Tarix boyu insanlığın qarşılaşdığı bir sıra problemlər olub, var və olacaq. Həyat, yaşamaq, artmaq davam etdikcə bu problemlər də var olacaqdır. Tarix boyu ölkələr arasındakı siyasətin nəticəsi olaraq vassallıq meydana gəlmişdir. Maddi və siyasi yöndən üstün olan ölkələr digər kiçik, təbii sərvəti olmayan ölkələr üzərində vassallıq edir, onları özlərindən asılı vəziyyətə gətirirdilər. Bu kimi səhnələr günümüzdə də davam etməkdədir, ancaq bu sistem daha modern şəkildə davam etməkdədir. Tarixə dönüb baxdığımız zaman medianın daha zəif olduğu zamanlarda, yəni daha geniş inkişaf etmədiyi zamanlarda vassallıq siyasi yöndən daha aktiv idi. Demək olar ki, günümüzdə vassallıq həyatın bir çox sahəsində sürətlə inkişaf etməkdədir, hətta məişət həyatına qədər genişlənmişdir. Günümüzdə həyatın çox hissəsində bu səhnələrə şahid oluruq.

 

Son dövrlərin sağalmaz yarası olan vassallıq insanların ən dəyərli olanını əlindən almışdır. İnsanı insan edən, ayaqda saxlayan, insana olğunluq verən, yetişdirən, insanı irəliyə aparan onun düşüncəsidir. Bu gün çox böyük təəssüf hissi keçirərək qeyd etmək istərdim ki, insanın düşüncəsi də artıq vassallıqdan nəsibini almışdır. Bunun günümüzdə yayılmasının səbəbi mediadır. Tarixdə media bu qədər inkişaf etməmişdir və insanların düşüncələrinə təsir etmək üçün çox ciddi fəaliyyətlər lazım idi, 25-ci kadr, subliminal mesajlar kimi, hansı ki, bunların tarixi 1800-cü illərə dayanmaqdadır. Amma artıq bu kimi əziyyətli və xərcli işlərə ehtiyac qalmadan media vasitəsi ilə asanlıqla bunu etmək mümkündür.

 

İnsan oğlunun həyatına internet girdiyindən bu yana bir çox dəyişikliklər yaşanmışdır, bu, danılmazdır. Ancaq unudulmamalıdır ki, faydalı olan bir şeyin mütləq zərəri də vardır. İnternet də öz faydalı yönü ilə gözlərimizi qamaşdırarkən zərərli yönlərinə nəzər yetirməyimizə imkan vermir. İnternetin gətirdikləri ilə götürdüklərini müqayisə etsək elm və texnologiya yönündən qazanmış olsaq da, mənəvi və zehni olaraq, əfsuslar olsun ki, geriləməkdəyik.

 

İnternetin inkişaf etməsi insanların fikir və iradələrinə, düşüncələrinə daha asanlıqla təsir edə bildi. İnsan oğlunun düşünmə qabiliyyəti hiss olunacaq səviyyədə zəiflədi və düşünməyən beyinlər başqalarının düşüncəsinə ehtiyac duymağa başladı. Və düşünmə zəifliyi meydana gəldi. Başqalarının düşüncəsinə ehtiyac o qədər artdı ki, hətta gündəlik həyatda da buna ehtiyac duyuldu. Bu zaman nə baş verdi? Düşüncə zəifliyi əmələ gələn kimsələr başqalarının düşüncəsi ilə başqalaşmağa başladılar və beləliklə günümüzdə “düşüncə vassallığı” adlı ciddi bir problemlə qarşılaşmaqdayıq.

 

Bəzən insan o qədər təəccüb hissi keçirir ki, baxırsan, görünüşdə insan var, yuxarı baxırsan insan olaraq idarə etmək üçün baş da yerindədir, lakin başın içində beyin, zehin, düşüncə varmı-yoxmu, görə bilmədiyimizdən qarşıdakı insanı görünüşə görə insan adlandırırsan, lakin davranış olaraq daşıdığı insanlıq kimliyini yansıtmadığının şahidi olursan. Bu zaman qaşlara çatılmaqdan başqa bir iş düşmür.

 

Gündəlik həyatda və eləcə də iş, ailə həyatında nə, necə, nə üçün suallarını özümüzə ünvanlamağı bacarmalıyıq.

 

İnsanlar fərd olaraq doğulur, yetişir şəxsiyyət olur, daha sonra cəmiyyətə qarışır və cəmiyyətin bir hissəsinə çevrilir. Cəmiyyətə çevrilən bizlər düşünmə, fikirləşmə, davranma, sorğulama qabiliyyətimizi itirməməliyik. Görün bizlər bunları itirərsək cəmləşib cəmiyyəti əmələ gətirdiyimizdə o cəmiyyətin halı necə olar. Fərd olaraq gəldiyimiz bu dünyada fərd olaraq qalmayıb cəmiyyətə çevrildiyimiz üçün düşünmə qabiliyyəti çox mühümdür.  Düşünmə qabiliyyəti olmayan cəmiyyət başqa cəmiyyətlərin düşüncələrinə ehtiyac duyar və başqalarının düşüncələri sayəsində başqalaşar. O zaman bizim milli, mədəni, mənəvi, irsi kimliyimizdən əsər qalmaz. Yetişən nəslin də bu şərtlər daxilində yetişdiyini düşünsək “biz”dən həyatda və cəmiyyətdə bir əsər qalmaz. 

 

Var ola bilmək üçün “biz” olmağı və “biz” qalmağı bacarmalıyıq.

Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şurasının sədri