Bir zaman varıydı ailələrdə uşaqları ürkütmədən saymaq olmurdu. O zaman çox da uzaqda qalmayıb. Hələ o zaman dilimini yaddaşında yaşadanların çoxu həyatdadır, xatirələrində onun acılı-şirinli anlarını yaşatmaqdadırlar.
Hə, yaxın tariximiz çoxuşaqlı ailələri ilə fərqlənirdi. Ən azı beş-altı qardaş-bacının bir yerdə böyüdüyü, cındırı çıxana qədər bir-birilərinin paltarlarını geyindikləri vaxtlardan danışıram. Ata-ananın öz iş-gücüylə məşğul olduğu, kiçikyaşlı uşaqları böyük bacı-qardaşlarının ümidinə qoyduğu dövr idi.
Çoxuşaqlılıq dəyər sayılırdı. Ailədə uşaqların sayının çox olması zənginliyə dəlalət edirdi. Bunun bir səbəbi olmamış deyildi. Doğulan hər yeni uşaq gələcəkdə ailənin işçi qüvvəsinə çevrilir, ailənin maddi təminatına öz töhfəsini verirdi. Bu işdə oğlan uşaqlarına daha çox üstünlük verilirdi. Oğlanları “arxa”, “düşmən çəpəri” sayırdılar. Qız uşaqları yad ocağı qalayan sayılırdı. Hətta qızın ailə üçün ağır yük olduğunu düşünənlər də var idi. Bir el deyimi dediklərimizi təsdiq edir: “Qız yükü, duz yükü”.
Ailələri çoxuşaqlılığa sövq edən rəsmi təbliğatın rolunu da deməmiz gərəkdir. Dünyaya çox uşaq gətirən qadını hökumət mükafatlandırır, onun yaxasına orden-medal asır, “Qəhrəman ana” adı verir, ona müəyyən güzəştlər edirdi. Bütün bunlardan həvəslənən qadınlar bir-birinin bəhsinə doğmaq yarışına girişirdilər.
Qadınlar çox uşağın çox da əziyyəti var kimi fikri heç yaxınlarına da buraxmırdılar. Çox doğuşun bədənlərini pis günə qoyacağı fikrini də eynlərinə almırdılar.
Bəzən ana ilə qızı, qaynana ilə gəlini eyni vaxtda doğuş keçirirdi. Bacı-qardaş uşaqlarından kiçik istənilən qədər dayıya, əmiyə rast gəlinirdi. Nənəsinin döşündən süd əmən nəvələrin sayı da istənilən qədər idi.
Ailədə hər uşaq bir işin qulpundan yapışırdı. Çox vaxt valideynlər işin uşağın yaşına, boyuna-buxununa uyğun olmadığına da əhəmiyyət vermirdilər. Uşaqlar bir-bir böyüyür, oxuyan oxuyur, işləmək istəyən iş tapıb işləyir, qız uşaqları tez-tələsik ərə verilirdi. Oğlanların evlənməsi əsgərlikdən sonraya saxlanılırdı. Bəzən oğlanları həddi-büluğa çatmamış evləndirir, onların oğul-uşaq sahibi olmasına çalışırdılar ki, əsgər getməsin. Belə oğlanlara da tay-tuşları lağ edib, ələ salır, məsxərəyə qoyurdular.
Amma adətlər tez evlənməyi təqdir edirdi: “Tez evlənənlə tez ayrılan yanılmaz”. Dünya da gör-götür dünyası. Sağda, solda tez evlənən tay-tuşunu görənlər bir ayaq tez evlənməyə üstünlük verirdilər. Qızlar da belə idi, oğlanlar da. Bir də ki, başqa nə edəsi idilər, başqa nə perspektivləri var idi. Onillər boyu, hətta yüzillər ərzində dəyişməyən, durğun kənd, ekstensiv təsərrüfat ukladı insana bundan artığını verə bilmirdi. Yeni nəsillərin köhnələri əvəz etməsinə baxmayaraq, oğul atanın kövşənini əkməyə məhkum idi. Qız da anasının tökdüyünü döşürməklə yetinirdi.
Perspektiv, karyera barədə yalnız barmaqla sayılan oxumuşlar düşünə bilirdilər. Onların düşünmələri də çox vaxt düşüncədən yuxarı qalxa bilmir, elə arzu olaraq qalırdı, mühit onları əjdaha sayaq kamına çəkib, özününküləşdirir, sıradan birinə çevirirdi və biçarələrin perspektivləri kəndin sərhədlərini aşa bilmirdi. Onların karyerası kənd miqyasında tamamlanırdı.
Yeniliklər ləng də olsa kəndə ayaq açdıqca bu və ya digər şəkildə kənd həyatında keyfiyyət dəyişiklikləri baş verdi. Texniki, texnoloji dəyərlərin kəndə gəlişi onun simasında müəyyən dəyişimlər yaratdığı kimi, kəndin daxili aləminə də nüfuz etdi. Kənd məişəti daha sürətlə şəhərliləşməyə başladı.
Ən böyük, inqilabi dəyişiklik isə kəndin demoqrafiyasında baş verdi. Dünənə qədər çoxuşaqlılığın dəyər sayıldığı, patriarxallığın at oynatdığı kənddə dəyərlərin dəyiş-düyüşü qısa müddət ərzində özünü göstərdi. Və bu proseslər o qədər sürətli baş verdi ki, köhnəliyə alışmış kəndi çaş-baş saldı.
Sözü uzatmadan deyim ki, artıq kənd ailəsində bir-iki uşaqlı olmağa üstünlük verildi, çox uşağın çox da qayğı tələb etdiyi düşüncəsinə keçid edildi. Artıq çoxuşaqlılıq kəndin ögey övladı durumuna düşdü, çoxuşaqlılığa az qala qanundan kənar bir hal kimi baxıldı. Çoxuşaqlılığı “pis itin küçüyü çox olar”, “pis qarpızın çiyidi çox olar” kimi dəyərləndirməyə başladılar.
Bütün bunlar cəmi bir neçə on ilin içərisində baş verənlərdir. Kənd yüzilliklər boyunca keçə bilmədiyi yolu, son bir neçə on ildə qət edərək tarixi rekorda imza atdı.
Artıq ailənin ölçülərində daralma, kiçilmə baş verdiyini bilirik. Az qala keçmiş ailədən, ailə dəyərlərindən heç bir əsər-əlamət qalmadığı göz qabağındadır. Ailə getdikcə uşaqların üstündə əsmək, uşaqlara daha çox diqqət, daha çox qayğı göstərmək kimi keyfiyyətlər qazandı.
Çoxuşaqlılıq dönəmində hər uşaq bir peşənin qulpundan yapışır, pis-yaxşı bir sənətə yiyələnirdisə, azuşaqlılıq da bu sahədə yeniliklər yaratmaq yolunu tutdu. Yeni ailə tipi uşağı başqa cür yükləməyi qarşısına məqsəd qoydu. Belə ki, müasir ailədə böyüyən bir və ya iki uşaq böyüyənə qədər valideynlərinin çoxsaylı arzularını yerinə yetirmək məcburiyyətinə qatlaşmalı oldu. Bu yeni uşaq tipi fiziki əməkdən uzaq tutulsa da, çoxsaylı repetitorların yanına ayaq döyməli, idman seksiyasına getməli, musiqi alətində çalmalı, rəsm çəkməli, rəqs müəlliminin öyrətdiklərini mənimsəməlidir. Öz arzularını bir kənara qoymalı və valideynlərinin arzularını gerçəkləşdirməli, yekun bir sənətə sahib olmalı, özünə karyera qurmalıdır. Həm özünü, həm də böyüklərini xoşbəxt etməlidir.
Bax, çoxuşaqlı arzulardan təkuşaqlı arzulara keçid beləcə baş tutdu.
Müəllif: Afiq Muxtaroğlu