Ehtiramla müraciət elədiyim “Eşşəyin itməkliyi” hekayəsindən bir-iki cümlə ilə başlayıram: “...Hər kənddə və hər şəhərdə gün olmaz ki, eşşək itməsin; amma, xeyr, Məmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu”.

 

Orta məktəb illərində unudulmaz Mirzə Cəlil “rüzgarın üzünə gülmədiyi”, iki yetim ümidinin biri itmiş eşşəyi olan Məmmədhəsən əminin qəmli tarixçəsini elə ovsunlu-hüznlü təsvir edir, elə təsirli dillə danışırdı ki, bir müddət cazibəsindən çıxa da bilmirdik.

 

Şəxsən mən, kəndimizdəki zəhmətkeş, arada-sırada qaragün eşşəklərdən artıq – o eşşəklər ki, qoduqları oynayanda arada-sırada qar da yağırdı və biz uşaqlar qara sevinən kimi qoduqlar da sevinirdilər; elə sevinirdilər ki, sanki heç zaman arabaya qoşulmayacaqlar – Mirzə Cəlil qələmindən çıxmış povestdəki eşşək üçün narahat olurdum. Çünki Məmmədhəsən əmi o eşşəyi uzaq ziyarətə pay-piyada gedə bilməyin mümkünsüzlüyü səbəbindən almışdı. Amma eşşəyi Xudayar bəy oğurlamışdı: papağı da, gözləri də, üzü də qara katda Xudayar bəy. “Qalx, öz nuruna tərəf get!” –  əmrini eşidəcəyi Qiyamət günündə nuru olmadığı üçün yerindən qalxa bilməyəcək Xudayar bəy o gözəl adını hələ bu dünyadaykən batırdığı səbəbindən belə zəlil və rəzildir. Adının “yar” hissəsindən utanmırdı utanmasın, amma “Xuda” sözündən necə utanmayasan, necə qorxmayasan?

 

İndi Xudayar bəyin nəslindən olan bəzilərinin “bizdə eşşək yoxdur” inadı adamı çox təəssüflərə aparıb çıxarır. Üstəlik, özü də, sözü də insan olanlara çox zor gəlir. Məgər yüz dəfə Xudayar bəyə təəssübkeşlik eləyəndə tək bircə dəfə də əziyyəti ərşə dayanan eşşəyə sahib çıxmaq olmazmı?

 

...Sonralar Məmmədhəsən əminin eşşəyinin itməkliyi səbəbi ilə bağlı, bu aşkar ədalətsizliklə ilgili Apuleyin dünyalarca məşhur “Qızıl eşşək” romanından tutmuş, at fəsiləsinə aid olan bu yük və minik heyvanının göründüyü xeyli əsər oxudum.

 

Məsələn, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”ndə sahibi tərəfindən tərk edilmiş tərki-məmləkət eşşək. Eynən biz tərəflərdə deyildiyitək: tükü məxmər, incə kəmər, üzü qəmər –  yəni Xudayar bəyin qara üzündən filhəqiqət fərqli – yerişi at, üstündə yat, belinə min, evinə çat. Sahibinin ölmüş bildiyi o eşşəyin öz dostları ilə bərabər quldurları necə qovmaları və sonradan necə xoşbəxt yaşamaları haqqında hekayət dünyada dillər əzbəridir. Bəs deyirdik: eşşək nə bilir zəfəran nədir?

 

Hələ unudulmaz Əziz Nesinin “Ölmüş eşşəyin məktubları” və “Sizin məmləkətdə eşşək yoxdurmu?” hekayəsi!..

 

Əlbəttə ki, yaşamaq da sənətdir – özü də İnsan olmaq sənəti! Amma cismani eşşəkdən fərqli olaraq, mənəvi cəhətdən eşşək olan Xudayar bəy qulağı ilə tanınmırdı ki, eşşəkliyi də dərhal görünəydi!

 

Onsuz da azı beş min ildən artıq işçi heyvan olaraq eşşəklərin tarixi əməyi danılmazdır. Atlara, dəvələrə qədər ilk yükdaşıyanlar olaraq adlarına zamanında dastanlar qoşulub, təriflər deyilib!

 

Hələ Romada, Türkiyədə, Moskvada, Polşada, Krımda – Bağçasaray yaxınlığında – eşşəklərə qoyulan heykəllər!

 

Təbii ki, mən indi sizdən tələb eləmirəm ki, eşşəklərimizə heykəl qoymaq üçün petisiya hazırlayasınız.

 

Xalqlar, adamlar bir-birinin mahnısına, xörəyinə, xalçasına, torpağına iddialarla çıxış edirlər, öz adlarına çıxırlar, amma eşşəkdən savayı! Hətta bəzi məmləkətlərdə sanki heç eşşək də yox imiş!

 

Doğrudur, son vaxtlar bəzi bazarlarda eşşək südündəki qiymət artımı ilə bağlı eşşəklərə diqqət də müsbətə doğru dəyişdi. Üstəlik, eşşək oğurluğu da, eşşək alqı-satqısı da yenidən peyda oldu. Deyilənə görə, indi eşşəkləri Çinə satmaq üçün alırlar. Guya çinlilər eşşək südündən “cavanlıq eliksiri” hazrlayırmış!

 

Hətta dörd oktyabr – Ümumdünya Heyvanları Müdafiə Günündə belə, adı bircə dəfə də çəkilməyən eşşəklər indi-indi siyahıya salınıb. Məgər ev heyvanları da ailənin bir üzvü hesab olunmamalıdırmı? Amma, əlbəttə ki, Xudayar bəyin nəticəsinin gömrük gözlərindən uzaq!

 

Etiraf edirəm: eşşəklərlə bağlı, mənim üçün bir təsirli hekayə də İsa Məsihin çarmıxa çəkilən gün meydana bir cavan eşşək belində gəlməyidir! Cəlladlar heç olmasa, bundan xəcalət çəkəydilər! Həqiqət niyə həmişə acı olur axı?

 

Görünür, gündə o qədər möcüzə metamorfozalar-istihalələr, hal dəyişmələri olurmuş ki! Məsələn, çölü eşşək, içi adam, ya da tam tərsinə: içi eşşək, çölü adam.

 

P.S.

 

Elə ki NASA “Perseverance” adlı kosmik aparatı uğurla Marsa endirdi, bax, onun sabahı gün çodar tanışım zəng eləyib soruşdu ki, ay dost, yoxsa bizim eşşəklərin dövrü bitmək üzrədirmi? Az qala hamı astronomik vahiddən, işıq illərindən danışır.

 

Dolayısı ilə cavab verdim ki, narahat olma, bütün hallarda Məmmədhəsən əminin eşşəyi Don Kixotun o cılız, o arıq, o əldən düşmüş Rosinant adlı atından çox qıvraq olub, çoox...

 

Amma əgər günlərin bir günü eşşəklərə də dünyaya səmadan baxmaq imkanı versələr, bəlkə Məmmədhəsən əminin çatlamış goru da rahatlıq tapar.

İBRAHİMXƏLİL