Avropalıların təbiət aşiqi olmaları, onların təbiətə münasibəti barədə az-çox təsəvvürüm var idi. Bu təsəvvürümün biçimlənib şəkillənməsində eşitdiklərimin, oxuduqlarımın rolunu danmadan deyim ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.
Mənim Avropa ilə ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 1987-ci ildə Polşada gördüklərim məni heyrətləndirə bilmişdi. Binaların eyvanlarından aşıb-daşan gül-çiçək ilk baxışdan diqqətimi çəkmişdi. Gördüyüm şəhərlərin, kəndlərin yaşıllığı, gülü-çiçəyi nəzərimdən qaçmamışdı. Varşavada Şopenin musiqisinin təsirinə düşdüyümü, qızılgüllərin qan qırmızısının hərdən məni başqa bir aləmə çağırdığını da yaxşı xatırlayıram. Həm də mən bu mənzərələri Polşada siyasi həyatın qazan kimi qaynadığı bir dönəmdə seyr etmişdim. Yəni sosialist sisteminin sonuna bir şey qalmadığı, can çəkişdiyi zamanlar idi.
Təqvimdə 2019-cu ilin fevralı yenicə başlamışdı və tale məni Avropanın şimalına – Niderlanda gətirib çıxardı. Arada Belçikada, Almaniyada keçirdiyim ayları nəzərə almasaq, o gəlişimlə ömrümün üç fevralını Niderlandda keçirdim. Bu, mənim Avropaya uzunmüddətli ikinci gəlişim idi.
Sözü uzatmadan mətləbə keçim. Sonra nə olar, nə keçər, yaddan çıxararam. Yanılmıramsa, avropalıların təbiət sevgisindən danışırdım. Bəri başdan deyim ki, avropalıların bu sevgisi nə yerə sığandı, nə də göyə. Onların təbiətə vurğunluqları sevgidən ötə bir şeydir. Xəstəlik dərəcəsində bir psixoloji haldır. Qocası da belədir, cavanı da. Gül görəndə, çiçək görəndə ürəkləri gedir. Yeməsinlər, içməsinlər, saatlarla gülə-çiçəyə baxsınlar. Hələ gülə-çiçəyə qulluq etmələrini qatlayıb bir qırağa qoyuram. Bu da bir ayrı söhbətdir.
Hər marketin girişində mütləq çiçək bölümü var və həmin bölümün önündə də mütləq çiçəkləri seyr edənlər. Çiçəklərə xüsusi bir sevgiylə, belə demək mümkünsə, xüsusi bir ehtirasla baxanlar sadəcə tamaşa üçün burada deyillər. Davamını təzə abzasdan oxuyaq.
Marketdən bütün həftəlik ehtiyaclarını ödəyəcək, bəlkə də daha artıq yeyəcək-içəcək tədarükünü görən avropalının alış-verişi bitirdiyini söyləmək hələ tezdir. Nədən ki, o, bədənini enerji ilə təmin edəcək, ağzını dada gətirəcək, ən əsası da ona sağlamlıq bəxş edəcək ərzaq yükünü tutduqdan sonra könlünü rahatladacaq, ağır iş həftəsinin yorğunluğunu canından çıxaracaq bir-iki şey də almalıdır.
İlk növbədə gül-çiçək seçməlidir. Mövsümünə görə gül-çiçəyin çeşidi dəyişə bilər. Güman etmək olar ki, onun alış-verişi bitib. Amma onun alacağı bir şey daha var. O, aldığı gülə-çiçəyə əlavə baxımlılıq bəxş edən işıqlar da seçməlidir. Adətən avropalı ölçüsünə, rənginə, ətrinə görə bir-birindən fərqlənən şamlara üstünlük verir. Rəngli elektrik işıqları alanlar da yox deyil. Gül-çiçəyini, ona yaraşan şamlarını da alıb, ərzaqlarının yanına qoydumu avropalının alış-verişi tamamdı demək istəsəm də, düzgün çıxmır. O üzdən ki, bizim mentalitetimizin açıq danışmağa imkan vermədiyi bir məkana da baş çəkməli, zövqünə uyğun nələrsə almalıdır. Yalnız bundan sonra onun alış-verişi bitirdiyini söyləmək haqqımız yaranır.
Yalnız gül-çiçək satışıyla məşğul olan mağazalar da çoxdur. Bu mağazalarda gül-çiçəkdən savayı müxtəlif ölçülü, əlvan boyalı boş dibçəklər, rəngarəng daşlar, gözoxşayan balıqqulaqları, küknar qozaları, ağacdan düzəldilmiş cürbəcür bəzək əşyaları da satılır. Bütün bunlar gül dibçəklərinin gözəlliyinə əlavə gözəllik qatmaq üçündür.
Satıcılar gül-çiçək əkməyə yeni başlayanlara səbirlə öz məsləhətlərini verirlər. Hansı gülün haraya – eyvanamı, otağamı, hamamamı uyğun gəldiyini izah edir, bu proses boyu cüzi bir narazılıqları, qaş-qabaqlarını tökmələri hiss olunmur. Alıcıların yerli-yersiz verdikləri bütün suallar eyni qaydada təbəssümlə cavablandırılır.
Gün boyu satıcıların üzləri təbəssüm işığında itib-batır. Aldı nədir, almadı nədir, hər dükana daxil olana satıcıların bu təbəssümündən pay düşür.
Müəllif: Afiq Muxtaroğlu