Sinoplu Diogen (e. ə. 412 - e. ə. 323) – haqqında əfsanələr dolaşan, kinizm fəlsəfi cərəyanının banisi, kinayəli lətifələri ilə tanınan, düşüncələri ilə ictimai quruluşa nifrətini, sadəliyə sevgisini nümayiş etdirən qədim yunan müdriki. Hətta Makedoniyalı İskəndərin ona həsəd apardığı, “Dünyaya bir də gəlsəydim, Diogen olardım” dediyi də söylənilir.
Onun həyatını əks etdirən bu kiçik epizodları tərcümə edib bir yerə toplamaqda məqsədimiz oxucuları onunla yaxından tanış etməyə kiçik bir cəhddir.
Diogen zəngin evində
Bir dəfə Diogen zəngin bir evə dəvət olunubmuş. Ev yiyəsi ona döşəməyə tüpürməyi qadağan etdiyindən o, ev sahibinin üzünə tüpürərək deyib:
– Tüpürməyə bundan pis yer tapmadım.
Diogen və insan anlayışı
Bir gün Diogen bərkdən qışqırır:
– Ey insanlar!
Onun səsinə qaçıb gələnləri Diogen dəyənəklə qovaraq deyir:
– Mən insanları çağırırdım, əclafları yox.
Afinalıların tərifi
Bir dəfə Diogen şəhər meydanında fəlsəfi mühazirə oxuyurmuş. Heç kim ona qulaq asmırmış. Nəhayət, Diogen quş səsi çıxarmağa başlayıb, bir anda ətrafına yüzlərlə adam toplaşıb. Onlara kinayə ilə baxan filosof deyib:
– Ey afinalılar, bax, sizin ağlınızın dəyəri budur. Nə vaxt ki, mən sizə ağıllı şeylər danışırdım, heç kim mənə fikir vermirdi. Elə ki, quş kimi cikkildədim, ağılsız quşlar kimi ağzınızı ayırıb qulaq asdınız.
Diogenin fənəri
Diogen günün günorta çağı əlində yanan fənərlə Afinanın küçələrində dolaşırmış. Ondan nə axtarırsan soruşanlara belə cavab verib:
– İnsan axtarıram.
Bununla o, fəzilətli, vicdanlı və səmimi insanları tapmağın çox çətin olduğunu göstərmək istəyirdi.
Diogen və Makedoniyalı İskəndər
Diogenin heyranı olan Makedoniyalı İskəndər bir dəfə ona yaxınlaşıb deyir:
– Mən Makedoniyalı İskəndərəm, nə diləyin var istə, yerinə yetirim.
Cavabında Diogen deyib:
– Kənara çəkil, mənim günümün qabağını kəsirsən.
Bu epizod filosofun ağlının müstəqilliyini və hakimiyyətə biganəliyini sərgiləyir.
Diogenin çəlləyi
Diogen çəlləkdə (böyük gil amforada və ya pifosda) yaşayır və ən zəruri şeylərlə kifayətlənirdi. Niyə belə həyat seçibsən sualına o, artıq olan hər şeydən yaxa qurtarmaq üçün cavabını verir.
Bu, onun xoşbəxtliyin maddi nemətlərdən asılı olmadığı inamının rəmzidir.
Diogen və tüksüz toyuq
Platonun insana “ikiayaqlı, tüksüz heyvandır” kimi tərif verdiyini eşidən Diogen bir toyuğun tüklərini yolaraq, Akademiyaya gətirib deyibmiş:
– Platonun insanı budur!
Cavabında Platon öz tərifinə düzəliş etməyə məcbur olub, “hamar dırnaqlı” əlavəsini edib.
Diogen bazarda
Bir dəfə Diogen kefi kök halda bazarda gəzirmiş. Ondan sevincinin səbəbi barədə soruşanlara belə cavab verib:
– Gör, nə qədər şey var, xoşbəxt olmağa ehtiyac yoxdur!
Meydanda nahar
Diogenin adamlarla dolu meydanda yemək yeməyi afinalıları heyrətə salıb. Onların məzəmmətinə Diogen belə cavab verib:
– Əgər camaat arasında yemək ayıbdırsa, onda camaat arasında ac olmaq rüsvayçılıqdır.
Diogen və köləlik
Diogeni dəniz quldurları ələ keçirib qul kimi satarkən, ondan nə bacardığını soruşurlar. O, cavab verib:
– İnsanlara əmr verməyi.
Onu korinfli zəngin Kseniad alıb və öz uşaqlarının tərbiyəsini ona tapşırıb.
Heykəldən sədəqə ummaq
Diogen hərdən özünü şəhərin mərkəzindəki heykəllərdən sədəqə istəyən kimi göstərirmiş. Nə üçün belə etdiyini soruşanlara isə belə cavab verirmiş:
– Rədd edilməyə alışmaq üçün məşq edirəm. Özümü insanlar mənə pul verməyəndə kədərlənməməyə öyrəşdirirəm.
Bu, onun tənqid və ya rədd edilərkən sakitliyini qorumaq istəyinin nümayişi idi.
Uşaq və parç
Bir dəfə Diogen parçdan su içirmiş. Baxır ki, bir uşaq suyu bulaqdan ovcuyla içir. Diogenin parçı bir kənara ataraq bu sözləri dediyi söylənilir:
– Bu oğlan mənə hələ nə qədər gərəksiz əşyalarım olduğunu göstərdi.
Zəngin bir ailənin oğlu olan Diogenin bundan sonra kinikliyə başladığını güman edirlər.
Varlı evinin qonağı
Varlı adamın evinə dəvət olunan Diogen bahalı xalçaların üzərində yalın ayaq gəzərək, belə deyib:
– Mən sizin lovğlığınızı tapdalayıram.
Ev yiyəsi də kinayə ilə:
– Bəli, bunu çox böyük təvazökarlıqla edirsən, – cavabını verib.
Filosoflar və varlılar haqqında
Diogendən nəyə görə filosofların varlıların yanına tez-tez getdiklərini, amma varlıların filosofları ziyarət etmədiklərini soruşurlar. O, cavabında deyib:
– Ona görə ki, filosoflar nəyə ehtiyac duyduqlarını bilirlər, varlılar isə nələrinin çatmadığını bilmirlər.
Diogenin boşboğaza cavabı
Çox danışan biri Diogendən fasiləsiz danışmaq bacarığına görə onu tərif etməsini xahiş edib. Diogen deyib:
– Bu heç nəyi sübut etmir. Hətta eşşəklər də bütün günü xırmanda çalışır.
İfrat kinizm
Diogen pis davranışına və qaydalara hörmətsizliyinə görə məzəmmət edilərkən, cavab verib:
– İtlər öz düşmənlərini dişləyirlər, mənsə dostlarımı xilas etmək üçün onları dişləyirəm.
Diogenin ölümü
Təbiətlə harmoniya içərisində, maddi nemətlərdən asılı olmadan, izafi şeylərdən uzaq yaşamağın tərəfdarı, ictimai münasibətlərə etinasızlığın simvolu kimi tanınan Diogen, rəvayətə görə, ya çiy osminoq yeməkdən zəhərlənərək, ya da öz bədəninin məhdudluğuna etiraz əlaməti olaraq, nəfəsini qəsdən tutaraq nəfəs çatışmazlığından ölmüşdür.
Afiq MUXTAROĞLU