Səni böyük sevgi və darıxmışlıqla salamlayıram dəyərli “Yeni Yol” oxucusu. Uzun zamandır bu və ya digər səbəblərin bizi ayrı salmış olmasına baxmayaraq sənin yerin məndə hər zaman ayrıdır, hər zaman dəyərlidir.
Zamanın və zamandan doğan məşğulluqların bir daha bizi ayırmayacağını diləyərək başlayacam sənə dönüş yazıma.
Bu gün sənə mən və çox sevdiyim bir gürcü rəfiqəm haqqında yazacam. İndi haqlı olaraq səni bir sual qıcıqlandıracaq ki, camaata nə lazımdır sənin rəfiqən, elə budurmu döndüm dediyin. Ancaq və lakin, qərar verməkdə tələsməyib, sözümü sonlandırmağa izin verməni rica edirəm.
Sənə də gözəl məlum olan bir hal var ki, vətənin paytaxtında ali təhsil almaq illəri minlərlə gəncimizə yeni yollar, yeni insanlar qazandıraraq, həyatımızı rəngləndirmək, zənginləşdirmək üçün imkan yaratdı. Məryəm də mənim həyatıma qatılan gözəl insanlardan biri idi. Uzunçuluq etmədən deyim ki, onunla birlikdə uzun vaxt, gözəl anlar bölüşdük, eyni evi, eyni səhəri, eyni şəhəri, eyni sevincləri, eyni üzüntüləri paylaşdıq. Bir- birimizin qorxularını öyrəndik, bir-birimizi bacardığımız qədər sevindirməyə, güldürməyə çalışdıq və çox zaman bunun hamısına nail olduq.
Bir zaman sonra, bəli bəli, sözümün canı olan bir zamandan sonra təxminən eyni zaman dilimində biz həyatımızı birləşdirəcəyimiz insanlarla qarşılaşdıq. Nə xoş! Nə gözəl!
Ailə qurduq... Necəmi? Sözümün, söhbətimin canı da elə budur...
Məryəm və ailəsi əziz və yaxın insanları ilə iki gün ərzində hazırlaşaraq, kiçik bir məclis quraraq, gözəl günləri üçün şirin bir xatirə saxladılar.
Mən və ailəm 500 nəfərlik məclisi qurub, insanları qarşılayıb yola salmaq üçün dəridən-qabıqdan çıxdıq.
Məryəm və ailəsi, qonaqlarını qarşılamaq və bu gözəl günü qeyd etmək üçün küncdə-bucaqda olan, Allah verən nə pulları vardısa, toplayıb işlərini aşırdılar. Ayaqlarını yorğanlarından bir zərrə də qırağa uzatmadılar. Toya xas adətlərini də yenə üsulunca, yorğanları çərçivəsindəcə icra etdilər...
Mən və ailəm qonaqlarımızı qarşılamaq və bu gözəl günü qeyd etmək üçün Allah verən və verməyən pullarımızı, küncdə-bucaqda olan və olmayan saxlanclarımızı toplayıb işimizi aşırdıq. Amma baxdıq ki, yorğan nəinki ayağımızı örtmür, heç boğazdan aşağımıza çatmır, eləcə başımızı örtüb... Biz toya xas adətlərimizi bahalı libaslara büründürərək icra etdik...
İş dediyim, orada da, burada da iki insanın ailə qurmasından ibarətdir.
Məryəm də, yaxınları da bu gözəl günü əbədiləşdirmək üçün çəkilən şəkillərdə çox ucuz və sadə paltarlarda çox gözəl görünürlər.
Mən də, yaxınlarım da bu gözəl günü əbədiləşdirmək üçün çəkilən şəkillərdə çox bahalı və dəbdəbəli paltarlarda heç gözəl görünmürük. Onların üzündə yüngüllük, rahatlıq, bizim üzümüzdə ağırlıq, narahatlıq var.
Biz pörtmüşük... Stres, yorğunluq, günlərlə o yana-bu yana qaçmaq bizi haldan-hala salıb...
Məryəm şad-xürrəmdir, məni isə elə bil zorla evləndirirlər.
O kimin nə düşündüyünü düşünmür, məni isə üzümə baxıb yanındakının qulağını pıçhapıç seliklə dolduran, adını belə bilmədiyim, adımı belə bilməyən qıyıqgöz bir xalanın baxışları stresə salır. Yüz faiz nəsə bəyənməyib, onu danışır... Bəlkə də kababın ürəyi istəyən yeri düşməyib... Ya da anam buna rahat xoşgəldin etməyib...
Məryəmin anası sevincindən yerə-göyə sığışmır və bu sevincini hər kəslə bölüşür.
Mənim anam da sevinir, ancaq bunu göstərə bilmir, rəqs etmir, çünki qız anası üçün “booy, necə də sevincək olub, qızının əlindən bezibmiş deyəsən” cümləsi hazırcadı. Sanki, Məryəm anası üçün övladdı, mən anam üçün kartof qabığı-zadam...
Xülasə, toydan sonra onlar və ailələri həyatlarına normal axarla davam edirlər... Xoşbəxtdirlər, iki övladları var... Yəni Məryəm və həyat yoldaşının toy əhvalatı oradaca bitdi, arada süfrədə, dost-tanış arasında xatirə kimi danışıb-gülməkdən ibarət qaldı...
Toydan sora biz və ailələrimiz həyatımıza normal axarla davam etmədik. Biz də xoşbəxtik, bizim də iki övladımız var... Ancaq bizim toy əhvalatımız hələ davam edir... Ailələrimizdə filankəs toya nəmər salıb, qaytarmaq lazımdır cümləsi səslənəndə, toyun üstümüzdə tozlanıb-paslanan xərcləri yada düşəndə, şəkillərdəki əndərəbadi sifətlərimizi görəndə bizim toyun hələ neçə il davam edəcəyini təxmin belə edə bilmirik...
Məryəm və ailəsi hər həftə teatra, kinoya, ən pis halda uşaqları ilə birlikdə təbiət qoynunda gəzintiyə gedir, biz isə axırıncı qəpiyimizi nəmər aparırıq... Toyumuz birdən bizə elə toy tutur ki, gəl görəsən...
Nə başını ağrıdım, dəyərli oxucu, mən tək olmadığıma da, toyu uzun illər davam edəcək insanların bizim yerlərdə boğazdan aşacaq qədər çox olduğuna da əminəm. Bir də, danışdıqlarımın sənin üçün də heç yad şeylər olmadığına əminəm.
Sağlıqla qal!
Afayət AFİQ