AFİQ MUXTAROĞLUNUN AYAQÜSTÜ DÜŞÜNCƏLƏRİ
Essendə küçə musiqiçisi – skripkaçı bizim işlədiyimiz məkanın tam qarşısında dəzgahını qurur. Dəzgah deyəndə də yekə çıxır. Bir açılıb yığılan kətil, bir stul, bir də skripka. Adam ədəb-ərkanla kətili açıb skripkanın futlyarını onun üzərinə yerləşdirir. Cibindən çıxardığı sikkələri açıq futlyarın içərisinə atır. Bu ötüb keçənlər üçün bir növ aldatmacadı, yemdir. Balıqçılar, ovçular heyvanları bu cür çəkiyə çəkir, aldadıb tilova, tora salmırlarmı? İndi bu yaşlı skripkaçı da bu yöntəmlə bir az qazanmaq istəyir.
Küçə sənətkarı tibbi maska ilə ağız-burnunu örtməyi də unutmur. Ağzımızda alman dəqiqliyi deyirik, başqa cür necə olmalıdır ki? Alman dəqiqliyi elə bu cür olur də. Xırda şeylərdən başlayıb böyük şeylərdə bitir.
Bizim sənətkarın küçənin cikinə-bikinə bələdliyi hər tövründən bəlli. Bəs necə, illərin təcrübəsi deyərlər buna? Küçəyə birinci dəfə ha çıxmır? Bəlkə ilk dəfə küçəyə çıxıb, nə vaxt konsert verməsini belə unudub. O, nədən başlayacağını, hansı musiqi parçalarını ifa edəcəyini, tamaşaçıların – küçədən keçənlərin diqqətini necə cəlb edəcəyini də bilməmiş deyil. Yəqin tamaşaçıların qəlbinə yol tapmağın, onları necə riqqətə gətirməyin sirlərinə də bələddir. Önündən keçənlərin dəyişməsi ilə onun digər musiqi parçasına ustalıqla keçid etməsi, kişinin oğlunun əldəqayırma sənətkar olmadığından xəbər verir. O, hər ötüb keçənin əlini cibinə salmayacağına da əmindir. Musiqidən musiqiyə keçid küçə musiqiçilərinin istifadə etdikləri ən yayılmış yöntəmdir. Sənin ifan kiminsə qəlbindəki mərhəm duyğularla üst-üstə düşməlidir ki, ovunu bərədə yaxalaya biləsən. Yoxsa ac qalarsan, cibi boş, üzü qara qayıdarsan xarabana.
Küçə skripkaçısının musiqidən musiqiyə tez-tez keçmə fəndi bizim zurnaçıların toy evinə yeni qonağın daxil olduğunu görüncə bir əl-ayaq da satın alaraq, necə ayağa qalxdıqlarına, zurnalarını züyüllətmələrinə bənzəyir. Bəzən zurnaçının, nağaraçalanın cürbəcür bədən hərəkətləri də eyni məqsədə – beyni dumanlı toy əhlindən daha çox pul qoparmağa hesablanıb. Bunun başqa adı da yoxdur ki, mən yüksək qulluğunuza ərz edim. İpin ucunu tapmışkən, bir müşahidəmi də söyləyim: restoran toylarının dəbə minməsi və həyət toylarının aradan qalxması ilə zurnaçılarımızın biznesində də daralma baş verib, onların çörəyi də daşdan çıxmağa başlayıb. Asan çörək harda var?
Mənim alman skripkaçı ilə bizim zurnaçıları müqayisə etməm uğursuz da görünə bilər. Bənzətməm yerinə düşməsə də, bizim zurnaçı ilə alman skripkaçını birləşdirən hədəf eynidir. Onların fəaliyyət məkanları fərqli olsa da, məqsədləri tamaşaçıdan pul çıxarmaqdır.
Onu virtuoz sənətkar adlandırmaq istəyimin isə hələlik başını buraxıram. Bəlkə sonda bir qərara gəldim.
“Sparda-Bank”ın önündə, “gelati Sima” kafesinin və “Edvin Heidrich” şirniyyat dükanının beş-altı addımlığında, dükanlarının çoxluğu ilə seçilən dörd yol ayrıcında səhnə almaq, ilk baxışda buranın biznes imkanlarının genişliyindən xəbər verir. Bəlkə də yanılıram. Bütün bunlar ilğıma da bənzəyə bilər. Görək nə olur, qəhrəmanımın başına nələr gəlir. Müşahidələrim davam edir.
Küçənin öz ruhu var. Küçə sənə nə dünyanın nəhəng konsert salonlarıdır, nə də “La Skala” teatrı-zaddır. Küçənin adı küçədir. Zənginlərin yolu buradan düşən deyil. Nə də küçə musiqisinə qulaq asıb, əllərini ciblərinə salan deyillər. Həm də onlar özlərini yüksək zövq sahibi hesab edir, öz ağılları ilə küçə musiqisini düşük, bayağı hesab edirlər. Bəlkə də onlar doğru düşünürlər. Üstəgəl, pulu qazanmayıblar ki, hər yoldan ötənin cibinə qoysunlar. Zənginlər az, kasıblarsa çox.
Yaşlı skripkaçı illərin sınağından çıxmış skripkasını köksünə sıxıb, kəmanəsini tellərin üzərinə sürtür. Ətrafa inilti dolu bir səs yayılır. Ötüb-keçənlər qəfil səslənən musiqidən diksinən kimi olurlar. Sonra hamı heç nə olmamış kimi işinin-gücünün dalınca gedir.
Skripkaçının repertuarı zəngindir. Klassik musiqi parçalarından tutmuş folklor nümunələrinədək. Sənətkar ki, sənətkar. İşinin ustası. Beləsi əminliklə deyə bilər: “alma, heyva, nar məndə, hər nə desən var məndə”.
O, müştəri tutmaq üçün bütün məharətini işə salır. Bu, təkcə musiqi bacarığını deyil, həm də səhnə mədəniyyətini özündə ehtiva edən kompleks hərəkətlərin cəmidir. Hər musiqi parçasından sonra, kiçik fasilədən öncə tamaşaçılara təzim etməyi də yaddan çıxarmır.
Müştəri də yoxdur. Kimsə onun ifasının maddi qarşılığı ola biləcək pulun ucunu göstərmir. Skripkaçı ötüb keçənləri, onun ifasına laqeyd yanaşanları qınamır da. Arada ola bilsin ki, onlara haqq da qazandırır. İlləri yola vermiş sənətkar hamının bir əlli, bir ətəkli olduğunu da düşünür. Hərənin özünə yetən dərd-azar yiyəsi olduğunu da bilir. Amma bunlara rəğmən bir az qazanmağın heç də pis olmayacağını beynindən keçirir.
Aclıq da bir yandan. Hələ siftə də yox.
Ayağa qalxıb, gücünü toplayaraq, şən bir parça ifa edir. Və musiqi sonlanır. İki-üç nəfər əl çalır, eyni vaxtda onun futlyarına metal sikkə atanlar çoxalır. Bunu atılan sikkələrin cingiltisi də təsdiqləyir. Baxmadan da bilir. O, uzun illər ərzində özünü tox tutmağı da öyrənib. Bir-birinə dəyən sikkələrin cingiltisi bu an dünyanın ən gözəl musiqisi kimi səslənir. Metal cingiltisi onun üçün minlərlə tamaşaçının alqışından daha əzəmətli təsir bağışlayır. Bu dəfə bəxt üzünə gülmüşdü.
Bu da virtuozluq. Sonunda ovu yaxalayır. Qoca Santiaqo istəyinə çatır. Dənizi – küçəni ram edir.
Fasilə vermək, hətta nahar da etmək olar.
Küçə musiqiçisi futlyardan bir neçə sikkə götürüb qarşıdakı “Edvin Heidrich” şirniyyat dükanına girir.
Az sonra əlində hamburger dükanın qarşısında görünür və qalib addımlarla dəzgahına yaxınlaşır.
Afiq MUXTAROĞLU
Almaniya, Essen