Mən Qaçağan məktəbində işlədiyim iki il müddətində müşahidəli və diqqətli bir müəllim kimi “eşitdiklərim, gördüklərim” çərçivəsindən Qaçağan məktəbləridən 4 müəllim seçdim. Özüm üçün analiz etdim. Çox maraqlı idi ki, bu dörd müəllim doğrudan da böyük bir kvadratın dör tərəfi idilər. Hərəsi özündə bir baxış bucağı, bir yaddaş yaratmışdı. Bu dörd müəllimdən üçündən yazdım, dördüncü haqqında yazmamışdan ipucu verim.
İlk olaraq unikal adam adlandırdığım Söyün (Hüseyn) müəllimdən başladım. Hansı ki, bütün tanıyanlar onu özü üçün yaşayan bir insan qəbul etmişdilərsə, maraqlı, fərqli, özünəməxsus həyat tərzinin əsl səbəbini və nəticəsini anlayanda, hətta bəzi müəllimlər belə Söyün müəllimi sanki indi kəşf etdim dedilər.
İkinci Marks müəllim idi, qeyri-adi təşkilatçılıq qabiliyyəti, Barama zavodunu məktəbə çevirə biləcək gücü, hamının rusca danışdığı vaxtda gürcü dilində açdığı məmur qapıları, eyni zamanda kinsiz və özünə görə çox qüdrətli bir insan.
Üçüncüsü Qaçağan və ətraf kəndlərin, demək olar ki, riyazi profildən səksən faiz ziyalıların ali məktəbə hazırlığında əməyi olan Sahabbin müəllim idi. Hansı ki, şagirdlərə qarşı olduqca tələbkarlıqdan başqa, yumşaq ifadə edə bilsəm, qəddar olan – oxumayan şagirdlərə ciddi cəza verən, buna baxmayaraq, valideynlərin belə qarşı çıxmadığı, eyni zamanda fərqli məktəb direktoru olmasını və onun romantik dünyasını aça bildim.
Bu üçbucaqdan sonra növbə çatdı tamam fərqli bir insana. Onun haqqında yazmaq üçün aylardır risk edə bilmirəm. Heç vaxt aciz qalmayan qələmim olduğu kimi tərənnüm etməməkdən qorxur. Doğrudan da bu elə bir şəxsiyyət ki – mükəmməl müəllim, mükəmməl valideyn və əsl insan.
Gəlin bir az əvvələ gedək – mükəmməlliyə gətirən yolun başlanğıcına. Mən mütləq inanıram ki, insanın çəkəcəkləri onu ya kamil edir, ya... yazdığım yol kamilliyə gətirdi.
Sovet hökuməti təzə qurulmuşdu. Hər yerdə qolçomoq, qaçaq, bəy-rəiyyət davaları... qeyri-rəsmi olsa da dövlətin “otryadı” bunun qarşısını almağa çalışırdı. Dursun Bağırov da banditizmə qarşı mübarizə şöbəsində rəhbər idi. Təkəli kəndində böyük hörmət, izzət sahibi idi. O, Qaçağandan evlənmişdi, bir oğlu və bir qızı hələ çox körpə idilər. Halal el adamı olan gənc partiyaçı Dursun işinə düzgün yanaşsa da, təbii ki, otuz yeddilərin qara yelinin tərpətdiyi ocaqlardan oldu. Həmin o qara maşın, o qara maskalılar və o gecə qaranlığı... Günlərlə xəbər gəlmədi, güya banditlərə-qaçaqlara gizli silah veribmiş. Beləcə, düşmən ailəsi kimi gecənin birində gənc qadını iki uşaqla həmin o qara vaqonlarda qara yollar apardı... Səs kəndə yayıldı.
Xeyli vaxt keçdi. Nə Dursundan, nə də ailəsindən xəbər çıxmadı. Qara maşının apardığı “seçilmişlər”in aqibəti bəlli idi. Gənc qadının qaçağanlı ailəsi durub dincəlmədi, zamana uyğun mümkün variantlardan istifadə etdi; bütün varlığıyla çalışaraq “yol” aradı və bacısının Qazaxıstan çöllərinə sürgün ünvanını tapdı. İki körpə balayla olmazın zülmlü yolçuluq keçirən gənc qadın yüzlərdən biri idi. Körpə qızı sağ deyildi, amma qucağındakı oğluyla birlikdə tapdı bacısını qardaş. Əsl qardaş fədakarlığıyla, daşdan keçən sənədlə bacısını oğluyla Qaçağana qaytara bildi. Təkəlidəki ev müsadirə olunmuşdu, ailə sürgündə idi. Bacı oğluyla Qaçağanda – ata evində yadigar balasıyla yaşadı. O yaşamaq idimi? Alınlarında xalq düşməni damğası, itirilmiş ocaq və bala, ər dağı. O, belə yaşadı, belə qocaldı – qəlbi nisgilli, ürəyi dağlı. Üzü güldü, ürək gülmədi. Böyüyən balasıyla qocaldı – yaşından irəli, yaralı qocaldı.
1956-nın bəraəti gəldi. Əmlakı özünə qaytarılmaqla, günahsız olduğunu sübut edən kağız parçası... Nə dəyişə bilərdi ki? Kağızını əlinə alanda əsdi, titrədi, göz yaşı kağızı islatdı. Kağızı didik-didik elədi: qaytar xoşbəxt ailəmi, qaytar gəncliyimi, qaytar qucağımda iki gün meyidini saxladığım balamı, qaytar atalılar yanında boynubükük böyüyən balamın uşaqlığını... O boynubükük, əzizlənsə belə əzizlənməyən, sevilsə də içi qırıq, güləndə belə daxili gülməyən o gənc bilirsiniz kim idi? Qaçağan 2 saylı məktəbin tarix müəllimi, son gününə qədər məktəbin tədris işləri müdiri, fədakar insan Mirzə müəllim idi.
Onun haqqında o qədər yaxşı söz eşitmişəm, qorxuram yazmağa – o yüksəkliyi olduğu kimi tərənnüm edə bilmərəm deyə. Olduqca diqqətli ata, həyat yoldaşı və qohum imiş. Hətta qonşular üçün, kənd adamlarının problemlərinə belə olduqca diqqətli idi.
Tanımadığım bir qadın tamam təsadüf nəticəsində maraqlı bir əhvalat danışdı. Qadın danışırdı ki, məktəbli qızımı Tiflisə əməliyyata aparmışdım. Uşaq əməliyyatda olarkən həyətdə həyəcandan titrədiyim bir zamanda Mirzə müəllimi başımın üstə görəndə sanki üstümdən dağ götürüldü. Kənddən şəhərə bizə mənəvi dayaq olmaq üçün gəlmişdi, oldu da. Desəm ki, sanki o da bizim qədər həyəcan, narahatçılıq keçirirdi, səhv etmərəm.
Respublikanın Əməkdar təbliğatçısı (rayonda yeganə) adlanan Mirzə müəllimin müəllimliyindən danışım. Deyilənə görə, o dərsi elə izah edərmiş ki, heç evdə oxumağa ehtiyac olmazmış; səlis, ahənglə, sanki adam özünü o tarixi hadisənin içində hiss edirmiş. Çalışardı kimsənin xətrinə dəyməsin, incitməsin. İşinə o qədər məsuliyyətli adam imiş ki, hamı da bilirdi bu xüsusiyyətini, şagird dərsinə hazır gələrdi, müəllim işinə. Hər gün gündəlikləri yoxlayardı. Qapıların arxasından sakitcə dərsləri dinləyərmiş. Müəllimin səhvini kirimişcə çağırıb özünə deyərmiş.
Bir müəllim danışır ki, təzə işə düzəlmişdim, mənə uşaq kimi proqram, gündəlik yazmağı başa saldı. Bir gün də otağına çağırıb bir neçə metodiki səhvlərimi elə anlatdı, pərt olduğumu görüb “a qızım, hamımız elə bu yolu keçib gəldik, zamanla öyrənəcəksən, öyrənmək pis deyil, öyrənmək istəməmək pisdir” demişdi. O vaxtdan illər keçib, hələ də dərs keçəndə metodiki səhv etməməyə çalışıram, elə bilirəm ki, Mirzə müəllim qapının arxasında qulaq asır...
Oğlu, qızı, yoldaşı da məktəbdə işləyirlərmiş, amma sanki onları tanımırdı. Qanun hamı üçün idi. Proqramı da, yoxlamanı da, gündəliyi də ilk onlardan tələb edərdi. Evdə ailəsinə, uşağına o qədər diqqətli adam məktəbdə sanki onları görmürmüş. Qızı Gülbəniz müəllim deyir ki, elə gün olmazdı atam bir neçə dəfə zəng edib əhvallaşmaya, halbuki uşaqlar da, mən də məktəbdə gözünün önündəydik; evə qayıdan kimi narahat qalırdı uşaqlardan. Bəli, bu qədər məsuliyyətli, qayğıkeş ata, həyat yoldaşı, baba, oğul...
Maraqlı tərəfi o imiş ki, zəngi həmişə özü vurardı. Kimsəyə zəngi vur deməzdi, sanki yalnız özü zamanı düzgün bölərdi. Heç vaxt da zəng bir dəqiqə belə fərq eləməzdi. Məktəbin ikinövbəli zamanları varmış, Mirzə müəllim uzaq olmayan evinə tənəffüsdə elə gedib nahar edib gələrdi ki – ayaqüstü, çünki Mirzə müəllimin məsuliyyəti yeməkdən, qonaqlıqdan, xeyirdən-şərdən öndə idi. O, heç vaxt dərsdən qalmazdı, şagirdləri özündən nəzarətsiz buraxmazdı.
Olduqca səliqəli adam imiş. Bağ-bağçada özü şəxsən səliqə yaradardı. Ərtafda dirrik nübarı onun bağında olardı. Bağda işləyərkən elə hər yoldan keçənə gəl qonaq ol deyərdi. Bir gün ferma işçiləri yolu keçərkən, biri dedi ki, a Mirzə müəllim, elə hey deyirsiniz gəlin qonaq olun, amma israr eləmirsiniz. Gəlsəniz üzdülüymüzə salaq. İşdən çıxmışıq, acıq, pendirdən, çörəkdən verəsiniz. Mirzə müəllim onları evə gətirib, dolma varmış, amma qənaətlənməyib, iki hinduşka kəsib, yaxşı qonaqlıq verib yola salmışdı. O səliqə tək bağçasında, evində deyildi, müəllimlər otağında bir güzgü var, Mirzə müəllim hər dərsə gedəndə mütləq o güzgünün qarşısına keçər, üst-başına diqqət yetirib sonra sinfə gedərdi. Deyərmiş ki, hamınız özünüzə diqqətli olun. Bəlkə düyməni səhv düymələyibsiz, şagird onu sizə deməyəcək, amma görkəminiz görkəmsiz olar. Necə də alqışlanmalı bir fikir.
Mirzə müəllim istedadlı şagirdlərə kəndə qayıtmayın deyərmiş. Kənd yeri fırlanmaq, şəhər fırlanaraq irəli getmək üçündür deyərmiş. Özünü dəfələrlər Gəncəyə elmi iş üçün dəvət etsələr də, onun üçün həyatını fəda edən anasını qoyub getməyib. Özündə itirdiyi, daha doğrusu, bilərəkdən qəbul etmədiyi o “fırlanaraq irəli getmək” şansını bütün gənclərə tövsiyə edərdi.
Onun şagirdlərindən biri məzun olub kəndə qayıtmışdı. Yolda təsadüfən rastlaşırlar, deyib ki, Mirzə müəllim diplom aldım gəldim. İndi kolleqa kimi işləyərik. Müəllimi şagirdinə necə nəsihət keçdisə, geri qaytardı. O məzun indi tarix elmləri doktorudur – Mahal Məmmədov.
Mən bir nəfər də olsun adam tanımadım ki, Mirzə müəllim haqqında narazı danışsın. Yəni bu adamın heçmi səhvi yox idi? Yəqin müsbəti elə səviyyədə imiş ki, mənfini itirmiş.
Gəncə Pedaqoji İnstitutundan gələndən, demək olar ki, son günə qədər “zauç” oldu – məsuliyyətli, dəqiq, peşəkar.
1994-cü ilin 16 oktyabr günü hamı kimi dərsə gəldi, gündəlikləri yoxladı, zəngi vurdu, müəllimləri dərsə yola saldı. Hamı dərsdə idi, dəhliz sükutuyla onu öz otağına apardı. Birdən hava çatmadı sanki, birdən dünya qaralmağa başladı, hiss etdi ki, hər şey dəyişir... Bax, mən əminəm, o həmin an doğmalarını düşündü; o anda yəqin ki, qızı Gülbəniz müəllimi düşündü. Axı atalar həmişə qızlarından narahat olurlar, bilir ki, “harada olsa qız çəkəcək şirin-şirin adını”... Müəllimlərdən kimsə səsə otağa daxil oldu. Vəziyyəti bilib müəllimlər otağına qaçdı, təntidi. Zəngə 15 dəqiqə qalırdı, tez zəngi vurdu. Hələ məktəbin tarixində 15 dəqiqə tez zəng vurulmamışdı. Müəllimlər saatlarına baxıb dəhlizə çıxdılar. Ola bilməzdi ki, Mirzə müəllim zəngi belə tez vura. Müəllimlər təəccüblə “xeyir olsun” deyə müəllimlər otağına tərəf getdilər. Həmin gün, həmin saat Gülbəniz müəllim də dərsdə idi. Bu gün atasından yaşca böyük olan, məktəbin savadlı, hörmətli, məsuliyyətli müəllimi Gülbəniz müəllim onda gənc ana idi. Atasının hər gün zəng etdiyi, qayğısına qaldığı, yaxşı müəllim olması üçün hər addımına nəzarət etdiyi qızı... Gülbəniz müəllimin sanki ayaqları tutulmuşdu, istəsə belə tərpənə bilmədi, sanki nitqi də tutulmuşdu. Sükutu uşaqlar pozdu, ay müəllim, aşağıda nəsə olub, hamı qaçışır elə bil dedilər... Güclə durub sinifdən çıxdı. Pilləkanları ağır-ağır endi, ayaqları getmirdi, qorxurdu, qorxurdu vurulan zəngin sədası atasını tutar deyə. Artıq üzündə baxışlar hiss edirdi, ona elə gəlirdi, hamı ona baxır. Baxışını döşəmədən çəkmədən irəlilədi. Şagirdlər, müəllimlər kənara çəkildi, yol verdilər... Kiminsə səsi gəldi: “uşaqlar, hamınız gedin evə, dərs keçilməyəcək”. Bütün bunlar ürəyinə daman qorxunun həqiqəti idi. Dünya başına fırlanarkən anası Safurə müəllimin onun qolundan bərk sıxıb “özünü ələ al, təmkinli olmaq lazımdır” deməsi isə gənc qadını bir anda yaşlatdı, böyütdü.
Məktəb bir-birinə dəymişdi, uşaqları evə yola saldılar, həkim gəlsə belə gec idi...
Bəli, Qaçağan 2 saylı məktəbdə ilk dəfə olaraq zəng vaxtından tez vuruldu. Bu, Mirzə müəllimin zəngi idi. İllərin uşaqlığına çəkdiyi qara xəttin təzahürü idi ürəyinin naləsi. Hələ indən belə yaşayacağı, balalarından, nəvələrindən alacağı zövqü yarımçıq kəsdi o vaxtsız çalınan zəng. Vaxtsız, yarımçıq zəng özüylə mükəmməl, əvəzolunmaz insanı apardı...
Mirzə müəllimin cənazəsi təntənəli surətdə məktəbin həyətinə gətirildi. Çox böyük izdiham vardı. Müəllimlər, valideynlər, hətta şagirdlərdən də nitq söylədilər. Əklillər, şagirdlərin gül dəstələri içində uzun bir zəng çalındı, bu, Mirzə müəllimin son zəngi idi.
30 illik bir zaman qatarı hələ də o mükəmməl insanı unutdurmadı. Xoş sözlər, ibrətli xatirələr qaldı. Bilirsinizmi, niyə son anda qızını düşündü yazdım? Mən hər dəfə kimsə Mirzə müəllimdən danışanda Gülbəniz müəllimin gözlərinə baxıram. Həmin an o dəyişir, dolur. Mənə elə gəlir o yarımçıq zəng çalınan günü xatırlayır, amma özünü tox tutmağa çalışır, axı bu gün o atasından yaşca böyükdür. Hər il eyni günü Gülbəniz müəllim məktəbə atasının həyətindən dərdiyi çiçəklərlə gəlir. Dərsdən sonra ziyarətinə gedir, təkcə, özü elə istəyir.
“Oğul mənim ocağımda yandıranda odumu,
Harda olsa qız çəkəcək şirin-şirin adımı”...
Bəli, bu da mənim sirli dördüncü müəllimim – Qaçağan məktəblərinin dörd müəlliminin həyatına mənim baxışım: mən Söyün müəllimdə insan kimi yaşamaq, Marks müəllimdə təşkilatçılıq qabiliyyəti, Sahabbin müəllimdə peşə marağı, Mirzə müəllimdə mükəmməlik gördüm.
Esmira ƏLƏKBƏRLİ