sığalını görməməkdən ağır dərdmi var bu dünyada? Atası davaya gedəndə cəmi yaş yarımda olub. Üç bacısını da – Gülsüm (uca Allahın rəhmətini diləyirik), Gülpəri və Qumaş – onu da rəhmətlik anası Fatma nənə böyüdüb (mən Fatma nənəni xatırlayıram). Nəbi əmi əlli ildən artıq sürücü işləyib, həmişə yollarda olub… Bilirəm ki, əgər indi gözləri zəif görməsəydi, özünü Qarabağın yollarında da sınayardı!

 

Hələ Şuşanın alınmadığı günlərin birində məndən xahiş elədi ki, olarsa, onun adından iki prezidentə – Azərbaycan və Türkiyə prezidentlərinə bir minnətdarlıq məktubu hazırlayım. İndiyədək heç vaxt bu məzmunda məktub-filan yazmamışdım. Amma indiyəcən bir kimsə də məndən belə ürəyinin dərin guşələrindən gələn bir xahiş eləməmişdi.

 

Və o dedi mən yazdım, o dedi mən yazdım. Nəbi əmininki demək deyildi, danışmaq deyildi, nisgil, kədər yağışı, həsrət yağışı idi sanki. Elə bir əldən yağırdı. Sözlərində pafos yox idi, dəbdəbə, təntənə, sağlıq demək cəhdinin cizgiləri belə, yox idi. İlahi, Qarabağ dərdi talelərə necə dərin hopurmuş!..

 

Məhləmizdə, kəndimizdə, hətta cəmi Gürcüstanda onun kimi Qarabağ təəssübkeşi az görməsəm də, bu, tamam ayrı hava idi!

 

Sözarası tez-tez bir “müzəffər” sözü də işlədirdi. Amma Nəbi əmi bu sözü nədənsə bir “f” (fe) hərfi ilə deyirdi. Yəni “müzəffər” deyil, “müzəfər” şəklində. Ərəb əsilli müzəffər sözü – zəfər çalmış, qalib mənasını verdiyi halda, yenə də ərəb əsilli “müzəfər” – xörəyə dad, xoş iy vermək üçün ədviyyat olaraq qatılan zəfəranı (darçını və s.) nəzərdə tutur.

 

Təbii ki, mən Nəbi əminin xahişinə əməl elədim. Məktubları dostlarımın köməyi ilə öz ünvanlarına yolladım.

Amma çox dəbdəbəli olmasın deyə “müzəffər” sözünü tək bir yerdə işlətdim: məktubun bitdiyi “Yaşasın müzəffər Azərbaycan ordusu!” cümləsində.

 

Amma əsas məsələ Şuşa alınan günün səhərisi oldu. Nəbi əmi tezdən zəng elədi:

– Şuşa gəldi – dedi, – ay müəllim, Şuşanı aldıq, atam gəldi!

Onun ata həsrətinə yalnız Şuşa ilə son qoyula bilərmiş!

Mən göz yaşımı nəvəm Fidandan gizlətmək üçün üzümü dağlara – Əyriqar tərəflərə çevirdim.

Sən demə, günlərin bir günü elə bir an gəlirmiş ki, xalq da müzəffər olurmuş, prezident də, ordu da, hətta əl boyda məktub da!

Yadınızdadırmı, biz yeniyetməlik çağlarımızda yazdığımız məktublara bəzən “Şanlı məktub” adını verirdik.

 

P.S.

Bir neçə gün sonra sinif yoldaşım Yaqub kənddən zəng elədi ki, bəs deməzsənmi, başını orada islat, burada qırxdır. Tez gəl ki, Nəbi əminin dəmlətdirdiyi zəfəranlı plovun dadı qaçmasın…

Zəfəranlı plov, amma üstündən də Mənsum İbrahimovun ifasında bir “Qarabağ şikəstəsi”!

 

İBRAHİMXƏLİL